Böyük qələbənin davamı olacaq

İllərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini gözləyirdik. Bu illər ərzində münaqişənin həllinə dair Minsk qrupunun, xarici işlər nazirlərinin, beynəlxalq təşkilatların keçirdiyi çoxsaylı görüşlər, danışıqlar əfsuslar olsun ki, heç bir müsbət nəticə vermədi. Məhz buna görə də Ermənistan bugünkü gündə heç nədən çəkinmədən Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirir. Ancaq bunlara baxmayaraq, Ermənistanın işğalçı siması artıq dünya ictimaiyyətinə məlumdur. Bu isə Azərbaycanın uğuru deməkdir.

Ordumuzun hansı gücə malik olması, nəinki Ermənistana eləcə də dünyanın bir çox dövlətlərinə məlumdur. Azərbaycan ordusunun gücünə bələd olan dövlətlər bilirlər ki, Ermənistan dövlətini yer üzərindən silmək Azərbaycan üçün çox asandır, sözsüz ki, üçüncü bir dövlətin müdaxiləsi olmasa. Ancaq cənab prezidentimiz İlham Əliyev bu münaqişənin sülh yolu ilə həllini istəyirdi, şəhid vermək istəmirdi. Ona görə də illərdir torpağının düşmən tapdağı altında qalmasına razı olurdu. Azərbaycanın sürətli inkişafı, təhlükəsizliyi və sabitliyi görünür ki, Ermənistanı çox qıcıqlandırırmış. Məhz buna görə də Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətdi. Təmas xəttindəki mövqelərimizi, eləcə də orada yerləşən yaşayış məntəqələrini atəşə tutdular. Bu silahlı təxribat nəticəsində, hərbçilərimiz və mülki şəxslər həlak oldular. Xalqımız bu itkidən sarsılsa da, yenə də öz gücünü itirmədi. Erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi.

Düşmən böyük itkilər verdi. Bundan sonra düşmənin bütün təxribatlarına Azərbaycan Ordusu layiqli cavab verəcək. Biz bu gün böyük hərbi qələbəni, Ali Baş Komandan cənab İlham Əliyevin qurduğu Azərbaycan ordusu və o orduda vətənin daim keşiyini çəkən, qəhrəman döyüşçülərimiz sayəsində əldə etdik. Artıq torpaqlarımızın bir hissəsini Erməni işğalçılarından azad etmişik. Çox keçməz ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunacaq. O zaman Azərbaycan Ordusunun nələrə qadir olduğu bütün dünya dövlətlərinə bəyan olacaq.

Torpaqlarımız uğrunda şəhid olanlara allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun.

Lamiyə İsazadə. Şair-Yazıçı-Publisist

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...