"Səhralaşma və su qıtlığı artır" - EKOLOQ DANIŞDI

"Son illərdə iqlim dəyişikliyi, xüsusilə havanın orta temperaturunun yüksəlməsi, ən çox diqqət çəkən məsələlərdən biridir. Temperatur artımı fonunda çox ciddi və mürəkkəb proseslər baş verir. Bunun nə qədər davam edəcəyini isə dəqiq söyləmək çətindir. Çünki havanın temperaturunun sistemli və elmi ölçülməsi təxminən son 300–350 ilin məhsuludur. Ondan əvvəlki dövrlərlə bağlı məlumatlarımız əsasən yazılı mənbələrə, eləcə də geoloji və coğrafi tədqiqatlara əsaslanır".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, tarixdən böyük buzlaşma dövrləri və iqlim dəyişiklikləri haqqında məlumatımız var: "Lakin müasir mərhələdə müşahidə olunan sürətli istiləşmə prosesi yeni çağırışlar yaradır və bu da məsələnin nə qədər ciddi olduğunu göstərir. İqlim dəyişiklikləri fonunda “iqlim miqrasiyası” anlayışı getdikcə daha real təhlükəyə çevrilir.

Ən böyük risk Sakit və Hind okeanlarında, həmçinin Cənub okeanı hövzəsində yerləşən ada dövlətləri üçün mövcuddur. Dünya okeanının səviyyəsi qalxdıqca bu ərazilərdə yaşayan əhali məcburi miqrasiyaya məruz qala bilər. Bu məsələ artıq beynəlxalq səviyyədə müzakirə olunan ciddi problemlərdən biridir.

Eyni zamanda qlobal istiləşmə digər regionlarda da səhralaşma, su qıtlığı və ekoloji tarazlığın pozulması kimi nəticələr doğurur. Məsələn, Xəzər dənizinin səviyyəsinin enməsi sahil ərazilərində yaşayan insanlar üçün ciddi sosial-iqtisadi problemlər yaradır. Bu kimi hallarda hökumətlər tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Yaşıllaşdırma işləri aparılmalı, torpaqların şorlaşmasının qarşısı alınmalı və ekosistemlərin qorunmasına xüsusi diqqət yetirilməlidir.
Urmiya gölünün quruması da region üçün ciddi ekoloji fəlakət nümunəsidir. Gölün səviyyəsinin azalması nəticəsində yaranan şorlaşma və duzlu toz kütlələri ətraf ərazilərdə sağlamlıq problemlərinə və əhalinin köç etməsinə səbəb olur. Bu proseslər sosial və demoqrafik dəyişikliklərə də təsir göstərir.

Eyni hal Aral dənizində də baş vermişdir. Aral dənizinin quruması nəticəsində regionda ekoloji böhran yaranmış və əhali məcburi şəkildə miqrasiya etmişdir. Bu fakt göstərir ki, ekoloji fəlakətlər birbaşa sosial və siyasi nəticələr doğura bilir.
Əgər quraqlıq və qlobal istiləşmə davam edər, dünya okeanının səviyyəsi yüksələrsə, ilk növbədə ada dövlətləri, daha sonra isə su ehtiyatlarından asılı olan regionlar ciddi risk altında qalacaq. Bu məsələlər beynəlxalq platformalarda, o cümlədən COP29 çərçivəsində də xüsusi vurğulanmışdır.

Ekoloji problemlər yalnız ekoloqları deyil, bütövlükdə dünya ictimaiyyətini və bütün dövlətləri narahat edən qlobal təhlükəsizlik məsələsinə çevrilmişdir. İqlim dəyişikliyi artıq təkcə ekoloji deyil, həm də sosial, iqtisadi və geosiyasi problem kimi qiymətləndirilməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə