“Qala” filmi dünyanı gəzir - FOTONövbəti dayanacaq Almaniyadır

Görkəmli rejissorumuz Şamil Nəcəfzadənin "Qala" filmi bu dəfə Almaniyada nümayiş etdirilmək üçün gətirilmişdi. Əvvəlcə onu deyək ki, film indiyə qədər çoxlu ünlü müsabiqələrdə iştirak edib və Yaponiyadan Kanadaya qədər bir çox ölkələrdə nümayiş etdirilib. Film öz adını hətta məşhur Monreal festivalının siyahısına da yazdırıb və maraqla qarşılanıb. Əlbəttə ki, Avropanın hegemon dövlətlərindən olan, incəsənətə böyük önəm verilən Almaniyada filmin nümayişi vaxtı yetişmişdi. Bu vəzifəni isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) öz üzərinə götürdü. Mərkəzin təşəbbüsü ilə film Almaniyaya gətirildi və daha maraqlı olması üçün rejissor da bu ölkəyə dəvət olundu. Şamil müəllimin bir müəllif kimi nümayişdə iştirakı tədbirə əlavə bir rəng qatdı və filmə baxışdan sonra bir saatdan çox vaxtda müəllif tamaşaçıların maraqlı suallarına cavab verdi. Ən müxtəlif yaş və sosial təbəqəni təmsil edən tamaşaçılar öz təəssüratlarını birbaşa müəlliflə bölüşmək imkanı tapdıqları üçün çox məmnun görünürdülər. Bu məmnunluq agentliyimiz üçün danışan iştirakçıların sözlərindən də hiss olunurdu.


Onald Qranz , yazıçı-ssenarist

- Bir tamaşaçı kimi filmdən çox razı qaldım. Mən gördüm ki, azərbaycanlılar necə bir xalqdır və zaman-zaman hansı çətinliklər qarşısında qalıblar. Və bu çətinliklərə baxmayaraq öz mənəvi dəyərlərini qoruyub saxlaya biliblər. Əlbəttə, bir peşəkar kimi də deyə bilərəm ki, bir filmdə bunu verə bilmək o qədər də asan iş deyil və bu baxımdan rejissorun işi çox təqdirəlayiqdir. Mən həmçinin Şamil Nəcəfzadəyə təşəkkür etmək istərdim ki, o mənim suallarıma ətraflı cavab verdi və məndə artıq tək bu film barədə deyil, ümumilikdə Azərbaycan kino mədəniyyəti, ənənəsi, kino məktəbi barədə lazımi məlumatlar oldu.


Dieter Herdmann, mühəndis

- Mənim ümumiyyətlə Azərbaycana böyük marağım var, bu mənim üçün ayrı bir mentalitetdir, ayrı bir maraqlı mədəniyyətdir. Çox məmnunam ki, bu gün də həmin mentalitetin yeni nümunələrini izləyə bildim. Düzdür, filmdə mənə çətin gələn bəzi məqamlar oldu, amma, bu da dediyim kimi həmin fərqlilikdən irəli gəlir. Təşkilatçılara minnətdarlığımı bildirirəm ki, belə bir imkanı mənə və digər tamaşaçılara yaradıblar və üstəlik rejissorun özü ilə də ünsiyyət qurmaq fürsətimiz oldu.

Dediyimiz kimi filmin nümayişindən sonra alqışlarla tamaşaçıların önünə çıxan Şamil Nəcəfzadə onları maraqlandıran suallara cavab verdi. Həm film barəsində danışan rejissor həm də Azərbaycanda kino sənayesinin inkişafı barədə iştirakşılara məlumat verdi. Son bir neçə il ərzində görülən böyük işlərdən danışan müəllif bu istiqamətdə Heydər Əliyev Fondunun dəstəyini xüsusi qeyd elədi.


Şamil Nəcəfzadə, "Qala" filminin rejissoru

- Azərbaycan kino sənayesi zaman-zaman Moskva təhsilli rejissorların çiynində olub, amma, Indi bununla bərabər milli kino məktəbinin inkişafına da diqqət ayrılır. Yeni filmlərin çəkilişinə diqqət yetirilir və dövlət himayəsi sayəsində maraqlı əsərlər yaradılır. Öz filmim haqqında onu deyə bilərəm ki, film bizim yaxın zamanlarda yaşadığımız tarixlə bağlıdır, amma eyni zamanda bu hansısa konkret bir dövrə, bir vaxta aid deyil.Ümumiyyətlə filmin bədii forması bir az hekayətə yaxın olduğuna görə birbaşa konkret məkan, zaman, faktlar verilmir. Amma təbii ki, hər bir izləyici görür ki, hadisələr Azərbaycanda baş verir və Qarabağ müharibəsi dövrünü əhatə edir. Filmin ssenari müəllifi də mənəm. Daha doğrusu əvvəl dörd variantda yazmışdım. Sonuncu variantı isə görkəmli şair və dramaturg Ramiz Rövşənlə birgə yazıb hazırlamışıq. Çəkilişlər isə Gədəbəy rayonunda aparılıb. Orada Koroğlu qalası var. Hadisələr o qalada və aşağıdakı kənddə cərəyan edir.

Təbii ki, belə xoşməramlı tədbirin keçirilməsində bir təşkilatçı kimi Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin böyük rolu oldu və onların da deməyə sözü vardı.


Samira Patzer-İsmailova, AAKM-in icraçı direktoru

- Bizim büronun nümayəndəsi Bakıda, Heydər Əliyev adına sarayda filmin primyerasında iştirak eləmişdi. Ondan sonra mənə dedi ki, çox maraqlı filmdir və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu vaxt məndə də fikir yarandı ki, belə bir filmi Almaniyada, alman ictimaiyyəti üçün də nümayiş etdirək. Bununla bağlı mən rejissorla danışdım və Şamil müəllim bu fikrimizi bəyənərək nümayişdə özünün də iştirak etməsinə razılıq verdi. Gördüyünüz kimi də, film müxtəlif millətlərin nümayəndələri tərəfindən maraqla qarşılandı. Müəllifin şəxsən nümayişdə iştirak etməsi ilə bağlı təşəbbüsümüz də çox yerinə düşdü. Belə ki, auditoriya filmdən əlavə hazırda Azərbaycanda kino sənayesinin inkişafı, yeni çəkilən filmlər və bunlara göstərilən dəstək barədə məlumat ala bildilər.

Yekunda Samira xanım tamaşaçıların marağını nəzərə alaraq bu cür tədbirin sonuncu olmayacağını dedi. Qeyd elədi ki, bundan sonra da milli mədəniyyətimizi özündə əks etdirən, dünyaya tanıda bilən bu və ya digər janrda olan əsərlərin Almaniyada təqdimatını təşkil edəcəklər.




Şahin Abasov

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə