“Geostrategiya” jurnalının yeni nömrəsi mövzuların aktuallığı və zənginliyi ilə diqqəti cəlb edir

"Geostrategiya" jurnalının yeni nömrəsi çapdan çıxıb. Tarix elmləri doktoru, professor Əli Həsənovun redaktorluğu ilə nəşr olunan jurnalın bu nömrəsi diqqəti ilk növbədə mövzuların aktuallığı və zənginliyi ilə cəlb edir. Jurnalda geosiyasətdən, idarəetmədən, beynəlxalq münasibətlərdən və hüquqdan tutmuş tarixə, dinin cəmiyyətdəki roluna, hətta "məxməri inqilab"lara qədər çeşidli yazılara rast gəlmək mümkündür. Müəlliflər hadisə və prosesləri təhlil etmək, onları analitik süzgəcdən keçirmək, problemə dair müxtəlif mülahizə və baxışlara yer ayırmaqla yanaşı, öz fikir və düşüncələrini də bölüşürlər. Ümumiyyətlə, bu və digər məziyyətlərinə görə jurnal oxucular arasında getdikcə populyarlaşır və onun hər yeni nömrəsi artan maraqla qarşılanır.

Jurnalın 2014-cü ilin may-iyun nömrəsi də bu baxımdan istisna təşkil etmir. Tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyevin məqaləsi olduqca aktual və gündəmdən düşməyən mövzuya həsr olunub. "Müasir reallıqlar kontekstində Xəzər regionunun təhlükəsizliyi" adlı yazıda yaxın keçmişə nəzər yetirilir, Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə Xəzər hövzəsi və Cənubi Qafqaz regionunun əhəmiyyətinin hədsiz dərəcədə artdığı, aparıcı dövlətlər və böyük şirkətlər arasında şiddətli savaş başladığı diqqətə çatdırılır. Daha sonra müasir reallıqlardan bəhs edən İbrahim Əliyev regionun təbii ehtiyatlarından və geosiyasi imkanlarından yararlanmaq uğrunda qızışan yeni mübarizədən, Xəzər hövzəsi ölkələri arasında mövcud fikir ayrılıqlarından söhbət açır. Azərbaycan tərəfinin belə bir fikri xüsusi vurğulanır ki, Xəzər dənizi qarşıdurma yox, sülh və əməkdaşlıq dənizi olmalıdır.

Fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasovun "Geosiyasət və idarəetmə: yeni baxış zərurəti" adlı məqaləsində isə bəşəriyyətin üzləşdiyi dərin böhrandan, iqtisadi, sosial-siyasi, mənəvi sarsıntılardan, sosial təbəqələşmənin və inhisarçılığın yaratdığı fəsadlardan bəhs olunur. Müəllif qlobal böhrandan çıxış yolunu dünyanın yenidən formalaşdırılmasında görür və artıq bu prosesin başlandığına diqqət çəkir. Məqalədən belə bir nəticə hasil olur ki, dünyada cərəyan edən mürəkkəb proseslər fonunda Azərbaycan optimal çıxış yolunu tapa bilib və milli maraqlarını təmin etmək iqtidarındadır.

BDU-nun politologiya və sosiologiya kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Vəsxanım Orucova "Keçid dövrünün təşəkkülü və inkişaf mərhələləri" adlı məqaləsində diqqəti azad bazar iqtisadiyyatına keçidin ilk mərhələsində baş verən dəyişikliklərə yönəldir. Müəllifin fikrincə, iqtisadiyyatı inhisarsızlaşdırmadan, sərbəst rəqabət fəaliyyətini təmin etmədən bazar münasibətlərini formalaşdırmaq mümkün deyil. İqtisadiyyatın yeni təməl üzərində qurulması üçün onun müstəqilliyi təmin edilməli, yeni idarəetmə mexanizmi üçün hüquqi-iqtisadi zəmin yaradılmalıdır.

"Geostrategiya" jurnalı, adından da göründüyü kimi, müasir dövrün ən aktual problemlərini işıqlandırır, həyatın bütün sahələrinə nüfuz etməyə çalışır. Bu baxımdan jurnalın yeni nömrəsində çap olunan "Azərbaycanda islam və modernizm münasibətlərinin gender aspektləri" adlı məqalə də maraq doğurur. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kiçik elmi işçisi Mehriban Həmidova müasir Azərbaycan cəmiyyətində dinin rolunu təhlil edərək, İslamın müasir dövlətin yaradılmasına əsla maneə olmadığı, onun qadına yüksək mənəvi keyfiyyətlər aşıladığı qənaətinə gəlir.

Jurnalda oxucular, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı Səfiyə Möhbalıyevanın "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi haqqında bəzi mülahizələr", AMEA-nın Tarix İnstitutunun doktorantı Xəyalə Süleymanovanın "XVIII əsrin ikinci yarısında İrəvan xanlığının Osmanlı imperiyası ilə münasibətləri" adlı yazıları ilə də tanış ola bilərlər.

Yüksək poliqrafik standartlara uyğun nəfis şəkildə çapdan çıxan jurnalın materialları oxucuya iki dildə - Azərbaycan və rus dillərində təqdim olunur, məzmunu tamamlayan effektli fotoşəkillərlə müşayiət edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...