Uşaqlarla bağlı vahid məlumat bazası yaradılacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkə üzrə sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması işlərinə başlanıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, vahid məlumat bazasında sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində və sosial təhlükəli vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə olan və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq. Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq. Məqsəd bu məlumat bazasından istifadə olunmaqla, sosial xidmətlərə ehtiyac duyan uşaqların əhatə dairəsinin, sosial sifarişlər üzrə göstəriləcək sosial xidmətlərin həmin uşaqların kateqoriyalarına və ehtiyaclarına uyğun konkret istiqamətlərinin müəyyən edilməsidir. Məlumat bazası uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcək. Bu da sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək.

Xatırladaq ki,ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr əsasında respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə əhatə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə