76 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq

Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya xətləri yuyulur və bərpa olunur, köhnə yağış barmaqlıqları yenisi ilə əvəzlənir.

Onun sözlərinə görə, bununla bağlı artıq Heydər Əliyev prospektində 60 metr, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində isə 325 metr əlavə yağış-kanalizasiya xətti çəkilib və yağış barmaqlıqları quraşdırılıb. Paytaxtın bir neçə istiqamətində 40-a yaxın nöqtədə kiçikhəcmli yağış barmaqlıqları yeni və böyük barmaqlıqlarla əvəz edilib, kanalizasiya quyuları təmizlənib:

"Bundan başqa, paytaxtın Yasamal, Nərimanov, Nizami, Binəqədi və Qaradağ rayonları ərazisindəki küçə və prospektlərdə 76 nöqtədə yeni yağış və kanalizasiya xətləri çəkilərək yağış barmaqlıqları quraşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə