Qanqalın düzgün istifadə olunmaması hansı hallarda faydadan çox zərər verə bilər? - AÇIQLANDI

“Müasir dövrdə detoks, təmizlənmə anlayışları gündəlik həyatımızın əsas hissəsinə çevrilib. Bu trendlərin mərkəzində dayanan ən populyar vasitələrdən biri də qanqaldır. Əksəriyyətimiz onun qaraciyəri təmizlədiyini deyir. Qaraciyər bədənimizin ən güclü təmizləyicisidir. Hər dəqiqə təxminən 1.5 litr qanı süzür, toksinləri zərərsizləşdirir. Deyə bilərik ki, qaraciyərin özünün təmizlənməyə ehtiyacı yoxdur. Sadəcə müəyyən dəstəklərə ehtiyacı var. Bunlardan biri qanqaldır. Qanqalın tərkibindəki əsas güc silimarin adlanan aktiv maddələr kompleksidir. Silimarin qaraciyər üçün bir növ qoruyucudur”.

Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.


O bildirib ki, silimarin qaraciyər hüceyrələrinin xarici membranını elə dəyişir ki, toksinlərin hüceyrə daxilinə keçməsi çətinləşir:

”Əsasən alkoqol, ağır metallar və bəzi zəhərli göbələklərin təsirinə qarşı effektivdir. Qaraciyər özünü bərpa edə bilən nadir orqanlardandır. Qanqal hüceyrə daxilində protein sintezini sürətləndirərək zədələnmiş toxumaların daha tez sağalmasına kömək edir. Bədənimizin ən vacib antioksidantı olan qlutatyonun səviyyəsini artırır.

Bəzən düşünürük ki, bitkidirsə, zərərsizdir. Nə qədər çox, o qədər faydalıdır. Amma belə deyil. Qanqalın kortəbii istifadəsi ciddi risklər daşıyır.

Qanqal təbiətdə çox yayılan bitkidir. Bir çox insan yol kənarlarından bu bitkini yığıb dəmləyir. Lakin qanqal torpaqdakı ağır metalları, avtomobil tüstüsündəki zərərli maddələri özünə çəkir.

Qaraciyərimiz dərmanları emal edən mərkəzdir. Qanqal qaraciyər fermentlərinin işinə müdaxilə etdiyi üçün qəbul etdiyimiz digər dərmanların təsirini ya tamamilə yox edə bilər, ya da onları toksik həddə qədər gücləndirə bilər.

Qanqal bəzi insanlarda estrogen hormonuna bənzər təsir göstə bilir. Bu isə süd vəzi xərçəngi keçirmiş, uşaqlıq mioması olan qadınlar üçün vəziyyəti ağırlaşdıra bilər.
Qanqalın yarpağından çox, toxumu faydalıdır. Çünki silimarinin ən yüksək konsentrasiyası toxumlardadır. Silimarin suda çətin həll olur. Ən yaxşı üsul toxumları un halına salıb yeməklərə qatmaq, apteklərdə satılan tərkibi standartlaşdırılmış preparatlardan istifadə etməkdir. Bitki çaylarını qaynayan su ilə deyil, təxminən 80°C temperaturlu su ilə dəmləmək onun tərkibindəki uçucu maddələri qoruyur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə