“Ağdam. 5 fraqment” filminin təqdimatı keçirilib FOTOLAR

Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Belçikanın "Qafqazın Qovuşma Nöqtəsi" təşkilatının lentə aldığı "Ağdam. 5 fraqment" adlı filmin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ekran əsərinin yaradıcı heyəti, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri və QHT rəhbərləri iştirak edib.

Çıxış edən QHT Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov "Qafqazın Qovuşma Nöqtəsi" Təşkilatının sülhü, xalqlararası dostluğu təbliğ etdiyini vurğulayıb: "Belçikanın "Qafqazın Qovuşma Nöqtəsi" Təşkilatı layihəni bizə təqdim edəndə tərəddüdsüz qəbul etdik. Çünki film Azərbaycan həqiqətlərinin dünyada tanıdılması baxımından, böyük əhəmiyyətə malikdir. Layihəni reallaşdırmaq belçikalı rejissor, həmçinin, "Qafqazın Qovuşma Nöqtəsi" Təşkilatının sədri Mişel İvora həvalə olundu. Filmdə Ağdamın tarixi, təbiəti, mədəniyyəti, işğaldan öncəki və sonrakı dövrləri təsvir olunub. Ağdamdan məcburi köçkün düşmüş sakinlərin dilindən söylənilən həqiqətlər ekran əsərinin təsir gücünü artırıb. Xüsusilə qeyd edim ki, "Ağdam. 5 fraqment" Ermənistanın işğalçı siyasətini faktlarla sübut edən mənbədir".

Filmin həmçinin, 11 fevralda Brüsseldə təqdimat mərasimi keçirilib və ekran işi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib".

Daha sonra "Ağdam. 5 fraqment" filmi nümayiş olunub.

Nümayişdən sonra çıxış edən filmin rejissoru Mişel İvor bildirib ki, Ağdam haqqında ilk dəfə Cənubi Qafqaza səfəri zamanı məlumat əldə edib: "Ağdam haqqında kadrları izlədikdən sonra şəhərin tanınmaz hala düşdüyünü gördüm. Bu, mənə çox təsir etdi. Qərara gəldim ki, viran qalmış yurddan didərgin düşən 5 ailənin fikirlərini toplayaraq, filmi ərsəyə gətirim. Ekran əsərinin adındakı 5 fraqment də bunu ifadə edir".

Filmin çəkiliş prosesində təşkilati dəstək olan millət vəkili Bəxtiyar Əliyevin sözlərinə görə, Azərbaycan xalqının başına gələn bu faciə XX əsrin sonu-XXI əsrin əvvəli bəşəriyyət tarixində yaşanan ən amansız cinayətdir: "Bu faciənin nəticəsində, 15000 sakini olan bir şəhər darmadağın edildi. İnsanları nəinki öz yurdlarından, hətta bir-birindən də didərgin düşdü. Filmi seyr etdikcə insanların gözlərindəki yurd həsrəti mənə çox təsir etdi. Ümid edirəm ki, bu həsrət bitəcək və həmin insanlar öz torpaqlarına geri dönəcək".

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, bu film 5 ailənin timsalında, 1 milyondan çox məcburi köçkünün taleyindən bəhs edir: "Erməni terrorçuları təkcə insanları qətlə yetirməklə kifayətlənməyib, evlərdən, hər daşdan qisas alıblar. İŞİD birləşmələri Suriyaya hücumalrı zamanı Palmiranı işğal etsə də, bir hissəsini dağıtmadı. Lakin ermənilər Ağdamı yerlə-yeksan etdi. Bu amansızlığın qarşılığında dünya birliyi hələ də susur. Belə ki, BMT-nin qəbul olunmuş 4 qətnaməsinə nəinki əməl olunmur, hətta xarici ölkələrdən, Suriyadan ermənilər bu torpaqlara köçürülür. Lakin cəbhə xəttində baş verən son hadisələr sübut etdi ki, ədalətin bərqərar olması üçün biz hər vasitəyə əl atmağa hazırıq".

Sonda Azay Quliyev filmin rejissoru Mişel İvoru fəxri fərmanla təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə