Q.Cəbiyev bəzi televiziya verilişlərində sponsorların təbliğ edilməsinə geniş yer ayrılması məsələsinə münasibət də bildirib. O deyib ki, bu məsələ bilavasitə MTRŞ-nın fəaliyyət dairəsinə aiddir: "Reklamlarla və sponsorlarla bağlı qanunvericilikdə konkret tələblər mövcuddur. Heç bir telekanalın bu həddi aşmağa ixtiyarı yoxdur. Bəzi telekanallarda reklamlarla bağlı qanun pozuntularına yol verilir. Sponsorların elan edilməsi ilə bağlı müəyyən normalar aşılır. Bununla bağlı adekvat tədbirlər görürük".
Sədr müavini, həmçinin qeyd edib ki, telekanallarda uşaq verilişlərinin həcmi və keyfiyyəti artırılmalıdır: "MTRŞ olaraq hesab edirik ki, Azərbaycanda uşaq kanalının yaradılması hələ tezdir. Bu sahə dövlətin nəzarətində olası sahədir. MTRŞ-nın mövqeyi ondan ibarətdir ki, ilk növbədə AzTV və İTV uşaq proqramlarının sayını artırmalı, özəl kanallar da bu məsələni diqqətdə saxlamalıdır".