"Müasir dövrdə cəmiyyətdə tez-tez belə bir fikir səslənir ki, yeni nəsil əvvəlki nəsillərə nisbətən daha çox fərdiyyətçidir, yəni şəxsi maraqlarını və şəxsi azadlıqlarını önə çəkir. Bu tendensiya, xüsusilə son 20–25 il ərzində texnologiyanın və sosial şəbəkələrin sürətli inkişafı ilə daha da güclənmişdir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, nəticədə insanların — xüsusən də gənclərin — dünyagörüşündə, psixologiyasında və ailə dəyərlərinə münasibətində nəzərəçarpacaq dəyişikliklər baş verir: "Əvvəlki nəsillərin 18–20 yaşında sahib olduqları dünyagörüşünə bu günün gəncləri artıq 13–14 yaşında yiyələnir. Bu, internet və sosial media vasitəsilə əldə edilən informasiya bolluğunun bir nəticəsidir. Həqiqətən də, bu dəyişimin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.
Bir tərəfdən, gənclərin erkən yaşda informasiya əldə etməsi, müstəqil qərar vermə qabiliyyətlərinin inkişafı və şəxsi azadlıqlara önəm vermələri onların fərdi inkişafına müsbət təsir edə bilər. Digər tərəfdən isə, bu fərdiyyətçiliyin nəzarətsiz və xaotik bir şəkil alması, gənclərin ailə dəyərlərindən və milli-mənəvi köklərdən uzaqlaşmasına səbəb olur.
Müasir gənclər valideyn nəsihətlərini əvvəlki nəsillərlə müqayisədə daha az qəbul edirlər. Bu, bir çox hallarda Qərbin müsəlman cəmiyyətlərinə aşıladığı multikulturalizm və fərdi azadlıqlar ideologiyalarının təsiri ilə bağlıdır. Belə ideoloji təsirlər cəmiyyətimizdə klassik ailə modelinə mənfi təsir göstərir, ev daxilində nizam-intizamı və böyüklə kiçik arasındakı münasibətləri zəiflədir. Nəticədə ailə içində böyüyün sözü keçməz olur, məsləhət dinləmək ənənəsi zəifləyir.
Fərdiyyətçiliyin təhlükəli tərəfi odur ki, bir gənc təcrübəli valideynin və yaşca böyük yaxın qohumların fikirlərini nəzərə almadan özbaşına addımlar atarsa, bu, onun üçün ciddi mənfi nəticələr doğura bilər. Gənc yaşda qərarvermə qabiliyyətinin formalaşması təqdirəlayiqdir, lakin bu, təcrübəli insanların məsləhətlərinə qulaq asmamaq anlamına gəlməməlidir.
Nəticə olaraq demək olar ki, müasir dövrdə gənclər sürətlə fərdiyyətçiliyə yönəlirlər. Bu meylin tamamilə qarşısını almaq mümkün deyil və əslində buna ehtiyac da yoxdur. Əsas məsələ bu fərdiyyətçiliyin sağlam şəkildə yönləndirilməsidir. Gənclər dünya görüşlərini genişləndirməli, elmi biliklərini artırmalı, şəxsi inkişaflarını təmin etməlidirlər. Lakin bütün bunları edərkən milli-mənəvi dəyərlərə sadiq qalmalı, ailə institutuna hörmət etməli və böyüklərin təcrübəsinə dəyər verməlidirlər.
Fərdiyyətçilik nəzarətli və balanslı olduqda cəmiyyətin inkişafına xidmət edə bilər. Əks halda, bu meyl ictimai münasibətlərin pozulmasına və mənəvi dəyərlərin aşınmasına səbəb ola bilər. Bu baxımdan çıxış yolu milli və dini dəyərlərimizə əsaslanan sağlam ailə modelinə söykənməkdən keçir".
Bütün xəbərlər Facebook səhifəmizdə