Əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönələn sosial siyasət ARAŞDIRMA

Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur. Əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artdığı üçün məşğulluq orqanlarının fəaliyyəti də həmin dinamikaya uyğun şəkildə qurulur. Ötən dövrdə bu sahədə mühüm irəliləyişlər əldə olunub, hazırda məşğulluğun təminatında məşğulluq orqanlarının rolu artırılır. Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və digər istiqamətdə ciddi addımlar atılır. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar nəticəsində əmək bazarının inkişafının vacib şərtlərindən olan makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına nail olunub, geniş məşğulluq imkanlarının yaradılması baxımından münbit şərait formalaşdırılıb. Həyata keçirilən işləri rəqəmlərlə ifadə etsək, 2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açıldığını, işsizlik səviyyəsinin 5, yoxsulluğun 49 faizdən 5,4 faizə endirildiyini görərik. Bu illər ərzində əhalinin sayında mühüm artım olmasına baxmayaraq, həyata keçirilən mühüm islahatlar nəticəsində işsizlik səviyyəsində artım qeydə alınmayıb.

İşsizlik necə aradan qaldırılır?

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev söyləyib ki, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun azaldılması, demoqrafik proseslərin müsbət istiqamətdə inkişaf etməsi və regionların harmonik inkişafı cənab Prezidentin daxili siyasətinin əsas istiqamətlərindəndir: “Məşğulluq bütün dünyada yoxsulluq səviyyəsinin aşağı düşməsinin ən vacib faktorlarından biridir. Son 16 il ərzində məşğulluq sahəsində kifayət qədər işlər görülüb. Prezident İlham Əliyevin 2003-cü ildən qarşıya qoyduğu siyasətin əsas mahiyyəti Azərbaycanda insanların maddi rifahı yüksəlməsi, yoxsulluğun aşağı düşməsi,hər kəs işlə təmin olunmasından ibarətdir. 2003-cü ildən bu vaxta qədər ölkə ərazisində 2 milyondan çox yeni iş yeri açılıb. Onların da əksəriyyəti daimi iş yerləridir. Fikrimcə, bu, çox böyük bir nailiyyətdir. Bu illər ərzində məşğulluqla bağlı görülən işlərin nəticəsi olaraq əhalinin işsizlik səviyyəsi 50 faizdən 5 faizə (təxmini 10 dəfə) enib. Bu da dünyada əhalinin məşğulluğunun təmin olunması üzrə ən yüksək göstəricilərdən biri sayılır”.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2019–2030-cu illəri əhatə edən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda insanların işlə təmin olunması istiqamətində yer alan məqamlara toxunan deputat söyləyib ki, sözügedən strategiyada planlı şəkildə, əvvəlcədən hər şey proqnozlaşdırılaraq, regionların işçi qüvvəsi, imkanları, əhalinin məşğulluq səviyyəsi, iş yerinin xüsusiyyətlərinə uyğun peşələrin olması və digər məsələlər öz əksini tapıb: “Strategiya 2030-cu ilə qədər Azərbaycanda yoxsulluğun tamamilə aradan qaldırılmasını şərtləndirir Əhalinin məşğulluğunun təmin olunması ilə bağlı qanunun müddəlarında da qeyd olunub ki, məşğulluqla bağlı dövlət proqramları olmalı və müxtəlif sahələrdə insanların məşğulluğunun regionlar üzrə təmin olunması həyata keçirilməlidir”.

İşsiz və işaxtaran şəxslərin məşğulluq xidmətlərinə çıxışı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirib ki, ölkəmizdə sosial sahədə aparılan məqsədyönlü islahatlar nəticəsində yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiqi, məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edən “Məşğulluq” altsisteminin (MAS) yaradılması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, onların sürətli, rahat və şəffaf şəkildə məşğulluq xidmətlərinə çıxışı üçün geniş imkanlar yaradıb.

Onun sözlərinə görə, 1 sentyabr 2019-cu il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsiz şəxs kimi qeydiyyata alınanların sayı 70,9 min nəfər olub: “2018-ci ilin analoji dövründə isə bu göstərici 35,4 min nəfər təşkil edib. Onu da xüsusi vurğulayaq ki, məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 70,9 min nəfər işsiz şəxs Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan rəsmi 253 min nəfər işsizin tərkib hissəsidir. Artımın səbəbi işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin daha operativ və keyfiyyətli şəkildə təmin edilməsinə yönəlmiş dövlət siyasətinə uyğun olaraq, yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə işsiz statusunun verilməsi prosesinin sadələşdirilməsi və müddətinin azaldılması, habelə elektronlaşdırılması ilə bağlıdır”.

Mətbuat katibi söyləyib ki, yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanuna əsasən MAS-da işaxtaran kimi qeydiyyata alınmış şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzləri tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur: “Qeyd olunan prosedur dövlət məşğulluq tədbirlərinin operativ və sistemli şəkildə həyata keçirilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin bilavasitə gücləndirilməsini təmin edir”.

Bu il işlə təmin olunanların SAYI

F. Talıblı həmçinin bildib ki, 2019-cu ilin 8 ayı ərzində dövlət məşğulluq xidməti orqanları tərəfindən işlə təmin olunanların sayı 60 min 475 nəfər təşkil edib, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6% çoxdur: “DOST İŞ” Mərkəzi tərəfindən 38 min, dövlətə məxsus hüquqi şəxslər tərəfindən 26 min ictimai iş yerləri yaradılıb. 2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi məqsədi ilə digər aktiv məşğulluq tədbirləri də davam etdirilir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və bu il ərzində 10 000 nəfərə çatdırılması planlaşdırılır. Bununla yanaşı cari ilin ötən dövründə işsiz və işaxtaranlar şəxslər üçün respublikasının 22 rayon və şəhərlərində əmək yarmarkası təşkil edilib, vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə