Aqressiyanı doğuran çox vaxt qadağanın özü yox, gözlənilməzliyidir”

Aqressiyanı doğuran çox vaxt qadağanın özü yox, gözlənilməzliyidir”

"Valideynlərə dediklərimlə evdə öz yaşadıqlarım arasında körpü qurmasam, cavabım səmimi olmaz". Bu fikirləri SİA-ya açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas və təhsil tədqiqatçısı Bahar Bəylərova deyib.

Onun sözlərinə görə, uşaq özünü heç nə ilə məşğul edə bilmirsə, əvvəl sevdiyi oyunlara, dostlarına marağı sönübsə, telefon əlindən alınanda reaksiyası sadəcə küsmək yox, böhrandırsa, yemək və yuxu ekrana tabe olubsa — artıq “çox baxır”dan “asılılıq”a keçid baş verib:

"Burada edilə biləcək ən böyük səhv nədir? Bir gündə hər şeyi kəsmək: “Sabahdan telefon yoxdur!” qərarıdır. Çünki, uşağın beyni artıq stimulun o dozasına köklənib; qəfil kəsilmə böhranı böyüdür, üstəlik uşaq telefonu gizli yollarla axtarmağa başlayır — yəni biz asılılığa bir də yalan əlavə etmiş oluruq.

Doğru yol tədricən azaltma və əvəzetmədir. Diqqət edin: təkcə azaltma yox, əvəzetmə. Ekranın tutduğu vaxt boşluqdur və boşluq öz-özünə dolmur. Telefonu alıb yerinə heç nə qoymasaq, uşaq darıxacaq, darıxan uşaq isə geri, ekrana dönəcək. Yerinə nə qoyulur? Yaşına görə: hərəkət, idman birgə mətbəx işi, həyət, dostla görüş və ən vacibi — valideynlə keçən vaxt.

Ekran asılılığının kökündə stimul aclığı yox, təmas aclığı dayanır. Uşaq ekranda nəsə axtarmır, ekranda nədənsə gizlənir — darıxmaqdan, tənhalıqdan, bəzən evdəki gərginlikdən.
Praktik addımlar belədir.
Birinci, azaltmanı uşaqla birlikdə planlayın — “səninlə razılaşırıq, bu həftə bir saat, gələn həftə 45 dəqiqə” — uşaq prosesin iştirakçısı olanda müqavimət azalır. İkinci, vaxtı uşağın iradəsinə yox, qaydaya bağlayın: mübahisə uşaqla valideyn arasında yox, “qayda ilə” olsun; məsələn, taymer qoyulsun — taymerlə mübahisə etmək olmur. Üçüncü, azaltdığınız günlərdə uşağın əsəbi olacağını əvvəlcədən bilin və bunu pisləşmə kimi yox, “çəkilmə” mərhələsi kimi qəbul edin — bir-iki həftə davamlılıq istəyir. Və dördüncü: əgər uşaq ekransız iki-üç həftədən sonra da özünə gələ bilmirsə, yuxusu, yeməyi, ünsiyyəti bərpa olunmursa, mütəxəssisə müraciət etməkdən çəkinməyin.

Bu, valideynin uğursuzluğu deyil — diş ağrıyanda diş həkiminə getdiyimiz kimi təbii addımdır. — Bəs qadağa qoyanda uşaq aqressiv olursa?
Bu sualı çox eşidirəm və adətən arxasında qorxu dayanır: “uşağım mənə əl qaldırdı, qışqırdı, əşya atdı — mən necə bir uşaq yetişdirmişəm?” Əvvəlcə sakitləşdirim: ekran alınanda gələn aqressiya adətən xarakter problemi deyil. Beyin öyrəşdiyi stimulu tələb edir və uşağın bunu ifadə edəcək yetkin dili yoxdur — böyük adam “əsəbiyəm” deyir, uşaq qışqırır. Yəni o qışqırıq əslində bir cümlə formasında belədir: “içimdə baş verənin öhdəsindən gələ bilmirəm”.

Burada valideynin verdiyi iki ekstremal cavab var və ikisi də effektiv deyil. Birincisi — geri çəkilmək: uşaq qışqırdı, valideyn yoruldu, telefonu qaytardı. Bu an uşağın beynində bir düstur yazılır: “böhran = telefon”. Sabah böhran daha güclü olacaq, çünki işə yaradığını görüb. İkincisi — aqressiyaya aqressiya ilə cavab: qışqırığa qışqırıq, bəzən də fiziki şiddət. Bu da uşağa duyğunu idarə etməyi yox, güclünün haqlı olduğunu öyrədir.
Bəs effektiv olan nədir? Formul: qaydada sərt (tutarlı), münasibətdə yumşaq (anlayışlı, empat). Yəni qadağa (qayda) yerində qalır, amma uşağın duyğusu rədd edilmir. Sözlə belə səslənir: “Görürəm çox hirslisən, anlayıram. Amma vaxt bitdi və telefon qayıtmayacaq.

Mən buradayam, istəsən yanında oturum.” Bu cümlə uşağa iki şeyi eyni anda öyrədir: sərhəd dəyişmir və duyğu təhlükəli deyil.
Böhran anında uzun izahat verməyin — hirsli beyin məntiqli düşünə bilmir; az söz, sakit səs, fiziki yaxınlıq. Fırtına keçəndən sonra danışın, fırtınanın içində yox.
Bir vacib məqam da var: aqressiya epizodları ekran veriləndən əvvəl razılaşma yolu ilə azalır. Uşağa telefon verməzdən əvvəl “20 dəqiqə, taymer bitəndə özün gətirirsən” deyilirsə və bu, hər dəfə eyni cür tətbiq olunursa, beyin qaydaya öyrəşir.

Aqressiyanı doğuran çox vaxt qadağanın özü yox, gözlənilməzliyidir — bu gün iki saat olar, sabah birdən heç nə. Sabitlik uşağın əsəb sistemini sakitləşdirir. Son olaraq: əgər aqressiya yalnız ekranla bağlı deyilsə — uşaq ümumən tez aqressivləşirsə, özünə və ya başqalarına zərər verirsə — bu artıq ekran mövzusundan böyükdür və mütəxəssis dəstəyi ilə dəyərləndirilməlidir.

Təhsil müddətində uşağın istirahəti təmin edilmir. “İstirahət” verilir il içərisində amma ata ana işdə, təhsil və mədəniyyət sistemi hər hansı formada istirahəti təmin etmir. Sağlam istirahət mədəniyyəti təmin və tərbiyə olunmur. Digər bir məsələ isə uşaqlara üç ay yay tətili verilir. Üç ay yay tətilinin bir ayı maksimum ata və ana eyni vaxtda məzuniyyətə çıxa bilər və həmin o bir ayı valideynlər uşağı ilə zaman keçirə bilər. Bəs digər iki ay? uşağın ünsiyyəti, münasibəti, valideyinlə zaman keçirməsi necə təmin olunur? Yay aylarında iş rejiminə heçbir dəyişiklik olunmur yəni, 9-dan 6-ya kimi və məcəlləyə əsasən əgər iş yeri icazə verirsə, 9-dan 5-ə kimi analar çalışa bilər. 14 yaşına qədər övladı varsa, və nəzarət olunmursa biz necə deyə bilərik ki, uşaq telefona baxmasın, bu hərəkəti etməsin.

Bu kimi fikirləri demək asandır. Lakin uşaqlar üçün hansı şərait yaradılır? Nə qədər ailə ilə yəni valideyin ilə uşaq bir araya gətirilir? Təhsil sistem özü bunu necə təmin edir? Özəl müəssisələr yay məktəbləri açırlar ki, kifayət qədər bahadır. Yəni, iki uşağı olan ailə bunu heç cürə təmin edə bilmir və mümkünsüzdür. Bəzi şeylər təhsil sistemi tərəfindən mümkünsüz hala gətirilir və valideynindən tələb edirlər ki, uşağı elə yetişdir belə yetişdirmə və s. Yəni ilk öncə təhsil sistemi özü bu hallara nəzarət etməlidir və diqqətdə saxlamalıdır ".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə