Parklar ictimai istirahət məkanları olmaqla yanaşı, eyni zamanda cəmiyyətin mədəniyyətini və davranış səviyyəsini əks etdirən ərazilərdir. Burada insanların bir-birinə və ətraf mühitə qarşı necə davrandığı, ictimai əmlakın qorunması və nizam-intizamın saxlanılması etik qaydaların vacibliyini göstərir. Etik davranış qaydalarına riayət etmək yalnız fərdi məsuliyyət deyil, həm də ictimai həmrəyliyin və qarşılıqlı hörmətin əsas şərtidir. Bəs vətəndaşlarımız buna əməl edirmi? SİA bu barədə sorğu keçirib.
Şəhər sakini Elyana Vəliyeva: "Təbii ki, mən parkda etik davranışlara düzgün əməl etməyən şəxslərə yaxşı baxmıram. Parklar ictimai yerlərdir və orada hər bir vətəndaşın istirahət və idman hüququ qorunmalıdır. Əgər idman əşyaları və ya digər ictimai avadanlıqlar həmin əraziyə yerləşdirilibsə, bu o deməkdir ki, onlar insanların sağlamlığını, rifahını və aktiv həyat tərzini təşviq etmək üçün qoyulub. Bu avadanlıqlar cəmiyyətin ümumi istifadəsi üçün nəzərdə tutulub və onlara hörmətlə yanaşmaq hər bir vətəndaşın vəzifəsidir.
Ümumiyyətlə, belə tərbiyəvi davranış formaları erkən yaşlardan – uşaq bağçalarından və məktəblərdən etibarən aşılanmalıdır. Uşaqlara ictimai əmlaka necə yanaşmaq, onu necə qorumaq və paylaşmaq öyrədilməlidir. Əgər bu cür davranış qaydaları təhsil müəssisələrində formalaşdırılmazsa, gələcəkdə cəmiyyətimizdə məsuliyyətsiz və laqeyd vətəndaşlar formalaşa bilər.
Şəhər sakini Sevinc Xalıqova: "Mən bu cür hallara çox mənfi yanaşıram. İdman avadanlıqları insanların sağlam həyat tərzi sürməsi üçün quraşdırılıb və hər kəsin ondan düzgün şəkildə istifadə etməsi vacibdir. Bu cür qeyri-mədəni davranışlar, həm ictimai əmlaka hörmətsizlik, həm də cəmiyyətin ümumi mədəniyyət səviyyəsini aşağı salır. Məncə, belə halların əsas səbəbi ailədə verilən tərbiyədən qaynaqlanır. Mədəniyyət, hörmət və əxlaqi dəyərlər ilk növbədə ailədə öyrədilməlidir. İnsan böyüyə hörmət etməyi, kiçiyə qayğı göstərməyi, ictimai yerlərdə necə davranmalı olduğunu evdən öyrənməlidir. Əgər ailə bu dəyərləri düzgün şəkildə aşılasa, cəmiyyətimiz daha sağlam və mədəni olar".
Şəhər sakini Fəridə Babayeva: "Hər kəsin öz fərdi mədəniyyət göstəricisi var. Təbii ki, insanlar şəxsi təmizliyinə və səliqəsinə diqqət yetirməli, ictimai yerlərdə özlərini məsuliyyətli aparmalıdırlar. Belə davranışlar sadəcə şəxsi mədəniyyətin deyil, ümumi cəmiyyətə olan hörmətin də göstəricisidir. Lakin təəssüf ki, bəzi insanlar bu normalara əməl etmir və öz bildikləri kimi davranmağa davam edirlər. Belə hallarda nəsə demək də çətin olur, çünki bəziləri tənqidi qəbul etmir. Mən özüm də bu cür vəziyyətlərlə tez-tez rastlaşıram və bu, cəmiyyətdə maarifləndirmə işlərinin nə qədər vacib olduğunu göstərir".
Şəhər sakini Arifə Həşimova: "Bu cür hərəkətləri heç bir halda yaxşı qiymətləndirmirəm. Əksinə, biz cəmiyyət olaraq ətraf mühitimizi, parklarımızı və ictimai əraziləri qorumağa çalışmalıyıq. Bu məkanlar hər birimizin ortaq sərvətidir və onlara qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Lazım gəldikdə etik çərçivədə xəbərdarlıq etməli və bu cür davranışlara qarşı ictimai qınaq formalaşdırmalıyıq. Əgər hər birimiz bu məsuliyyəti üzərimizə götürsək, daha təmiz, mədəni və qaydalara hörmət edən bir cəmiyyət qurmaq mümkündür".
Şəhər sakini Firəngiz Əliyeva: "Etik normalara əməl etməyən insanlara münasibətim heç də müsbət deyil. Belə davranışlar nə cəmiyyətə, nə də fərdlərə yaraşır. Təəssüf ki, bu hallarla xüsusilə gənc nəsil arasında daha tez-tez rastlaşırıq. Halbuki gənclər cəmiyyətin gələcəyidir və onların davranışları gələcək nəsillərə örnək olmalıdır. Məncə bu kimi hallar birbaşa ailədə verilən tərbiyədən qaynaqlanır. Hər kəsə məlumdur ki, uşağın ilk tərbiyə məktəbi ailədir.
Ailədə formalaşan dəyərlər və davranış qaydaları məktəbdə təhsillə tamamlanmalıdır. Əgər uşaq ailədə hörmət, mədəniyyət və ictimai məsuliyyət anlayışlarını öyrənməzsə, bu boşluq məktəbdə də tam şəkildə doldurula bilməz. Nəticədə cəmiyyətdə etik qaydalara əməl etməyən, qaydalara hörmət göstərməyən fərdlər yetişir. Buna görə də həm ailələr, həm məktəblər, həm də ictimai institutlar birgə şəkildə bu məsələyə diqqət yetirməlidir".
Şəhər sakini Samirə Fidayeva: "Bu kimi halları mənfi qarşılayıram, çünki ictimai mülkiyyətə zərər vermək nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunan deyil. Əgər bir avadanlıq hər kəsin istifadəsi üçün quraşdırılıbsa, deməli, o ictimai əmlakdır və onu qorumaq hər birimizin borcudur. Təəssüf ki, bəziləri bu məsuliyyəti dərk etmir və həmin alətlərlə sanki şəxsi əşyalarıymış kimi kobud davranır, onları zədələyirlər. Bu isə yalnız cəmiyyətə ziyan vurur.
Digər tərəfdən, ictimai yerlərdə etik qaydalara əməl etməyən, nə danışığını, nə də davranışını tənzimləyə bilməyən gənclərlə də rastlaşmaq mümkündür. Bu cür davranışların kökü isə, şübhəsiz ki, düzgün tərbiyənin verilməməsindədir. Uşağın ilk müəllimi onun valideynləridir. Əgər valideyn ona hörmət, məsuliyyət və etik davranış normalarını öyrətmirsə, o uşaq cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkəcək. Valideynin verdiyi tərbiyə nə qədər sağlam olarsa, gələcək nəsillər də bir o qədər mədəni və cəmiyyətə faydalı olar".
Şəhər sakini Elmar Əhmədov: "Belə halların ümumiyyətlə baş verməməsi gərəkdir. Əslində etik davranış normalarına əməl etmək sadəcə şəxsi məsələ deyil, bütün cəmiyyətin rifahına təsir edən vacib bir dəyərdir. Bu düşüncə geniş yayılmalıdır ki, insanlar ictimai davranış qaydalarına qarşı daha məsuliyyətli olsunlar. Maarifləndirmə, nümunəvi davranış və ictimai qınaq vasitəsilə etik qaydalara əməl etməyin vacibliyi cəmiyyətə aşılanmalıdır.
Məsələn, 10-15 il əvvəl insanlar zibili zibil qutusuna atmağa o qədər də diqqət yetirmirdilər. Bu gün də belə hallar tam aradan qalxmasa da, artıq bir çox insan bunun düzgün olmadığını anlayır və cəmiyyət tərəfindən qəbul edilmir. Deməli, zamanla davranışlarda dəyişiklik mümkündür. Eyni yanaşma digər ictimai və etik məsələlərə də tətbiq olunmalıdır. Əgər bu istiqamətdə maarifləndirmə və düzgün nümunə göstərmək davamlı olarsa, inanmaq olar ki, gələcəkdə bu cür mənfi halların sayı da azalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə