Regional aktordan qlobal oyunçuya - ANALİZ

Regional aktordan qlobal oyunçuya  - ANALİZ

Yeni dünya düzəni və İlham Əliyevin “Orta Güc” modeli

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Rəsmi mənbələrin verdiyi məlumata görə, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar. Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.

Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Qırğızıstan paytaxtında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb. Nəqliyyat-logistika məsələləri müzakirə olundu, Orta Dəhlizin əhəmiyyətinə toxunuldu, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçiriləcəyinə də toxunublar. Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bişkek şəhərində Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub.

ƏT-in 25 illik inkişaf yolu və…

2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 25 illik inkişaf yolunu geridə qoyub. Dörddəbir əsr ərzində reqional təhlükəsizlik blokundan çıxaraq Avrasiya materikinin ən böyük transmilli siyasi-iqtisadi platformasına çevrilən təşkilat müasir çoxqütblü dünya nizamının əsas sütunlarından biridir.

Təşkilatın təşəkkülü və inkişaf mərhələləri

ŞƏT-in təməli 1990-cı illərin ortalarında Sovet hakimiyyətinin dağılmasından sonrası məkanın sərhəd təhlükəsizliyi məsələlərini həll etmək üçün yaradılmış "Şanxay Beşliyi" formatına dayanır. Birinci mərhələ (2001–2010): Təşkilat əsas diqqəti "üç şər qüvvə"yə — terrorizm, separatizm və ekstremizmə qarşı mübarizəyə yönəltdi. Bu çərçivədə Daşkənddə Regional Anti-Terror Qurumu (RATS) yaradıldı. İkinci mərhələ (2010–2017): Sərhəd təhlükəsizliyindən iqtisadi və nəqliyyat-logistika inteqrasiyasına keçid baş verdi. Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü ilə təşkilatın iqtisadi gündəliyi üst-üstə düşdü. Üçüncü mərhələ (2017-dən bəri / Qlobal Genişlənmə): 2017-ci ildə Hindistan və Pakistanın, daha sonra İran və Belarusun tamhüquqlu üzvlüyə qəbul edilməsi ilə ŞƏT Avroasiya regionunun sərhədlərini aşaraq Qlobal Cənubun və Şərqin mühüm güc mərkəzinə çevrildi.

Hazırda ŞƏT üzv ölkələri dünya əhalisinin təxminən 40%-dən çoxunu və qlobal ÜDM-in dörddə birindən çoxunu təşkil edir. ŞƏT-in analoji hərbi-siyasi bloklardan (məsələn, NATO-dan) əsas fərqi onun "Şanxay Ruhu" adlandırılan prinsiplərə söykənməsidir. Bir-birinin daxili işlərinə qarışmamaq və suverenliyə hörmət, konsensus əsasında qərar qəbulu ideologiyası müxtəlif siyasi sistemlərə, fərqli iqtisadi modellərə və hətta öz aralarında ərazi-sərhəd ziddiyyətləri olan ölkələrə (məsələn, Hindistan və Pakistan, Çin və Hindistan) eyni masa arxasında əməkdaşlıq etmək imkanı verir.
25 illik mərhələdə ŞƏT üçün növbəti onilliyin prioritetləri - milli valyutalarda hesablaşmalar, ABŞ dollarından asılılığı azaltmaq çün üzv ölkələr arasında ticarətin yerli valyutalara keçirilməsi və vahid maliyyə platformasının (ŞƏT İnkişaf Bankı) formalaşdırılması, nəqliyyat dəhlizləri, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının, xüsusən Orta Dəhliz və Çin-Mərkəzi Asiya-Avropa logistik şəbəkəsinin tam inteqrasiyası, dünyanın ən böyük enerji istehsalçıları ilə ən böyük istehlakçılarını birləşdirən "ŞƏT Enerji Klubu"nun mexanizmlərinin effektivləşdirilməsi, iqlim dəyişikliyi ilə birgə mübarizə, kənd təsərrüfatı texnologiyalarının mübadiləsi və rəqəmsal ticarət qaydalarının unifikasiyası kimi strateji istiqamətlərlə müəyyən olunur.

Azərbaycan və ŞƏT münasibətləri

Azərbaycan ŞƏT ilə əlaqələrə xüsusi önəm verir. 2015-ci ildən təşkilatın "Dialoq Tərəfdaşı" statusuna malik olan Azərbaycan özünün strateji coğrafi mövqeyi ilə ŞƏT-in nəqliyyat-logistika xəritəsində qovşaq rolunu oynayır. Azərbaycan Mərkəzi Asiya ölkələrinin və Çinin Avropa bazarlarına çıxışı üçün etibarlı Orta Dəhliz xəttini təmin edir. Bakı-Tbilisi-Qars və Ələt Limanı kimi infrastrukturlar ŞƏT üzvü olan dövlətlərin yükdaşımalarında bu açar rola malikdir. Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasəti təşkilatın əsas prinsipləri ilə tam üst-üstə düşür.

25 illik tarixi inkişaf yolu göstərir ki, Şanxay Əməkdaşlıq Təşkilatı sırf regional təhlükəsizlik qurumundan çıxaraq qlobal siyasətdə və iqtisadiyyatda mühüm çəkisi olan, Avrasiya məkanında sabitliyin və iqtisadi tərəqqinin təminatçısına çevrilmişdir. Qərb mərkəzli institutların krizis yaşadığı bir dövrdə ŞƏT-in təklif etdiyi çoxqütblü və konsensusa əsaslanan model gələcəkdə dünya siyasətinin istiqamətini müəyyənləşdirən əsas güclərdən biri olaraq qalacaqdır.

Tərəfdaşlıqdan inteqrasiya səviyyəsinə

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasındaki münasibətlər formal tərəfdaşlıq çərçivəsindən çıxaraq Avrasiya məkanında strateji iqtisadi və logistik inteqrasiya səviyyəsinə yüksəlib. Dialoq Tərəfdaşlığı (2015): Azərbaycan 2015-ci ildə Ufa sammitində ŞƏT-in "Dialoq tərəfdaşı" statusunu alıb. 2016-cı ildə Pekində imzalanan memorandumla terrorizmə qarşı mübarizə, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın hüquqi əsası qoyulub. Azərbaycan tərəfindən rəsmi olaraq statusun yüksəldilməsi (müşahidəçi statusu) üçün müraciət edilib. ŞƏT-in təşkilati islahatları nəticəsində "Müşahidəçi" və "Dialoq tərəfdaşı" kateqoriyaları unifikasiya edilərək vahid "ŞƏT Tərəfdaşı" (SCO Partner) statusu yaradılıb və Bakının təşkilatla münasibətləri bu yeni genişləndirilmiş mexanizm üzərindən tənzimlənir. Prezident İlham Əliyev müntəzəm olaraq ŞƏT-in sammitləri çərçivəsində keçirilən "ŞƏT Plyus" formatlı genişləndirilmiş iclaslarda fəal iştirak edir.

Əməkdaşlığın əsas sütunları

Azərbaycan ŞƏT-in iki əsas güc mərkəzini (Çin və Rusiya) və Mərkəzi Asiya dövlətlərini Avropa və Yaxın Şərqlə bağlayan ən etibarlı tranzit qovşağıdır. Orta Dəhliz (Şərq-Qərb) və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt) və Bakı-Tbilisi-Qars dəmir yolu ŞƏT üzv ölkələrinin yükdaşımalarında strateji rol oynayır.

ŞƏT-in zəngin karbohidrogen resurslarına malik ölkələri (Rusiya, İran, Qazaxıstan) və iri istehlakçıları (Çin, Hindistan) fonunda Azərbaycan regional enerji balansının təminatçısı kimi çıxış edir. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, "yaşıl enerji" keçidi sahəsində də tərəfdaşlıq genişlənir.
ŞƏT-in əsas prinsipi olan "üç şər qüvvə"yə (terrorizm, separatizm, ekstremizm) qarşı mübarizə Bakının milli təhlükəsizlik prioritetləri ilə tam üst-üstə düşür. Azərbaycan təşkilatın Regional Anti-Terror Qurumu (RATS) və digər təhlükəsizlik platformaları ilə məlumat mübadiləsi aparır.

İkili və çoxşaxəli münasibətlər

Azərbaycanın ŞƏT-in aparıcı üzvləri — Çin (hərtərəfli strateji tərəfdaşlıq), Rusiya, Türkiyə (ŞƏT-də tərəfdaş ölkə), Özbəkistan və Qazaxıstan ilə müttəfiqlik və strateji tərəfdaşlıq müqavilələri var. Bu ikitərəfli əlaqələr təşkilat çərçivəsindəki çoxşaxəli platformanı daha da möhkəmləndirir. Bakı üçün ŞƏT bloku Qərb institutlarına alternatif olmaqdan ziyadə, müstəqil, çoxvektorlu və balanslaşdırılmış xarici siyasətin tərkib hissəsidir. Azərbaycanın Avrasiya materikində artan nəqliyyat və iqtisadi nüfuzu, gələcəkdə onun ŞƏT çərçivəsində təkcə tərəfdaş deyil, regional iqtisadi layihələrin əsas təşəbbüskarlarından biri olmasını təmin edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal diplomatik və geosiyasi müstəvidə "orta güc" statusunu qazanması müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin artan çəkisinin bariz nümunəsidir. Ölkə başçısının strateji kursunun Azərbaycanı bu mərhələyə yüksəldən əsas faktorlardan birincisi siyasi iradə və müstəqil xarici siyasətdir. Global güc mərkəzləri arasında balansı qorumaqla yanaşı, milli maraqları qətiyyətlə müdafiə edən suveren qərarvermə mexanizminin mövcudluğu ölkəmizin öz məqsədinə çatmasında mühüm rol oynayır. İkincisi, hərbi zəfər və regional liderlikdir. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər və suverenliyin tam təmin olunması ilə Cənubi Qafqazda yaradılan yeni geostrateji reallıqdır.

Üçüncüsü enerji və logistika habı roludur. Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşlıq və Orta Dəhliz kimi transmilli nəqliyyat qovşaqlarının mərkəzində dayanmaq. Dördüncüsü, çoxtərəfli diplomatiyadır. Qoşulmama Hərəkatına uğurlu sədrlik, Türk Dövlətləri Təşkilatında (TDT) aparıcı rol və COP29 kimi qlobal platformalara ev sahibliyi etməklə beynəlxalq gündəliyi formalaşdırmaq imkanını da bura əlavə etməliyik.

Azərbaycan bu keyfiyyətləri ilə artıq yalnız regional təşəbbüslərin iştirakçısı deyil, yeni dünya düzənində mövqeyi nəzərə alınan və qlobal sabitliyə töhfə verən orta miqyaslı güc mərkəzidir.

V.VƏLİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə