Türkiyənin Bayraktar TB2 döyüş pilotsuz uçan aparatı 11,3 kilometrə qalxaraq öz yüksəklik rekordunu qırıb. Bu barədə “Baykar” şirkəti X sosial şəbəkəsində məlumat yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki,"Bayraktar TB2T-AI 37 096 fut (11,3 km - red.) hündürlüyünə çataraq öz yüksəklik rekordunu qırıb", - məlumatda deyilir. Rekord yüksək hündürlükdə sistemin işini müəyyən edən və sınaqdan keçirən sınaq uçuşu zamanı qeydə alınıb. Təkmil Bayraktar TB2T-AI turbo mühərrik və ən son süni intellekt sisteminə malikdir. Əvvəlki hündürlük rekordu fevralın sonunda sınaqlar zamanı qeydə alınıb və 30,318 fut (9,2 km) olub.
Bayraktar TB2T-AI 160 düyündən (300 km/saat) artıq sürət yığmağa qadirdir. Pilotsuz təyyarə artan uçuş çəkisi və faydalı yükləmə qabiliyyəti sayəsində döyüş meydanında daha səmərəli və uzunmüddətli əməliyyat üçün nəzərdə tutulub.
Xatırladaq ki, Türkiyədə “Baykar” şirkəti Ukraynada tikilən dron istehsalı zavodu üçün gələcək işçiləri fəal şəkildə hazırlayır. Türk şirkəti 2025-ci ildə Ukraynada Bayraktar TB2 və Bayraktar Akıncı döyüş pilotsuz uçan aparatlarının istehsalına başlamağı gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə