Milli Mətbuat: tarix və bu gün - ANALİZ (Layihə)

Dünya jurnalistikası və informasiya sektoru hazırda yüksəliş dövrü keçirir və bu proses Azərbaycana da sirayət edir. Azərbaycan dünya ölkələri arasında mətbuatın yaranma tarixi və inkişafına görə ön yerlərdən birini tutur. Ona görə də istərdim ki, öncə Azərbaycan mətbuat tarixinə qısa bir səyahət edək.

 

"Əkinçi"nin səpdiyi toxumlar

 

Milli mətbuatımızın tarixi 1875-ci ildən, Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başladı. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir vaxtda baş verdi. Anadilli mətbuatımızın əsasını qoyan böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin yaratdığı qəzet o dövr üçün böyük hadisə idi. "Əkinçi"yə qədər də bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər olmuşdu. Yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq mümkündür.

M.Ə.Rəsulzadə 1952-ci ildə "Azərbaycan" jurnalında yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi. Digər tərəfdən, "Əkinçi" Əskərağa Gorani, Nəcəfbəy Vəzirov, Şirvani və Sabir kimi nəhəngləri öz ətrafında toplaya bildi ki, bu da milli mətbuatın səviyyəsinin artmasına səbəb oldu. Sivil cəmiyyəti, milli mədəniyyəti artıq mətbuatsız təsəvvür etməyin mümkün olmadığı bir dövr başlamışdı. Təsadüfi deyil ki, Zərdabi özü "Kəşkül" qəzeti ilə "Şərqi-Rus" arasında keçən 13 ili- mətbuatsız keçən dövrü Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırmışdı. Azərbaycanın maarifçi-demokrat jurnalistləri, xüsusilə, milli problemlərin mətbuatda qoyulması zamanı ciddi təzyiqlərlə üzləşsələr də, onlar geri çəkilməyiblər. İlk dövrlər azərbaycançılıq və maarifçilik ideyalarının ifadəsi mühüm mərhələ təşkil edirdi. M.Şahtaxtlının "Şərqi-Rus"u, Ə.Hüseynzadə, Ə.Ağaoğlunun "Həyat" qəzeti məhz azərbaycançılıq ideyalarının genişlənməsi, təbliği, aydınlaşdırılması məqsədilə yaradılmışdı. Lakin bu mətbuat orqanları xalq tribunasına çevrilə bilmədilər. Bu missiyanı öz üzərinə "Molla Nəsrəddin" jurnalı götürdü.

 

"Molla Nəsrədddin"in xalq tribunası

 

Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən "Molla Nəsrəddin" jurnalıdır. Öz sələfləri kimi "Molla Nəsrəddin"in redaktoru da ədəbi və publisist yaradıcılığı "əsrin aynası", demokratiya uğrunda mübarizədə kəskin silah, kütlələr arasında təbliğatın qüdrətli vasitəsi hesab edir, jurnalını məhz belə bir silaha çevirmək üçün var qüvvəsini əsirgəmirdi. Mirzə Cəlilin əsas qayəsi azərbaycanlını öz xalqına, millətinə, keçmişinə, ənənələrinə sədaqətli tərbiyə etmək, milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. "Molla Nəsrəddin" bu amallar uğrunda mübarizə fonunda yaranmışdı...

Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi.

...İrəvan qubernatoru 14 il ki bu mənsəbdədir, hər il 10 müsəlman qulluqdan kənar edir.

- Bu müddətdə qubernator neçə müsəlman çıxardıb?

...Müsəlman uşağı 4 il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır.

- Bu hesabla həmin cavan 14 il oxuyandan sonra nə dildə danışacaq?"

Bəzilərinin "bari pərvərdigara, sən məni şeytandan saxla" deyib, bütün nöqsanların, eybəcərliklərin səbəbini şeytanda axtarması "Şeytandan məktub" felyetonunda çox maraqlı şəkildə ifşa edilir. Şeytanın dili ilə verilən bu məktubda şeytan müsəlmanların öz bəd əməllərini onun adına yazmalarından şikayət edir: "Guya ki, mən demişəm onlara adam öldürünüz! Yaxşı iş tutmuyunuz! Məktəb açmıyınız! İttifaq etməyiniz. Və mənə lənət edirlər".

Şeytan yazır: "Mən on ildir ki, müsəlman vilayətlərindən çıxmışam, çünki sizdə müsəlmanların öz aralarında çox şeytan var. O işlər ki, mən gərək onlara dəlalət edəm, o işi onlar özləri edirlər. Hər cürə pis işlər ki, müsəlmanlar tuturlar, qiyamət günündə Tanrı divanında cavabdeh özləridir, hərgah desələr, pərvərdigara, bizi şeytan aldatdı, onda mən də ərz edəcəyəm ki, ey adil Tanrı, vallah yalan deyirlər, heç bunların pis işindən xəbərim yoxdur, vallah xəbərim yoxdur, billah xəbərim yoxdur"...

"Molla Nəsrəddin" jurnalı öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Xalqı cəhalətdən xilas edən, elm və bilik öyrənməyə çağıran bu jurnal milli inkişafa böyük töhfələr verdi.

 

Mətbuatın böhran sindromu

 

Azərbaycan mətbuatı sovet dövründə böyük bir yol keçdi. Bu dövr siyasi rejimin nəzarəti, senzurası altında keçsə də, mətbuatımız cəmiyyətə layiqli dəyərlər aşılaya bildi. Müstəqilliyimizin bərpasından sonra isə, ölkədə mətbuatın yeni inkişaf dövrü başladı. Sovet qəlibindən azad olmuş mətbuat demokratik dəyərlərə, cəmiyyətə daha yaxşı xidmət etmək imkanı qazandı.

135 illik milli mətbutımızın uğurlarını qısaca yazdıq. Lakin bu günkü problemlərini də yazmaq zorundayıq. Bu gün 135 yaşlı Azərbaycan mətbuatı böhran keçirir. Print media cəmiyyətdə və informasiya bazarında öz mövqelərini getdikcə daha çox itirir. Reklam bazarının da yoxluğunu buraya əlavə etsək maddi müstəqilliyin nə üçün mümkün olmadığını anlamaq olar. Artıq print media rentabelli fəaliyyət imkanlarından mərhum və sponsora möhtac duruma gətirilib.

Son vaxtlar qəzet oxuma meylinin xeyli azalması faktdır. Buna müxtəlif faktorlar təsir göstərir: elektron medianın, internet saytlarının artması, mütamadi olaraq qəzet almaq üçün çox adamın maddi imkanının çatmaması, ölkəmizdə çıxan saysız qəzetlərin mövzu monotonluğundan oxucuların bezməsi, jurnalistikanın cəmiyyətə yox, müxtəlif qərəzli məqsədlərə xidmət etməsi və s.

Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyət artıq bu tendensiyanı həzm edə bilmir. Bu özünü tirajlarda biruzə verir. Deməli insanlarda əsl mətbuata ehtiyac var- sözün əsl mənasında müstəqil, qərəzsiz, obyektiv və həyatın bütün sahələrini, reallıqlarını özündə əks etdirən mətbuata. Oxucu qəzetdə özünü, yaşadığı problemləri, mövcud reallıqları, gizlənmiş həqiqətləri axtarır. Amma təəssüf ki, bunu hələlik tapa bilmir. Bütün bunların nəticəsində bu gün jurnalistlər əhalinin ən az təminatlı, ən imkansız təbəqəsinə çevrilib.

Jurnalistika və mətbuat adına ləkə gətirən hallara qarşı bütün cəmiyyət, o cümlədən jurnalistlər özləri mübarizə aparmalıdır. Azərbaycanda 4000-dən artıq mətbu orqanın qeydiyyatdan keçməsini əsas gətirib azad mətbuata və azad sözə ilkin şəraitin yarandığını söyləmək olar. Amma bu, milli mətbuatın əsas problemlərinin həllində heç də ən vacib faktor deyil.

Mətbuat Şurası və digər jurnalist təşkilatlarının fəaliyyətinin zəifliyi, ölkə mətbuatının inişafı haqda demokratik tənzimlənmə mexanizminin olmaması və s. amillər hamımızı mətbuatın gələcəyi haqda ciddi düşünməyə vadar edir. Mütərəqqi dünya ölkələrində hökümətlər və cəmiyyətlər bir həqiqəti qəbul edib- azad mətbuatsız vətəndaş cəmiyyəti mövcud ola bilməz. Bizdə də belə düşüncənin formalaşmasına bərk ehtiyac duyulur.

 

Milli mətbuatın tipoloji təsnifatı

 

Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilə qoyulan və XIX əsri cəmi bir neçə qəzet-jurnalla başa vuran milli mətbuatımız bu gün 4000-dən artıq mətbu orqanın timsalında yaşamaqdadır. Say və tiraj müqayisəolunmazdır. Bəs peşəkarlıq, keyfiyyət və oxucu qiyməti necə? Gəlin bu suala birlikdə cavab axtaraq. Fikrimcə, bu gün ölkəmizdə fəaliyyət göstərən mətbuat vasitələrini 5 qismə bölmək olar:

1. Bu qrupa hələ də köhnə stereotiplərdən azad ola bilməyən, şablon sovet "jurnalistikası"nın artıq köhnəlmiş metodlarından istifadə edərək, şit mədhiyyələrlə və reketçiliklə məşğul olan qəzetlərdir. Adları bir oxucuya belə məlum olmayan, ildə 1 və ya 2 dəfə bir neçə yüz tirajla çap olunan, 4-8 səhifədən ibarət bu "qəzet"lərin ön səhifəsində mütləq Heydər Əliyevin və ya İlham Əliyevin iri planda şəkli və onun fəaliyyəti haqda çox zəif yazılmış baş məqalə, o cümlədən bir neçə müxtəlif imkanlı təşkilatlar və ya vəzifəli şəxslər haqda yazılmış mədhiyyələr yer alır. Qəzetin 5 nəfər tərəfindən belə oxunmadığını çox gözəl bilsələr də, bu onlara qapı-qapı düşüb pul dilənməyə mane olmur.

