Hər bir azərbaycanlı öz ana dilini bilməlidir ŞƏRH

"Azərbaycan dilini yaşatmaq üçün bizim yalnız bir coğrafi ərazimiz var, o da Azərbaycan ərazisidir"

Bu gün qorunub-saxlanılan, varlığımızı sübut edən atributlarlardan biri olan ana dilimiz milli sərvətimiz kimi qorunur, daha da təkmilləşdirilir. Bu günə kimi, çox ziddiyyətli yollar keçən Azərbaycan dilinin tarixinə nəzər saldıqda, onun müxtəlif inkişaf mərhələlərində olduğunun şahidi oluruq. Bu mərhələlər sırasında 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Dili qorumaq, xalqı qorumaqdır. Bir dövləti məhv etmək üçün onun dilinin əlindən alınması məlum bir amildir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində ana dili ətrafında apardığı islahatlar öz nəticəsini vermişdir. Ümummilli Lider ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir" - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşmadığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu dilimizə qarşı olan tələbkarlıq idi.

Bu gün dil siyasəti dövlətin diqqətində duran məsələlərdəndir. Ulu Öndərin müdrik siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilini inkişafına töhfələrini verir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.

DİLİN SAFLIĞI, SƏLİSTLİYİ UĞRUNDA MÜBARİZƏYƏ QOŞULAN ZƏRDABİ ƏNƏNƏSİ MİLLİ MƏTBUATDA QORUNMALIDIR

Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əməl etməyə vətədaş olaraq borcludur. Bu gün 140 ildən artıq tarixi olan Azərbaycan milli mətbuatında dil məsələsi aktual olan mövzulardandır. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafisəsi, danışıq dilində sözlərin tələffüzü və digər məsələlər vacib hesab olunur. Dilin təmizliyi uğrunda mübarizə aparan və milli dilin inkişafına ömürlərini həsr edən simaların və şəxsiyyətlərin qarşısında məsuliyyətliyik. Milli mətbuatda jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyinin ifadəçisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Jurnalist peşəkarlığının əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri gələndə nitqdə hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görünməsi - bütün bunlar jurnalist üçün vacib hesab edilən amillərdir.

Bu günlərdə paytaxtımızda "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda keçirilən konfransda müasir media məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri ətrafında fikirlər ifadə olunub. Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli dövlətçiliyin yaranması və inkişafında dilin mühüm tarixi rol oynadığını diqqətə çatıraraq, Azərbaycan dilinin özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçdiyini bildirib. Əli Həsənov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dil məsələsinə toxunaraq, Ulu Öndərin prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edildiyini diqqətə çatdırıb: "Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub".

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsinin də Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən Əli Həsənov qeyd edib ki, 1995-ci ildə qəbul edilən konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə, müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək, onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Ümummilli Lider Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl surətdə davam etdirdiyini vurğulayan Əli Həsənov diqqətə çatdırıb ki, dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib.

"TELEVİZİYA VƏ RADİO HƏR EVƏ, HƏR AİLƏYƏ DAXİL OLARAQ, İNSANLARIN GÜNDƏLİK HƏYATININ ADİ NORMASINA ÇEVRİLİB"

Əli Həsənov müasir dövrdə dilə dövlət tərəfindən göstərilən diqqət və qayğını diqqətə çəkərək, Prezident İlham Əliyevin 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncam imzaladığını bildirib. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə, KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir və yerli-yersiz yad sözlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər Sərəncamda xüsusi qeyd olunur. Əli Həsənov hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanların bu gün də aradan tam qaldırılmadığını bildirib: "Ona görə də, Cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü konfransın keçirilməsi barədə tapşırıq verib".

Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radionun digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayandığını qeyd edən Prezidentin köməkçisi qeyd edib ki, televiziya və radio hər evə, hər ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub-saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Bu imkanlardan səmərəli istifadə edərək, müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirin görülməsi vacib məsələrdən biri kimi qarşıya qoyulub.

Konfransda KİV-lərdə ədəbi dilin normalarının pozulmasının qarşısını almaq üçün bu sahəyə sistemli və kompleks yanaşmanın vacibliyi diqqətə çəkilib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar Azərbaycan dilinin vergülündən tutmuş üslubuna qədər pozulması hallarınını yavaş-yavaş meyil halı aldığını bildirib: "Əlbəttə, Azərbaycan dili zəif dil deyil ki, hansısa normaların pozulması dilin məhvinə gətirib çıxarsın. Amma bütövlükdə, dilin saflığının qorunması, onun inkişafının təmin olunması və bu sahəyə dövlətin ayırdığı diqqət qarşımıza qoyduğumuz məqsədə çatmağın əsas yollarından biridir. Biz bunu mütləq şəkildə həyata keçirməliyik".

Əli Həsənov Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişafı prosesində KİV ilə yanaşı, cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq bildirib: "Hamı anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bizim yalnız bir coğrafi ərazimiz var, o da Azərbaycan ərazisidir. Azərbaycan dilinin yaşayacağı bir hüquqi təsisat var, o da Azərbaycan dövlətidir. Azərbaycan dilini yaşadanlar Azərbaycan vətəndaşlarıdır və xarici ölkələrdə yaşayan soydaşlarımızdır. Azərbaycan dilinin gözəlliklərini, zənginliklərini qoruya, o dildə əsərləri yarada biləcək bir xalq var, o da biz azərbaycanlılarıq. Hər kəs buna məsuliyyətlə yanaşmalıdır".

Təbii ki, müasir dövrümüz üçün aktual mövzuya həsr edilən bu konfransın KİV-də dövlət dilinin tətbiqi işinin inkişafına mühüm töhfə verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə