Ombudsman Xocavənddə baş verən mina hadisəsinə reaksiya verib

Ombudsman Xocavənddə baş verən mina hadisəsinə reaksiya verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı ciddi narahatlığını ifadə edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ombudsman xəsarət alan əməkdaşa tezliklə şəfa diləyir, ailəsinə və yaxınlarına dərin həmrəyliyini və mənəvi dəstəyini ifadə edir.

Eyni zamanda, vətəndaşları mina təhlükəsinin davam etdiyini nəzərə alaraq azad olunmuş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız müəyyən edilmiş marşrutlardan istifadə etməyə, naməlum əşyalara toxunmamağa və hər zaman ayıq-sayıq olmağa çağırır.

Qeyd olunur ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin uzun illər ərzində kütləvi şəkildə minalarla çirkləndirilməsi münaqişədən sonrakı dövrdə də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. Mina partlayışları insanların yaşamaq, sağlamlığın qorunması, təhlükəsiz mühitdə yaşamaq, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdış hüququnun həyata keçirilməsinə ciddi maneə olaraq qalır.

Ombudsman beynəlxalq ictimaiyyəti və aidiyyəti beynəlxalq təşkilatları mina təhlükəsinin yaratdığı ağır humanitar nəticələrə daha həssas yanaşmağa, Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə göstərilən beynəlxalq dəstəyi daha da gücləndirməyə, bu istiqamətdə texniki, maliyyə və ekspert dəstəyinin genişləndirilməsinə töhfə verməyə çağırır.

Ombudsman bir daha vurğulayır ki, mina təhlükəsinin aradan qaldırılması insan hüquqlarının etibarlı təmin olunması, insanların həyat və sağlamlığının qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərin təhlükəsiz bərpası və məskunlaşmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə