Son günlər süni intellekt vasitəsilə ağsaqqalların və ağbirçəklərin adından danışdırılan, amma heç də onlara yaraşmayan videolar sosial şəbəkələrdə yayılmağa başlayıb. Söhbət təkcə gülüşdən getmir – bu videolar uzun illərin təcrübəsini, hörmətini və dəyərini lağa qoyur. Bəs görəsən, cəmiyyət bu məsələyə necə baxır? Gənclər, orta və yaşlı nəsil bu süni videolar və ümumilikdə ağsaqqal dəyərləri haqqında nə düşünür? Bu mövzu ilə bağlı SİA-da vətəndaşların fikrlərini öyrənməyə çalışıb.
Paytaxt sakini Əbdül Məmmədov: "Ağsaqqal olmaq bir məsuliyyətdir. Amma indi görürəm ki, sosial şəbəkələrdə bizim kimi insanları süni intellektlə danışdırırlar – həm də elə sözlər dedizdirirlər ki, adamın ürəyi ağrıyır. Sanki bütün bir nəslin dəyəri ayaq altına atılır. Ağsaqqala lağ edən, sabah atasına da lağ edər. Ay gənclər, zarafatın da həddi var!”
Paytaxt sakini Gülxanım Şiriyeva: “Bizim dövrdə ağbirçək evin dirəyi idi. Gəlinin də, qızın da, oğulun da tərbiyəsi nənədən keçirdi. İndi internetdə 'nənə danışır' deyə video paylaşırlar, amma ağzından çıxan sözlər nənəyə yaraşmaz. Süni intellekt deyirlər, bəs bu süni şeylərlə gənclərin beyninə nə salırsınız? Hara gedir bu nəsil? Zarafat edirsinizsə, öz yaşınızla edin, babanı, nənəni niyə məsxərəyə qoyursunuz?”
Paytaxt sakini Namiq Aslanov: “Bədən sağlamlığı ilə yanaşı cəmiyyətin də mənəvi sağlamlığı önəmlidir. Hazırda sosial mediada gördüyümüz bəzi süni məzmunlar mənəvi zəhərlənməyə səbəb olur. Ağsaqqallara qarşı istehza, onları tərbiyəsiz danışdırmaq – bu, əxlaqi dəyərlərin aşınmasıdır. İnsan sağlam düşünmək istəyirsə, mənəvi dayaqlarını qorumalıdır. Onlardan biri də ağsaqqaldır.”
Paytaxt sakini Sevinc Xəlilova: “Uşaqlarıma hər gün hörmət, ədəb, böyüklərə sayğı haqqında danışıram. Amma bir də baxıram ki, TikTok-da və ya Instagram-da nənə və baba obrazlarında qeyri-ciddi, təhqiredici süni videolar paylaşılır. Bu, uşağın zehniyyətini dəyişir. O, artıq nənəni zarafat obrazı kimi qəbul edir. Valideyn kimi məni çox narahat edir bu hal. Texnologiya gözəldir, amma onu necə istifadə etmək mədəniyyətdən xəbər verir.”
Paytaxt sakini Rafiq Həsənov: “Ağsaqqallar bizim canlı tariximizdir. Onların yaşadıqları, gördükləri, öyrətdikləri bizim üçün dərsdir. Ancaq indi görürəm ki, internetdə ağsaqqal obrazı gülüş obyektinə çevrilib. Süni intellektlə onların dilindən danışdırıb söyüşləndirmək, ədəbsiz sözlər dedizdirmək böyük hörmətsizlikdir. Əgər cəmiyyət öz kökünə hörmət etmirsə, gələcəyini də itirəcək.”
Paytaxt sakini Mehriban Əsədova: “Evimin içində hələ də babanın sözü qanundur. Uşaqlarıma hər zaman deyirəm ki, ağsaqqalın qarşısında əylin, dua alın. Amma sosial şəbəkələrdə nələr görürəm?! Süni şəkildə danışdırılan nənə obrazı – ağzında söyüş, əcaib sözlər. Bu bizim nənə obrazımız deyil! Gülmək istəyirlərsə, özlərini gülməli etsinlər, yoxsa bizim dəyərləri bu qədər ucuzlaşdırmasınlar.”
Paytaxt sakini Aydan Əmiraslanova: “Mən süni intellektin imkanlarına heyranam, amma onunla yaradılan məzmunun etik sərhədləri olmalıdır. Yaşlı insanların obrazlarından istifadə edib onların adından tərbiyəsiz sözlər dedizdirmək nə psixoloji, nə də mənəvi cəhətdən doğru deyil. Bu cür videolar empati hissini azaldır və yaşlılara qarşı hörmətsiz yanaşma yaradır. Psixoloq olaraq deyirəm – bu, cəmiyyətin ruhunu zədələyir.”
Bütün xəbərlər Facebook səhifəmizdə