2. İkinci tipə aid planlar müxtəlif siyasi, iqtisadi, dini və s. məqsədlərə xidmət edən, hər şeyə öz prizmasından baxan, cəmiyyətdə özlərinə sərf edən ictimai rəy formalaşdırmaq üzrə ixtisaslaşan "peşəkar" qəzetlərdir. Müxtəlif qurumlar, vəzifəli adamlar tərəfindən maliyyəşdirilən, onların mənafelərinə xidmət edən bu qəzetlərdə adətən peşəkar jurnalistlər işə cəlb olunur. Bu qəzetlər cəmiyyətdə ucuz sensasiya yaratmağa, maliyyələşdikləri orqanların və şəxslərin reytinqini qaldırmaq, onların rəqiblərini isə qara piar kampaniyası vasitəsilə ləkələmək kimi metodlardan istifadə edirlər. Özlərini müstəqil adlandıran belə qəzetlər ağa qara deməkdən, həqiqəti təhrif etməkdən, yalana doğru donu geyindirməkdən çəkinmirlər. Onların tirajı digər tipə aid qəzetlərdən çox olsa da, 9 milyonluq ölkə üçün çox kiçikdir. Analoji göstəricilərə malik ölkələrin heç birində bəlkə də ən nüfuzlu mətbu orqanların 5-10 min tirajla çap olunması halı yoxdur.

3-cü tipə aid olanlar rəsmi dövlət mətbuat vasitələridir. Bu qəzetlərin səhifələrində əsasən, rəsmi siyasi və iqtisadi xəbərlər və bir neçə mədəniyyət və ya idman xəbəri yayımlanır ki, bu da oxucunun informasiya aclığını aradan qaldırmaqda acizdir.

4-cü tipə aid qəzetlər barədə isə heç danışmağa belə dəyməz. Sadəcə onu deməyi lazım bilirəm ki, onları bütün dünyada "bulvar mətbuatı" adlandırırlar. Bu qəzetlər konkret auditoriyaya ünlanlanır və onları ciddi qəbul etmək mümkün deyil.

5-ci tip qəzetlərin sayı barmaqla sayılacaq qədər azdır. Bunlar yalnız oxucunun maraqlarına xidmət edən, mümkün qədər obeyktiv olmağa çalışan, əsl peşəkarların toplaşdığı neytral mətbu orqanlardır. Bu qəzetlər də hazırkı durumda öz mövqelərini, oxucu auditoriyasını qorumaqda çətinlik çəkir, çoxsaylı problemlərlə qarşılaşırlar. Amma cəmiyyətin məhz belə qəzetlərə ehtiyacı var.

Ümumilikdə, ölkə mətbuatının durumunu analiz etdikdə ortaya heç də xoş olmayan mənzərə çıxır.

 

Şərəfli peşə və müqəddəs ideallar

 

Jurnalistika həm şərəfli, həm də məsuliyyətli peşədir. Böyük şəxsiyyətlər müəllimləri və jurnalsitləri ən müqəddəs peşə sahibləri hesab ediblər. Müəllimlər insanlara təlim-tərbiyə verir, jurnalsitlər isə maarifləndirir və məlumatlandırır. Amma bu peşə şərəfli olduğu qədər də çətin peşədir. Təsadüfi deyil ki, aparılan tədqiqatlara görə, dünyada minlərlə peşə arasında jurnalistika 3-cü təhlükəli peşə hesab olunur. Ən az yaşayan peşə sahibləri də jurnalistlərdir.

 Bəli, jurnalistika qorxmazların, mübarizlərin, xalqa, dövlətə, vətənə xidmət yolunda hər cür fədakarlığa hazır olanların peşədir. Təhlükələr, təqiblər, repressiyalar, sürgünlər, fiziki və mənəvi təzyiqlər... Bunlar tarixən jurnalistlər tərəfindən könüllü olaraq seçilmiş həyat tərzi olub.

Bü gün Azərbaycan jurnalistlərinin çoxu çətin şəraitdə işləyir və yaşayır. Lakin əsl jurnalistlər bu çətinliklərə dözərək öz işlərini vicdanla yerinə yetirirlər. Cəmiyyətin aparıcı qüvvələrindən biri olan mətbuatın rolunu cəmiyyətdə düzgün qiymətləndirməyi bacaranlar az deyil. Məhz belə insanlar milli mətbuatın inkişafı üçün çalışırlar.

Azərbaycan mətbuatının şərəfli tarixi var. Bu günkü mətbuatımız da bu şərəfli tarixi davam etdirməli, "Əkinçi" və "Molla Nəsrəddin" məktəblərinin davamçısı olmaq, tarixi ənənəmizin bütün dünyada təbliğini həyata keçirmək iddiasını ortaya qoymalıdır.

Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...