Tağı Əhmədov: “Məşədi Əzizbəyov” stansiyasının adı dəyişdirilə bilər
12 Dekabr 2011 11:58 (UTC+04:00)
"Məşədi
Əzizbəyov" stansiyasında yenidənqurma işlərinin dekabrın sonunadək yekunlaşacaq.
SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı
Əhmədov verib. O bildirib ki, "Məşədi
Əzizbəyov" stansiyasının adı stansiyada yenidənqurma işləri başa çatdıqdan
sonra dəyişdirilə bilər. Onun sözlərinə görə, stansiyanın yeni adı ilə
bağlı bir neçə təklif irəli sürülüb: "Konkret olaraq hansı təklifin qəbul
olunacağı barədə qərarı Nazirlər Kabinetinin müvafiq komissiyası qəbul edəcək. Bundan başqa metronun
"İnşaatçılar" və "Ulduz" stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı da
təkliflər var".
T.Əhmədov gələn
ilin sonlarında Bakı Metropolitenində istifadə üçün yeni vaqonların alınmasının
nəzərdə tutulduğunu vurğulayıb. Bununla əlaqədar Mıtişi zavodu ilə danışıqların aparıldığını
deyən Bakı Metropolitenin rəisi qeyd edib ki, yeni tip vaqonlar
"Avtovağzal-Memar Əcəmi" xəttinə buraxılacaq. O qeyd edib ki, bu xəttin 2013-cü
ildə istifadəyə verilməsi planlaşdırılır.
Metropolitenin rəisi metroda gediş haqlarının
artırılmasına da münasibət bildirən T.Əhmədov qeyd eidb ki, qiymətlər Tarif Şurasının
qərarı ilə artırılıb: "Mən sadəcə icraçıyam. Mən qiymətlərlə bağlı Tarif
Şurasına mütəmadi məlumat edirəm. Qiyməti qaldırıb-qaldırmamaq Tarif Şurasının
işidir".
İlkin Nəcəfov