Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyi gücləndirmək, ekoloji məsuliyyət hissini artırmaq və iqlim dəyişikliklərinə qarşı maarifləndirməni genişləndirmək məqsədilə təşkil olunan “SUVAR!” ekoloji aksiyası növbəti dəfə baş tutub.
SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, budəfəki aksiya Naxçıvan Dövlət Universitetinin ərazisində keçirilib.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində ərazidəki ağaclara aqrotexniki qulluq göstərilib, torpaq yumşaldılıb, qurumuş budaqlar budanıb və suvarma işləri aparılıb.
Aksiyanın diqqətçəkən məqamlarından biri könüllü qrupların sakinlərlə birbaşa təmasda olması olub. Könüllülər ətraf ərazidə yaşayan vətəndaşlara yaşıllıqların artırılması və qorunmasının əhəmiyyətindən bəhs edən maarifləndirici bukletlər paylayıb, onları da bu təşəbbüsə qoşulmağa təşviq ediblər.
Qeyd edək ki, ekoloji aksiya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Aksiya bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə