Meşələrimizi yanğından qoruyaq...

Qarşıdan bürkülü yay günləri gəlir. Meşələr, millli parklar, qoruqlar, yol kənarında əkilmiş ağaclar və digər yaşıllıq sahələri üçün ciddi yanğın təhlükəsi yarana bilər. Elə buna görə də, yanğın əleyhinə qabaqlayıcı tədbirlərin görülməsi son dərəcədə vacibdir.

Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış küllü miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Bir sıra ağac, kol, və yarımkollar xəstəlik törədən mikroorqanizmləri məhv edən xüsusi maddələr buraxmaq qabiliyyətinə malikdir. Bu da insanın sağlamlığı və uzun ömür sürməsi üçün əsas şərtdir.Həmçinin meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.
Bütün bunları sadalmaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyi, meşəbərpa işlərinin taleyüklü bir məsələ olduğu, ən vacibi isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyi həmişəkindən daha çox önəm daşıyır.

Vaxtında yanğına qarşı mineral zolaqların çəkilməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanması, xüsusən yerlərdə-meşə və park ərazilərində növbətçilərin olması yanğınların meşələrin ərazisinə keçməsinin qarşısını alan ən vacib şərtlərdəndir.

Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. Belə ki, həmişə odla ehtiyatlı olmalı və yanğın baş verərsə, onun qarşısını almaq üçün meşə və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinə daxil Milli Parkların, Dövlət Təbiət Qoruqlarının və s.əməkdaşlarına dərhal kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri gücləndirilməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və təbiət qoynunda istirahət edən insanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və onu söndürmək üsullarını bilməlidirlər.

Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Bunlara misal olaraq meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət mərkəzlərində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilməlidir.

İsti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə ekoloqların və meşəçilərin işi deyil. Təbii sərvətlərimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq qəti qadağandır. Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var.

Yeri gəlmişkən deməliyik ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağac altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün çala qazılmalıdır.

Yanğından əvvəl bir qayda olaraq qabaqlayıcı və maarifləndirici tədbirlər görülməsi daha vacibdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərindən təmizlənməsi, ərazidə yerləşdirilən hər hansı tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarçəkilməlidir. İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın söndürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təlimatına uyğun olaraq bölgələrdəki yerli qurumlarda xüsusi iş qrafiki tutulmalı, növbətçilik cədvəli tərtib olunmalıdır. Müntəzəm olaraq yerli dövlət qurumları, bələdiyyələri, Kənd Təsərrürafatı Nazirliyinin yerli qurumları, fermerlər və geniş əhali kütləsinin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirməlidir.

Meşələri yanğından qorumaq hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bu məqsədlə kompleks təbliğat işi aparılmalıdır. Bunun üçün əyani vasitələr də əhəmiyyətlidir. Əhali arasında təbliğat işi aparmaqla yanaşı, plakatlardan, reklam işlərindən də geniş istifadə etmək olar. Xüsusi olaraq Fövqəladə Hallar Nazirliyinin buraxdığı bukletlərdə əyani vəsaitlərdən yanğın əleyhinə təbliqat vasitəsi kimi istifadə olunmalıdır. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətlərindən də istifadə etmək zəruridir. Çünki hər bir vətəndaş bu xidmətdən ekoloji maariflənmə baxımından faydalana bilər.

Meşə yanğınları digər təbii fəlakətlər kimi, həm insanlara, həm də təbiətə böyük ziyan vurur. İndi dünyanın çox yerində meşə yanğınları tüğyan edir. Necə deyərlər, ikili standart təbiətə də tətbiq olunur. Halbuki, ermənilər işğaldan əvvəl və sonra da ərazilərimizdə həyata keçirdikləri “yandırılmış torpaq” siyasəti təkcə Azərbaycan təbiətinə ziyan vurmur, vahid bir orqanizm olan bütün Planetimizə təsir edir. Burada ayrı-seçkilik ola bilməz. Yandırılmış Azərbaycan əraziləri vahid təbiətin bir hissəsidir. Buna göz yummaq bəşəriyyətin sağlam gələcəyinə amansız zərbədir. Ancaq dünya ictimaiyyəti nə qədər laqeydlik göstərsə də, Azərbaycan xalqı, dövlətimiz bu məsələni diqqət mərkəzində saxlayır.

Yuxarıda qeyd etdik ki, meşə və milli parklar ərazilərində yanğınlara qarşı müabrizə ilə əlaqədar maarifləndirici tədbirlərdə xüsusi önəm daşıyır. Xüsusilə

Cənub bölgəsindəFövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğına Nəzarəti İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 Saylı Regional İdarəsinintəşəbbüsü və Hirkan Milli Parkının təşkilatçılığı ilə birgə keçirilən tədbirlər bunun bariz nümunəsidir. Belə tədbirlərdən biri 30 aprel 2024 – cil tarixində Hirkan Milli Parkında baş tutub. Tədbirdə Hirkan Milli Parkının əməkdaşları, Astara Pedaqoji Kollecinin müəllim və tələbələri, Ümumtəhsil məktəblərinin şagirdləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirdə Cənub Regional Dövlət Yanğına Nəzarəti İdarəsinin rəisi Əkbər Novruzov, idarənin şöbə rəisi Samir Kərimov, 1 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Bəxtiyar Hüseynov, Hirkan Milli Parkının direktoru Vüsal Həsənov və başqaları çıxış etmiş və yanğınlara qarşı maarifləndirici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışmışlar. Sonra tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyinin yanğına qarşı mübarizə ilə əlqədar keçirdiyi təlimlə əyani şəkildə tanış oldular.

Meşələr təbiətin ağ ciyərləridir.Planetimizdə havanı tənzimləyən güclü vasitədir. Meşələr yanırsa, demək ciyərlərimiz yanır. Bax,burada insanın köməyinə çatmaq-ciyərlərimizi qorumaq lazımdır. Bu gün buna imkanlarımız yetər. Fürsəti əldən versək, gec olar. Səbrlə, müdrikcəsinə təbiətin səsinə qulaq assaq, sözsüz ki, bunun öhdəsindən gələ bilərik.

Bəxtiyar Hüseynov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
1 saylı RETSİ-nin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə