"Azərbaycanda uşaq kanalının yaradılması hələ tezdir"

"Azərbaycanda uşaq kanalının yaradılması hələ tezdir"
"Milli Televiziya Radio Şurası qanunvericiliyə əsasən telekanalların yaradıcılıq fəaliyyətinə müdaxilə etmir. Yaradıcılıq fəaliyyəti hər bir teleradio şirkətinin öz işidir. Tamaşaçı olaraq, bəzi televerlişlərin səviyyəsi onları da qane etmir. Əgər hansısa veriliş tamaşaçını qane etmirsə, yaxşı olar ki, həmin vətəndaş kanalı dəyişsin". SİA-nın xəbərinə görə, bunu MTRŞ-nın sədr müavini Qafar Cəbiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, televiziyalar ailə-məişət məsələsi qabardılan proqramlarla bağlı mövcud problemlər haqqında düşünməlidir: "Ən yaxşı nəzarət ictimai nəzarətdir. Əgər cəmiyyət, tamaşaçılar hər hansı verilişlə bağlı narazılıq edirsə, televiziyalar bunu nəzərə almalıdırlar".

Q.Cəbiyev bəzi televiziya verilişlərində sponsorların təbliğ edilməsinə geniş yer ayrılması məsələsinə münasibət də bildirib. O deyib ki, bu məsələ bilavasitə MTRŞ-nın fəaliyyət dairəsinə aiddir: "Reklamlarla və sponsorlarla bağlı qanunvericilikdə konkret tələblər mövcuddur. Heç bir telekanalın bu həddi aşmağa ixtiyarı yoxdur. Bəzi telekanallarda reklamlarla bağlı qanun pozuntularına yol verilir. Sponsorların elan edilməsi ilə bağlı müəyyən normalar aşılır. Bununla bağlı adekvat tədbirlər görürük".

Sədr müavini, həmçinin qeyd edib ki, telekanallarda uşaq verilişlərinin həcmi və keyfiyyəti artırılmalıdır: "MTRŞ olaraq hesab edirik ki, Azərbaycanda uşaq kanalının yaradılması hələ tezdir. Bu sahə dövlətin nəzarətində olası sahədir. MTRŞ-nın mövqeyi ondan ibarətdir ki, ilk növbədə AzTV və İTV uşaq proqramlarının sayını artırmalı, özəl kanallar da bu məsələni diqqətdə saxlamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB