“Əbədiyaşar dahi şəxsiyyət – Heydər Əliyev” adlı konfrans keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Tərtər–Ağdərə rayonları üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev” adlı konfrans keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon gənclərinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Anar Əsgərov, rayon icra hakimiyyətinin əməkdaşı Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və başqaları çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Diqqətə çatdırılıb ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Liderin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.

Bildirilib ki, Ümummilli Liderin əsasını qoyduğu ideya və strategiyalar, layihələr onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilir. 30 il işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib, ölkənin suverenliyi bərpa olunub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib, beynəlxalq təşkilatlarda dövlətimizin və onun Liderinin sözünə önəm verilir.

Konfransın sonunda Ulu Öndərdən bəhs edən film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə