Tağı Əhmədov: “Məşədi Əzizbəyov” stansiyasının adı dəyişdirilə bilər

"Məşədi Əzizbəyov" stansiyasında yenidənqurma işlərinin dekabrın sonunadək yekunlaşacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib. O bildirib ki, "Məşədi Əzizbəyov" stansiyasının adı stansiyada yenidənqurma işləri başa çatdıqdan sonra dəyişdirilə bilər. Onun sözlərinə görə, stansiyanın yeni adı ilə bağlı bir neçə təklif irəli sürülüb: "Konkret olaraq hansı təklifin qəbul olunacağı barədə qərarı Nazirlər Kabinetinin müvafiq komissiyası qəbul edəcək. Bundan başqa metronun "İnşaatçılar" və "Ulduz" stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı da təkliflər var".


T.Əhmədov gələn ilin sonlarında Bakı Metropolitenində istifadə üçün yeni vaqonların alınmasının nəzərdə tutulduğunu vurğulayıb. Bununla əlaqədar Mıtişi zavodu ilə danışıqların aparıldığını deyən Bakı Metropolitenin rəisi qeyd edib ki, yeni tip vaqonlar "Avtovağzal-Memar Əcəmi" xəttinə buraxılacaq. O qeyd edib ki, bu xəttin 2013-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Metropolitenin rəisi metroda gediş haqlarının artırılmasına da münasibət bildirən T.Əhmədov qeyd eidb ki, qiymətlər Tarif Şurasının qərarı ilə artırılıb: "Mən sadəcə icraçıyam.
Mən qiymətlərlə bağlı Tarif Şurasına mütəmadi məlumat edirəm. Qiyməti qaldırıb-qaldırmamaq Tarif Şurasının işidir".


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə