"Azərenerji" ASC-də aparılan audit yoxlamalarının nəticələri açıqlandı

Azərbaycan Hesablama Palatası "Azərenerji" ASC-də apardığı audit yoxlamalarının nəticələrini açıqlayıb. SİA xəbər verir ki, nəzarət tədbiri ilə 169,250 mln. manat məbləğində vəsait əhatə olunub.

Həmin məbləğ Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 2013-2014-cü illərdə dövlət əsaslı vəsait qoyuluşunda "Azərenerji" ASC-yə 2013-cü ildə 77,0 mln. manat və 2014-cü ildə isə 92,247 mln. manat olmaqla formalaşıb.

Ümumilikdə, bu illər ərzində 8 satınalma müqaviləsi bağlanıb ki, onların 7-si cəmi vəsaitin 76,4%-ni təşkil edib. Müəyyən edilib ki, qeyd edilənlərlə yanaşı dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i qədər vəsait satınalma proseduru tətbiq edilmədən xərclənib.

İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-qurtaşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib.

Bir layihə üzrə işlər başça çatsa da Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin istismara qəbul olunmadığı və bu layihənin bir obyekti podratçıya artıq vəsait ödənildiyi, 12 obyekt üzrə işlər yerinə yetirilib vəsait ödənilsə də, obyektlərin Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədiyi müəyyən olunub. Həmçinin, Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədiyi halda 2013-2014-cü illərdə altı obyekt üzrə obyektlər dəyər ifadəsi ilə aktivlərə aid edilib.

Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə "Azərenerji" ASC tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 29,7 min manat məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə bərpa edilib, ASC-nin aidiyyəti vəzifəli şəxslərinə müvafiq tapşırıqlar verilib, həmçinin 35,658 mln. manat məbləğində debitor borcu üzrə işlər podratçı tərəfindən icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə