Yaşayış binalarında enerji səmərəliliyi necə təmin olunmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumilikdə, hündür mərtəbəli yaşayış binalarının enerji səmərəliliyini təmin etmək üçün kompleks tədbirlər tələb olunur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, bu tədbirlərə müasir materiallardan istifadə etməklə divarların, damların və zirzəmilərin izolyasiyası, pəncərə və qapıların plomblanması və enerjiyə qənaət edən ikiqat şüşəli pəncərələrin quraşdırılması yolu ilə istilik itkisinin aradan qaldırılması, balanslaşdırıcı klapan və sensorlardan istifadə etməklə istilik və ventilyasiya sistemlərinin modernləşdirilməsi, istehlaka nəzarət etmək üçün istilik və elektrik sayğaclarının quraşdırılması, eləcə də enerjiyə qənaət edən işıqlandırma texnologiyalarının tətbiqi daxildir: "Binanın istilik izolyasiyasının yaxşılaşdırılması üçün divarlarda istilik itkisinə qarşı etibarlı qorunma yaradan izolyasiya materiallarından - mineral yun, polistirol köpük, poliuretan köpük istifadə edilməlidir. Dam örtüklərində isə həm tikinti zamanı, həm də qışa hazırlıq zamanı su və buxara qarşı çoxqatlı izolyasiya materialları tətbiq olunmalıdır. Zirzəmilərdə və çardaqlarda istilik itkisinin qarşısını almaq üçün qapılar qoyulmalı və dərmə-deşiklər bağlanmalıdır.

Evlərə giriş qapıları və mənzillərdəki pəncərə çərçivələrinin aralıqları bağlanmalı, istiliyi sızdırmaması üçün tədbirlər görülməlidir. İnsanlar imkan daxilində daha səmərəli, enerjiyə qənaət edən pəncərə çərçivələrinin quraşdırılmasını da nəzərdən keçirə bilərlər. Ən önəmlisi istilik və havalandırma sistemlərinin təkmilləşdirilməsi və müasir avadanlıqlardan istifadədir. Ümumiyyətlə, istilik sisteminin enerji səmərəliliyi həm sadə üsullarla, həm də kompleks tədbirlərlə artırıla bilər.

Kompleks tədbirlər isə daha yüksək kapital xərcləri tələb edir. Bu tədbirlərə qazanxanaların və mərkəzi istilik stansiyalarının modernləşdirilməsi, istilik şəbəkələrinin yenidən qurulması və ya yeni şəbəkələrin tikintisi, evlərdə istilik sisteminin modernləşdirilməsi, müasir yüksək keyfiyyətli istilik izolyasiyasının quraşdırılması daxildir. Bu isə böyük maliyyə resursları tələb edir və yalnız istehsalçılar, şirkətlər, idarəetmə şirkətləri, bina və ya ev sahibləri deyil, həm də sakinlərin özləri binaların enerji səmərəliliyinin artırılmasına sərmayə qoymalıdırlar.

Məlum olduğu kimi, mənzillər istiliyinin 15%-ə qədərini pəncərə və qapılar vasitəsilə itirir. Çoxkameralı şüşə bölmələri ilə plastik və ya taxta pəncərələrin quraşdırılması mənzildə temperaturu 2-3 dərəcə artıra bilər. Yeni, müasir pəncərələr həm də küçə səs-küyünün səviyyəsini azaltmağa kömək edir.

Yeni pəncərələrin quraşdırılması mümkün deyilsə, pəncərələrin və havalandırma deliklərinin perimetri ətrafında poliuretan prokladka yastıqcıqlarının qoyulması tövsiyə olunur. Bu da istilik sızmasının qarşısını alır. Belə tədbirlər görüldükdən sonra mənzilin hava keçiriciliyi 30-40% azalır. Köhnə taxta pəncərələrin belə üsullarla möhürlənməsi də çox effektlidir. Bu tədbirlər görülsə, qısa müddət ərzində özünü doğruldacaq və səmərəsini göstərəcəkdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə