Nəsillər: X-dən Alfaya-dək

Nəsillər: X-dən Alfaya-dək

Nəsillər: niyə biz bir-birimizdən fərqlənirik və doğrudanmı doğulduğumuz il xarakterimizi müəyyənləşdirir?

Bu gün bütün dünyada X, Y, Z və artıq Alfa nəsilləri haqqında getdikcə daha çox müzakirələr aparılır. Bəziləri hesab edir ki, məhz insanın doğulduğu il onun işə, texnologiyalara, pula və ümumilikdə həyata münasibətini böyük ölçüdə müəyyənləşdirir. Digərləri isə belə bölgünü həddindən artıq şərti sayır və xatırladır ki, hər bir insan unikaldır. Bəs görəsən, kim haqlıdır?

Amerikalı müəlliflər Uilyam Ştraus və Nil Hounun tədqiqatları sayəsində geniş tanınan nəsillər nəzəriyyəsi tarixi hadisələrin, texnoloji inkişaf səviyyəsinin və ictimai dəyişikliklərin eyni dövrdə böyümüş insanlara necə təsir göstərdiyini izah edir. Lakin həm nəzəriyyənin müəllifləri, həm də bir çox müasir alimlər vurğulayırlar ki, söhbət ciddi elmi qanundan deyil, cəmiyyətin inkişafındakı ümumi meyilləri görməyə imkan verən bir modeldən gedir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, məhz bu yazı ilə ekspertlərlə birlikdə müxtəlif nəsillərin dəyərlərinin, pula, karyeraya, texnologiyalara və həyata münasibətinin necə dəyişdiyini araşdıran “Nəsillər: X-dən Alfaya-dək” adlı yeni rubrikaya başlayır.

Ümumi tarixi hadisələr, texnoloji sıçrayışlar və həyat tərzində baş verən dəyişikliklər həqiqətən də insanlarda oxşar xüsusiyyətlər formalaşdırır. Bunu insan resursları (HR) sahəsində, psixologiyada, sosiologiyada və marketinqdə aparılan tədqiqatlar da təsdiqləyir. “Pew Research Center”in prezidenti Maykl Dimok qeyd edir ki, nəsillər nəzəriyyəsi bəşəriyyətin baxışlarında zaman keçdikcə baş verən dəyişiklikləri təhlil etmək üçün bir vasitədir. Bu isə o demək deyil ki, hər bir insan öz nəslinin “tipik nümayəndəsi”nə tam uyğundur. Lakin komanda işi və daxili kommunikasiyaların qurulması baxımından nəsillər arasındakı fərqləri anlamaq praktik üstünlük verir.

Texnologiyalar təkcə həyatı deyil, insanları da dəyişir

Sosioloq Mail Yaqub bildirir ki, insanların nəsillərə bölünməsi ideyası ilk növbədə genişmiqyaslı iqtisadi, texnoloji və sosial dəyişikliklərin nəticələrini izah etmək cəhdi kimi yaranıb.

Onun sözlərinə görə, texnologiyaların inkişafı, həyat tərzinin və sosial mühitin dəyişməsi qaçılmaz olaraq insan psixologiyasında da öz əksini tapır. İnternet yaranmazdan əvvəl böyüyən insanlar informasiyanı qəbul etmək, ünsiyyət qurmaq və qərar vermək baxımından uşaqlıqdan rəqəmsal dünyada yaşamış insanlardan fərqlənirlər. Sosial şəbəkələrin, smartfonların və informasiyaya fasiləsiz çıxış imkanının yaranması tamamilə yeni böyümə mühiti formalaşdırıb.

Ekspert vurğulayır ki, nəsillər nəzəriyyəsi bu dəyişikliklərin səbəblərini izah etməkdən daha çox, artıq baş vermiş ictimai transformasiyaları əks etdirir. Başqa sözlə, bu nəzəriyyə zamanın təsiri altında cəmiyyətin necə dəyişdiyini görməyə kömək edir.

Nəzəriyyə mövcuddur, lakin bu, mütləq həqiqət deyil

Psixoloq Nizami Orucov da hesab edir ki, nəsillər nəzəriyyəsinin mövcudluğu əsaslıdır, lakin onu mütləq həqiqət kimi qəbul etmək düzgün olmazdı.

Psixoloqun sözlərinə görə, eyni tarixi dövrdə böyümüş insanlar həqiqətən də oxşar texnologiyalar, iqtisadi şərait və ictimai proseslərlə qarşılaşırlar ki, bu da onların dünyagörüşünə qaçılmaz təsir göstərir. Məsələn, uşaqlığı internetsiz keçən insanın informasiyanı qavrama tərzi və müəyyən vərdişləri erkən yaşlarından smartfonlardan və rəqəmsal xidmətlərdən istifadə edən şəxsdən təbii olaraq fərqlənir.

“Lakin burada bir təhlükə var – insanları yalnız doğulduqları ilə əsasən eyni qəlibə salmağa çalışmaq. Hətta eyni nəslə mənsub olan iki insan belə xarakterinə, dəyərlərinə və davranış modellərinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Ailə mühiti, təhsil, mədəniyyət, sosial vəziyyət və şəxsi həyat təcrübəsi insanın müəyyən nəslə aid olmasından heç də az əhəmiyyət kəsb etmir. Buna görə də nəsillər nəzəriyyəsini insanları daha yaxşı anlamağa kömək edən ümumi model kimi qiymətləndirmək olar, lakin onu dəyişməz psixoloji qanun hesab etmək olmaz”, – deyə Nizami Orucov vurğulayıb.

Nəsillər bir-birindən nə ilə fərqlənir?

Belə təsnifatların şərti xarakter daşımasına baxmayaraq, mütəxəssislər müxtəlif tarixi dövrlərdə böyümüş insanlara xas olan bir sıra xüsusiyyətləri qeyd edirlər.

X nəsli (1965–1980-ci illərdə anadan olanlar) ciddi siyasi, sosial və iqtisadi dəyişikliklər dövründə formalaşıb. Bu nəslin nümayəndələri daha çox sabitliyi, məsuliyyəti və intizamı qiymətləndirir, ilk növbədə öz güclərinə arxalanmağa öyrəşiblər. Onlar üçün peşəkarlıq, etibarlılıq və təhlükəsizlik hissi böyük əhəmiyyət daşıyır.

Y nəsli və ya millenniallar (1981–1996-cı illərdə anadan olanlar) həm analoq, həm də rəqəmsal dünyanı görmüş ilk nəsildir. Onlar texnoloji dəyişikliklərə daha asan uyğunlaşıblar, iş və şəxsi həyat arasında balansın qorunmasına daha çox önəm verirlər, özünüreallaşdırmaya, peşəkar inkişafa və gördükləri işdə məna axtarışına can atırlar.

Z nəsli və ya zumerlər (1997–2012-ci illərdə anadan olanlar) isə artıq rəqəmsal mühitdə böyüyüblər. İnformasiyaya sürətli çıxış, yüksək öyrənmə qabiliyyəti və yeni texnologiyalara açıqlıq onların güclü tərəfləri hesab olunur. Eyni zamanda, sosial şəbəkələrin həyatlarında daimi yer tutması yeni psixoloji çağırışlar da yaradıb – narahatlığın artması, özünü başqaları ilə müqayisə etmək vərdişi və daim uğurlu görünmək zərurəti hissi bunlar sırasındadır.

Alfa – süni intellektlə birlikdə doğulan ilk nəsildir

Bu gün mütəxəssislər getdikcə daha çox Alfa nəsli – təxminən 2010-cu ildən sonra dünyaya gəlmiş uşaqlar haqqında danışırlar. Hazırda bu nəslin ən böyük nümayəndələrinin təxminən 15 yaşı var və onların dünya üzrə ümumi sayı artıq iki milyardı ötüb.

Əgər Z nəsli üçün rəqəmsal texnologiyalar həyatın ayrılmaz hissəsinə çevrilmişdisə, Alfa nəsli birbaşa rəqəmsal reallığın daxilində doğulub. Planşet, smartfon, səsli köməkçi və süni intellekt alətləri onlar üçün əvvəlki nəsillərin televizor və ya kitabları qədər təbiidir.

Psixoloq Nizami Orucovun sözlərinə görə, Alfa nəslinin nümayəndələri yeni texnologiyaları sürətlə mənimsəmək bacarığı, vizual düşüncə tərzi və rəqəmsal mühitə asan uyğunlaşmaları ilə seçilirlər. Bununla yanaşı, mütəxəssislər diqqətin cəmlənməsinin zəifləməsi, ekranlardan asılılığın yaranması və təlim-tərbiyəyə yeni yanaşmaların tətbiqinin zəruriliyi kimi mümkün risklərə də diqqət çəkirlər.

Tədqiqatçılar hesab edirlər ki, məhz Alfa nəslinə süni intellektin, avtomatlaşdırmanın, yeni peşələrin və çevik məşğulluq formalarının gündəlik normaya çevrildiyi bir dünyada yaşamaq nəsib olacaq. Bununla yanaşı, texnologiyalarla əvəzlənməsi çətin olan bacarıqların – tənqidi düşüncə, emosional intellekt, ömürboyu öyrənmək qabiliyyəti və insanlarla səmərəli qarşılıqlı əlaqə qurmaq bacarığının əhəmiyyəti daha da artacaq.

Əsas məsələ fərdiliyi unutmamaqdır

Ekspertlər yekdil fikirdədirlər ki, hər bir yeni nəsil həqiqətən də əvvəlki nəsildən fərqli tarixi, iqtisadi və texnoloji şəraitdə formalaşır. Bu isə insanların vərdişlərinə, dəyərlərinə və həyat tərzinə qaçılmaz şəkildə təsir göstərir.

Lakin psixoloq Nizami Orucovun vurğuladığı kimi, insanın şəxsiyyətini yalnız onun doğulduğu ilə bağlamaq yanlış olardı. İnsanın kimliyi haqqında onun tərbiyəsi, təhsili, həyat təcrübəsi, ailə dəyərləri və mədəni mühiti daha çox məlumat verir.

Nəticə etibarilə, nəsillər nəzəriyyəsi cəmiyyətdə baş verən ümumi prosesləri daha yaxşı anlamağa kömək etsə də, konkret fərdi (insanı) anlamaq üçün bəs etmir. Bəlkə də əsas nəticə məhz bundan ibarətdir: nəsillər həqiqətən də bir-birindən fərqlənir, lakin istənilən təsnifatın arxasında hər zaman özünəməxsus həyat hekayəsinə malik bir şəxsiyyət dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə