Tərtərin elektrik şəbəkəsi yenidən qurulur

Bu ilin iyul ayında "Tərtər" Elektrik Şəbəkəsi Müəssisəsində 11,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 613 min kilovat-saat artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 239 min kilovat-saata yaxın artaraq, təxminən, 2,2 milyon kilovat-saat təşkil edib.

Ötən 7 ayda isə burada ümumilikdə 66,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 749 min kilovatsaat çoxdur. Daimi əhali istehlakçı qrupunda isə istehlak 15,3 milyon kilovat-saatdan artıq olub.

Qeyd edək ki, müəssisə üzrə elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə