“Hərbi qarşıdurma ilə yanaşı, iqtisadi təzyiq də Vaşinqtonun əsas alətlərindən biridir” -ŞƏRH

“Hərbi qarşıdurma ilə yanaşı, iqtisadi təzyiq də Vaşinqtonun əsas alətlərindən biridir” -ŞƏRH

“Məlumdur ki, dünəndən etibarən ABŞ–İran qarşıdurmasında nisbi sakitlik yenidən pozulub. ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığındakı Larak adasında SEPAH-a məxsus raket buraxılış qurğularına zərbələr endirib”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Vaşinqton bunu İranın dənizə mina yerləşdirməyə hazırlaşması ilə əlaqələndirir:

”Buna cavab olaraq İran ABŞ-ın İordaniyadakı hərbi obyektlərinə ballistik raket zərbələri endirib. Bu, iyulun sonlarından sonra iki tərəf arasında ilk ciddi hərbi eskalasiyadır.
Hazırkı vəziyyətin əsas xüsusiyyəti odur ki, hərbi qarşıdurma ilə yanaşı, iqtisadi təzyiq də Vaşinqtonun əsas alətlərindən birinə çevrilib. ABŞ avqustun 24-də İranla əlaqəli təxminən 60 qurum, şəxs və gəmini hədəfə alan yeni sanksiyalar elan edib və üçüncü ölkələrə də xəbərdarlıq edib ki, İranla maliyyə və enerji əlaqələrini davam etdirmək onları dollar əsaslı maliyyə sistemindən kənarlaşdırılma riski ilə üz-üzə qoya bilər. Avqustun 28-də isə ABŞ maliyyə sisteminə yönəlmiş əlavə tədbirlər açıqlanıb. Vaşinqtonun mesajı kifayət qədər aydındır və məqsəd yalnız ayrı-ayrı şirkətləri deyil, İranın neft gəlirlərini və beynəlxalq maliyyə kanallarını sistemli şəkildə sıxışdırmaqdan ibarətdir.
Bununla belə, sanksiyaların Tehranın siyasi mövqeyini dərhal dəyişəcəyini düşünmək düzgün olmaz. Çünki İran iqtisadiyyatı onsuz da uzun illərdir sanksiyalara uyğunlaşmış “kölgə iqtisadiyyatı”, alternativ maliyyə kanalları və Çin kimi əsas tərəfdaşlarla ticarət mexanizmləri hesabına müəyyən dayanıqlıq yaradıb. Yeni sanksiyalar bu imkanları daraldır, lakin onları bir gündə tamamilə aradan qaldırmır. Üstəlik, ABŞ-ın təzyiqinin əsas paradokslarından biri budur ki, İranın neft ixracını və Hörmüz boğazından keçidi məhdudlaşdırdıqca dünya enerji qiymətləri yüksəlir və bu, Tehrana müəyyən geosiyasi rıçaqlar verir. Brent neftinin artıq 90 dollardan yuxarı qalxması bunun göstəricisidir.
İranın daxili iqtisadi vəziyyəti isə həqiqətən ağırdır. IMF 2026-cı il üçün İran iqtisadiyyatının 5,4 faiz daralacağını proqnozlaşdırıb. Ölkədə yüksək inflyasiya, milli valyutanın kəskin ucuzlaşması, yanacaq qıtlığı və enerji təchizatındakı problemlər sosial narazılıq riskini artırır. Son günlər Tehranda yanacaq növbələrinin yaranması da iqtisadi təzyiqin artıq əhalinin gündəlik həyatına ciddi şəkildə keçdiyini göstərir.
Düşünürəm ki, sanksiyalar Tehranın mövqeyini zəiflədəcək, lakin yaxın perspektivdə onu kapitulyasiyaya məcbur etməsi ehtimalı hələ ki, aşağıdır. Ümumiyyətlə isə əsas məsələ sanksiyaların İran iqtisadiyyatına təzyiqi yox bu iqtisadi təzyiqin nə zaman daxili destabilizasiya yaratmağa başlayacağıdır. Əgər yanacaq, ərzaq və valyuta böhranı dərinləşərsə, Tehranın manevr imkanları əhəmiyyətli dərəcədə darala bilər. Lakin problem ondadır ki, ABŞ-ın iqtisadi strategiyası İran rəhbərliyini daha sərt və kompromisə qapalı mövqeyə də sövq edə bilər. Bu səbəbdən qarşıdakı mərhələdə həm sanksiyaların effektivliyi, həm də Hörmüz boğazında hərbi eskalasiyanın səviyyəsi Tehranın danışıqlara nə dərəcədə hazır olacağını müəyyən edən əsas faktorlar olacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə