Plasebo effekti: inamın gücü ilə yaşamaq da olar, ölmək də...

Plasebo effekti: inamın gücü ilə yaşamaq da olar, ölmək də...

"Bu gün sizə elmə çoxdan məlum olsa da, izahını tam tapa bilməmiş plasebo effekti barədə məlumat verəcəyik. Bu effekt barədə ilk məlumatlara orta əsrlərdə rast gəlinir. Belə ki, orta əsrlərdə, fərqli düşünən insanlar inkvizisiya məhkəmələrində ölümə məhkum edilirdilər. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onları kütləvi şəkildə məhv etmək üçün tərkibi təbaşir tozundan ibarət olan məhlul içirirdilər və bunun zəhər olduğunu söyləyirdilər. Həqiqətən də, insanlar tezliklə ölürdülər. Sonrakı tədqiqatlar göstərir ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə olub. Mədəaltı vəzi özü lazımı zəhəri hazırlayırdı". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. O qeyd edib ki, Plasebo effekti barədə dahi Nizaminin də maraqlı hekayəsi var. Düzdür, burada plasebo terminindən istifadə olunmayıb. İki rəqib təbib bir-birilərini hazırladıqları güclü zəhərlə sınağa çəkir. Onlardan biri rəqibinə sadəcə su verir və bildirir ki, bu zəhərdir. Rəqibi həmin suyu içərək həyatını itirir. 800 il öncə Azərbaycan ədəbiyyatında da inamın gücüylə həyat və ölüm tapmağın mümkünlüyündən bəhs edilmişdi.

Psixoloqun fikrincə, tibbdə plasebo effekti deyilən anlayış inam gücü ilə sağalmaq və xəstələnmək, ölmək anlamına gəlir. Maraqlıdır ki, hər kəsin plasebo effektinə reaksiyası eyni olmur. Azyaşlı uşaqlarda plasebo effektinin özünü göstərməsi də maraqlı məqamdır. Özünütəlqin və yüksək inanc sahibi olmayan uşaqlarda bu effektin nə üçün yaşlılara nisbətən yüksək səmərə verməsi, hələlik elmi izahını tapa bilməyib. Plasebo psixologiya, fiziologiya elmi üçün hələ də sirli hadisə sayılsa da, son illərdə plasebo effektindən tibbdə geniş istifadə edilir. Xüsusilə, psixiatriya sahəsində bu effektdən geniş istifadə olunur.
Y.Əsgərovanın sözlərinə görə, tarixi 1300-cü illərə gedib çıxan plasebonun klinik təbabətdə istifadə tarixi də çoxdan başlayıb. Məsələn, 18-19-cu əsrlərdə yaşamış məşhur həkim Matvey Mudrov xəstələrin ağrılarını yüngülləşdirmək üçün sadə, qızıl və gümüş tozlarından istifadə edirdi. Yalnız həkimin ölümündən sonra məlum oldu ki, bu tozların əsas komponenti üyüdülmüş təbaşirdir. Plasebo tədqiqatları təsdiq etdi ki, vücudumuzun şüurla daha dərin əlaqələri var. Son onilliklərdə aparılan ciddi elmi araşdırmalara əsasən, plasebo effekti uydurma deyil, onun mexanizmi daha dərinə gedir. Plasebo sinir, hormonal və hətta immunitet sisteminə təsir göstərir, beyni və onun vasitəsilə bədənin digər funksiyalarını bərpa edir. Astma, ürək-damar xəstəlikləri, mədə-bağırsaq və sinir xəstəlikləri, narahatlıq və depressiya hallarında yaxşılaşma müşahidə olunur. Plasebo effekti ayrılıqda bir reaksiya deyil, bədənimizin təbii imkanlarından istifadə edən təsirlər toplusudur. Plasebo effekti mədəniyyətdən mədəniyyətə və fərddən fərdə dəyişir.
"Plasebolar bu gün müxtəlif vəziyyətlərdə istifadə olunur. Birincisi, effektiv dərmanlar olmadıqda xəstənin ağrısını aradan qaldırmaq üçün plasebo istifadə olunur. İkincisi, mövcud bir dərmanın effektivliyinə əmin olmadıqda vəziyyətin mümkün yaxşılaşdırılması üçün təyin edilir. Plasebo effektinin qaranlıq tərəfi də var - "Nosebo effekti" (latınca zərər verəcəyəm). Dərman üçün təlimatları oxuduqdan sonra orada qeyd edilən yan təsirlərin özündə hiss edilməsi nosebo effektinin təsiridir. İnsanlar vudu cadugərlərinin, qarğışların, lənətlərin də insanı tutması prosesinin məhz nosebo effekti ilə əlaqədar olduğunu bildirirlər. Plasebo və nosebonun təsir mexanizmləri eynidir və hər iki təsir istənilən müalicə prosedurunu müşayiət edə bilər. Bu, psixikamızın baş verən hadisələri yaxşı və ya pis mənalandıraraq şərh etməsi mexanizmidir. Hər şey beynimizdə başlayır, beynimizdə bitir. İnanaraq yaşamaq da olar, ölmək də. Pozitiv düşünək, yaşamağı seçək", - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə