"Əgər alıcı krediti ödəməzsə, məsuliyyət yenə sizdə qalacaq" - AYDINLIQ GƏTİRİLDİ
"Kreditdə olan telefonu kredit bitməmiş kreditorun icazəsi olmadan satmaq hüquqa ziddir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, əgər telefon kredit müqaviləsində girov kimi göstərilibsə (xüsusilə, bank və ya rəsmi kredit təşkilatı ilə olan müqavilələrdə), o zaman kredit tam ödənmədən telefonu satmaq qanunsuz ola bilər. Bu halda telefon hüquqi baxımdan sizin deyil, kredit təşkilatının mülkiyyətində sayılır.
Bəzi kredit təşkilatları kredit ödənilən müddət ərzində məhsulun satılmasına icazə verir, amma bunun üçün əvvəlcədən razılıq alınması tələb olunur.
Bundan başqa ikincil satışda alıcı üçün risk var – kredit ödənilmədiyi halda alıcının aldığı telefon bloklana və ya geri alına bilər (IMEI bloklanması, xüsusilə rəsmi operatorlardan alınan telefonlarda mümkündür). Qanuni məsuliyyət sizdə qalır – Kredit sizin adınızadır və satdığınız halda belə, borcun ödənməsi sizdən tələb olunacaq. Əgər alıcı krediti ödəməzsə, məsuliyyət yenə sizdə qalacaq.
Bir çox hallarda bəzi şəxslər müxtəlif üsullarla, məsələn kredit kartları, nisyə alqı-satqı yolu ilə bazarda xüsusilə yüksək qiyməti ilə seçilən brend telefonları əldə edir və sonradan bu telefonları hər hansı maneə olmadan özgəninkiləşdirib satırlar ki, bu da həm satıcı telefon şirkətlərinin, həm də sonradan telefonu əldə etmiş alıcıların hüquqlarının pozulması, onlara müxtəlif məbləğlərdə maddi zərər vurulması ilə nəticələnir".
"Hər hansı məişət əşyasının, o cümlədən telefonun qiyməti müxtəlif kredit kartları vasitəsi ilə ödənilir. Bu halda bank tərəfindən həmin telefonun qiyməti ödənildiyindən, alıcının borcu telefon şirkətinə deyil, məhz banka yaranmış olur. Bu halda alıcı isə əşyaya mülkiyyət hüququnu əldə etmiş hesab olunur. Gələcəkdə borclu tərəfindən borc ödənilmədiyi halda bank ayırmış olduğu krediti standart kredit kimi qarşı tərəfdən məhkəmə, o cümlədən digər üsullarla tələb etməli olur. Digər formada isə telefon satış şirkətləri ilə alıcı arasında qeyri-şərtli nisyə alqı-satqı müqaviləsi bağlanılır ki, bu halda satış şirkəti mülkiyyət hüququnu özündə saxlayır. Borc ödənilmədiyi halda telefondan istifadəni IMEI kod vasitəsi ilə məhdudlaşdıra bilir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə