Uşaqların sağlamlığı daim dövlətimizin diqqətindədir

Bu günün yeniyetməsi və körpəsi sabahın qurucusu və yaradıcısıdır. Hər bir ölkənin gələcək inkişafı, məhz onlardan asılıdır. Odur ki, onların sağlam mühitdə böyümələri, tərbiyə alması üçün dövlətimiz tərəfindən tədbirlər görülür. Bu qayğı sağlam düşüncəli, sağlam ruhlu, sağlam vücudlu insanların yetişmələri ilə yanaşı, onların vətənə bağlı, vətən sevgili vətəndaş kimi böyümələrinə xidmət edir. Təbii ki, yetişən nəslin xalqa bağlı tərzdə böyüməsi və formalaşması hər bir dövlət üçün prioritet məsələdir. Uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından, dövlət səviyyəsində bütün addımlar atılır. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləmək və bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən etmək məqsədilə, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Prezidentinin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət-uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" xüsusi əhəmiyyət kəsb edir. Proqramın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilmələrini təmin etmək və onların həmin müəssisələrə verilmələrinə şərait yaradan amilləri tənzimləməkdir.

İstedadlı uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2006-cı ilin aprelində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" təsdiq olunub. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən isə "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)" təsdiqlənib.

ANA VƏ UŞAQLARIN SAĞLAMLIĞINA GÖSTƏRİLƏN TİBBİ XİDMƏTİN KEYFİYYƏT VƏ SƏMƏRƏLİLİYİ YÜKSƏLİB

Cəmiyyətimizin zərif və kövrək nümayəndələri olan uşaqların sağlamlığı üçün də bu gün ölkəmizdə hər cür şərait yaradılıb. Uşaqların qidalanmasının müdafiəsi sahəsində, dövlət siyasətinin əsas istiqamətləri kimi, uşaqların qidalanması ilə bağlı məqsədli dövlət proqramları hazırlanaraq, həyata keçirilib. 2006-2010-cu illəri əhatə edən "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" çərçivəsində əhəmiyyətli islahatlar aparılıb. 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Sərəncam da gənc nəslin sağlamlığının yüksək səviyyədə qorunmasına xidmət edir. Proqram çərçivəsində respublikamızda ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin, kadr hazırlığının gücləndirilməsi, regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatlarının davam etdirilməsi, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqlara, o cümlədən, yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyi yaxşılaşdırılıb. Zəruri vəzifələrin həyata keçirilməsi davam etdirilir.

Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 10 dekabr Sərəncamı ilə təsdiq olunmuş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın da əhəmiyyətli rolu var. Bu Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, habelə, sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasında əhəmiyyətli rol oynayıb.

Görülən işlərin davamı olaraq, bu günlərdə, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanununun tətbiqi haqqında Azərbaycan Prezidenti Fərman imzalayıb. Qanuna əsasən, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, habelə, Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.

Uşaqların sağlam həyat tərzinin təmin edilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində də ciddi addımlar atılır. Sevindirici haldır ki, ölkəmizdə son illər görülən genişmiqyası işlər sırasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Bu və ya digər tədbirlər bu sahəyə dövlət qayğısının təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə