"Problemin qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir" - EKSPERT AÇIQLADI

"Son dövrlərdə taksi sifarişi zamanı kartla ödəniş seçildikdə sürücülərin bu sifarişləri ləğv etməsi hallarına tez-tez rast gəlinir. Bu isə sərnişinlər arasında narahatlıq və narazılıq yaradır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bir çox taksi sürücüsü kartla ödənişə üstünlük vermir, çünki bu zaman onların qazancı sistemə rəsmiləşir: "Bu isə şəffaflığı artırır və gəlirin avtomatik olaraq platforma və ya vergi orqanları tərəfindən qeydə alınmasına səbəb olur. Nəticədə bəzi sürücülər vergi və digər sosial öhdəliklərdən yayınmaq üçün yalnız nağd ödənişi qəbul etməyə çalışır. Bundan başqa, kartla ödəniş zamanı bəzi platformalar sürücünün qazancından müəyyən faiz tutur. Bu da onların gəlirini azaldır və əlavə narazılıq yaradır. Sürücülər düşünür ki, nağd ödənişlə bu komissiyadan yayınaraq daha çox qazanc əldə edə bilirlər. Bu səbəblə də kartla ödənişi seçən müştərilərin sifarişləri çox zaman qəbul edilmir və ya son anda ləğv olunur.

Ekspert hesab edir ki, bu problemin qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir. Belə ki, taksi platformaları kartla ödənişi stimullaşdırmalı, sürücülərə müəyyən bonuslar və ya güzəştlər təqdim etməlidirlər. Eyni zamanda, dövlət səviyyəsində rəqəmsal ödəniş sistemləri təşviq edilməli və sürücülərə sadələşdirilmiş uçot sistemi ilə yanaşı vergi güzəştləri də nəzərdə tutulmalıdır. Bu yanaşma həm sərnişinlərin hüquqlarının qorunmasına, həm də ümumilikdə nəqliyyat sektorunda şəffaflığın təmin olunmasına xidmət edər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə