Cəbrayılda Şəhər Günü qeyd olunub

Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb. Daha bir tarixi gün - Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərlərində qeyd edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl Şəhəri Günü tədbirində mədəniyyət naziri Adil Kərimli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir konsert proqramı ilə başlayıb. Həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları izlənilib, tamaşalar nümayiş olunub. Ziyarətçilər Cəbrayılın qədim və müasir tarixini, mədəni irsini əks etdirən sərgilərlə də tanış olublar.

Cəbrayıl Şəhəri Günü axşam möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Namiq Əliyev Cəbrayıla qayıdan sakinlərdən biridir və yenidən doğma yurdunda olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyir. “Bu gün bizim üçün ikiqat sevincdir, çünki Cəbrayılın işğaldan azad edildiyi günü doğma şəhərimizdə qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, sözün əsl mənasında, tarix yazdı və torpaqlarımız azad edildi. 1993-ci ildə erməni işğalı nəticəsində Cəbrayılı tərk edəndə 30 yaşım vardı. İndi isə 60 yaşımdayam, Cəbrayıla qayıtmışam. Şəhərə ilk daxil olanda erməni vandalizminin izləri bizi kövrəltsə də, dövlətimiz tərəfindən yenidən qurulan rayonumuzda gördüyüm irimiqyaslı işlər bizə sevinc bəxş etdi. Bizlərə verilən evlərdə bütün şərait yaradılıb, binaların həyəti abadlaşdırılıb”, - deyə şəhər sakini bildirib.

Cəbrayıldan çıxanda 3 yaşı olan Famil Muradlı isə doğma şəhərinə azyaşlı övladı ilə qayıdıb. O deyib: “Tarixi günlərə şahid oluruq, 30 illik Vətən həsrətimiz bitib, yenidən doğma yurdumuzda məskunlaşmışıq. Cəbrayıldan ailəmlə birlikdə məcburi köçkün düşəndə 3 yaşım vardı. Daha sonra yaşa dolduqca Vətən həsrətinin nə olduğunu anlamışam. Buranı tərk etdiyim yaşda olan övladımla Vətənə qayıtmışam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun sayəsində torpaqlarımız azaddır. Bu yolda canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin”.

Qeyd edək ki, Vətən müharibəsinin səkkizinci günü – oktyabrın 4-də Cəbrayıl şəhəri və ətraf kəndlər düşməndən təmizlənib. Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumilikdə 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə