Ötən il 12 886 boşanma halı qeydə alınıb STATİSTİKA

"Respublika üzrə qeydiyyat orqanlarında 2014-cü ildə 85 747 nikah, 12 290 boşanma, keçən il isə 68 985 nikah, 12 886 boşanma qeydə alınıb". SİA-nın xəbərinə görə, bunu Nərimanov rayonunun Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova Milli Məclisdə "Ailə institununun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, boşananların sayının statistikası rəsmi nikaha girməyin vacibliyini bir daha aşkara çıxarır: "Aydındır ki, dini nikahla ailə quranlar ayrılarkən hüquqi müstəvidə ciddi porblemlərlə üzləşirlər. Xüsusilə də mülkiyyət münasibətlərinin aydınlaşdırılması zamanı ciddi anlaşılmazlıqlar. mübahisələr, məhkəmə çəkişmələri meydana çıxır. Ailə münasibətlərinin rəsmi nikah əsasında qurulması həm də evlilikdən əvvəl gənclər arasında gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məqamların dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir.

Bu baxımdan rəsmi nikaha girməklə yanaşı, nikah müqaviləsinin imzalanmasının əhəmiyyətini də xüsusi qeyd etmək lazım gəlir. Azərbaycanda bəzən belə fikirlər səsləndirilir ki, nikahın rəsmiləşdirilməsi, eləcə də nikah müqaviləsinin imzalanması guya ülvi, saf duyğuların maddiləşdirilməsi, gələcəyin ailəsində inamsızlıq və şübhə simptomlarının baş qaldırması deməkdir. Əslində isə bu məsələyə hüquqi və sosial reallıqlar prizmasından yanaşmaq düzgündür"

Şöbə rəisi qeyd edib ki. ölkədə bəzi hallarda gəlinin mənzilə, evə qeydiyyata düşməməsi yaşayış və mülkiyyət hüququ əldə edə bilməməsi üçün bəzən onun öz həyat yoldaşı ilə rəsmi nikaha girməsinə belə problemlər yaradılır: "Nikah müqaviləsi imzalamağı milli mentalitetə sığışdırmayanlar bəzən boşanma zamanı aylarla məhkəmələrdə çəkişirlər. Ailə quranlar arasından rəsmi nikahın olmamasının əsas səbəblərdən biri məhz erkən nikahlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...