Bakıda keçirilən Avropa Şurasının mübadilə görüşü başa çatıb FOTOLAR

Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü başa çatıb. SİA-nın xəbərinə görə, mübadilə görüşünün üçüncü - sonuncu panel iclası "Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi" mövzusunda olub.

Panel iclasın moderatoru, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin prezidenti Jan-Mari Heydt Azərbaycan tərəfinə belə görüşün təşkilinə görə təşəkkür edib. O, 2010-cu ildə Bakı Forumunda dini təşkilatların rəhbərlərinin iştirak etdiyini və fəal şəkildə dialoq aparıldığını xatırladıb. UNESCO-nun Özbəkistan üzrə təmsilçisi Krista Pikkat Bakıda Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün təşkilinə görə UNESCO baş direktoru İrina Bokovanın adından Azərbaycanın hökumətinə təşəkkürünü bildirib.

Qapanış mərasimində Avropa Şurasının Demokratiya, Avropa Quruculuğu və dinlər qrupunun vitse-prezidenti Qabriel Nissim, İnsan hüquqları və kommunikasiya üzrə icraçı katib, Belçikadan Avropa Kilsələr Konfransının kilsə və cəmiyyət komissiyasından Elizbeta Kitanoviç, Strasburq şəhərinin ravvini Mendel Samama iki gün ərzində keçirilmiş üç panel iclasa dair hesabat məruzəsi ilə çıxış ediblər. Çıxışlarda müzakirələrin məhsuldar keçdiyi, müvafiq problemlərin həllində əməkdaşlığın vacibliyi vurğulanıb. Daha sonra Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak departamentinin direktoru Jan-Kristof Bas "Mübadilə görüşlərin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi: perspektivlər" mövzusunda məruzəsi ilə yekun mülahizələri bildirib. Mübadilə görüşünün həmsədrləri, Slovakiya və Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndələri Draqoslav Stefanek və Luis Filip Kastro Mendes tədbirdə müzakirə olunmuş mövzuların aktuallığından bəhs ediblər. Onlar Bakı görüşünün dinlər və mədəniyyətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.

Mübadilə görüşünün iştirakçıları üçün mədəniyyət proqramı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə