Orucluğun mahiyyəti NƏDİR? - MÜSAHİBƏ

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı İbrahim Quliyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Orucluğun mahiyyəti nədir?

- Orucun əhəmiyyəti ilə bağlı çoxlu hədislər nəql edilmiş və müsəlmanların oruc tutması çox təkid edilmişdir. Lakin sual yarana bilər ki, susuzluq və aclığın əhəmiyyəti nədir ki, Qurani-Kərimdə və Həzrət Peyğəmbərin kəlamlarında bu qədər vurğulanmışdır? Salaı aydınlaşdırmaq üçün nəql edilmiş bir neçə hədisə diqqət yetirmək kifayətdir. Belə ki, Allahın Rəsulu (s) hədislərinin birində buyurmuşdur: “Oruc Cəhənnəm odunun önündə bir qalxandır.” Digər bir hədisində isə buyurub: “Oruc tutan, yatağında yatsa belə, başqasının qeybətini etmədiyi müddətcə, ibadət edən şəxs kimidir.”

Bu hədisdən öyrənirik ki, orucluğun digər ibadətlərə nisbətən fərqli, özəl və sirli tərəfləri vardır. Onlardan bəzilərini qeyd edə bilərəm.

Birincisi, Bütün ibadətlər insanların gözü önündədir, lakin oruc yalnız nələrisə tərk etmək və özünü günahlardan qorumaqdır. Orucluq başqalarının zahiri gözlə görəcəyi bir əməl deyil, batini niyyətdir, ona görə də yalnız Uca Allah bundan xəbərdardır.

İkincisi, Şeytanın aləti olan şəhvətlər yeyib-içməklə güclənir və oruc yemək-içməkdən çəkinmək olduğundan, əslində oruc tutmaq şeytan və şəhvətlə düşmənçilik etməkdir. Buna görə də, Həzrət Peyğəmbər (s) bir hədisində buyurmuşdur: “Şeytan insana üç orqanla daha çox günah etdirər: qulaq, göz və dil ilə.”

- Ramazan ayında hansı əməllər yerinə yetirilməlidir?

- Ramazan ayının əməlləri hədislərdə vurğulanmış və bu ay üçün müxtəlif əməl və ibadətlər nəql edilmişdir. Bu əməllərdən bəziləri Ramazan ayının bütün günləri üçün ümumidir və bəzisi isə xüsusi günlər üçün nəql edilmişdir. Həmin əməllərdən bəzilərinə diqqət yetirək:

Birincisi, Qurani-Kərimi oxumaqdır. Ramazan ayının gecə və günlərində ən xeyirli əməl məhz Quranı oxumaqdır. Quran tilavəti hər zaman savab olsa da, bu ay hədislərdə Quranın baharı sayılmış və bu ayda bir ayə oxumağın savabı digər aylarda Quranı bütöv oxumağın savabına bərabər tutulmuşdur. Bu ayda oruc tutanlar gərək gündəlik Quran oxuya, yaxud da Qurani-Kərimin oxunuşunu diqqətlə dinləyələr.

İkincisi, iftar süfrəsi təşkil etməkdir. Bu ayda müsəlmanların adətlərindən biri olan oruc tutanlara iftar verməyin çox böyük savabı vardır. İftarın savabı ev sahibinin öz orucunun savabından və möminin öz iftarına dəvətini qəbul etməyin savabı qonağın yetmiş günlük orucundan daha böyükdür.

Üçüncüsü, dua və bağışlanma diləməkdir. İmam Əli (ə) buyurub: “Ramazan ayında bağışlanma diləyin və çoxlu dua edin. Çünki sənin duaların pislikləri səndən uzaqlaşdırar, bağışlanma diləməyin isə günahlarını aradan qaldırar".

Ramazan ayı bəndəlik ətrini insanın burnuna gətirir. Bu səbəbdən Ramazan gecələrinin qədrini başqa vaxtlardan daha çox bilmək lazımdır. Çünki insanın istək və niyyətləri Uca Yaradanın hüzuruna başqa vaxtlardan daha çox çatdığı aydır Ramazan ayı. Buna görə də digər aylara nisbətən bir çox fəzilət və şərafəti vardır bu ayın. Allahın Rəsulu (s) Ramazan ayının gəlişini səbirsizcə gözləyər, Ramazan gələndə isə bütün gecələri oyaq və ibadətlə keçirərdi.

Beləliklə, qeyd etmək istəyiri ki, Ramazan ayında çoxlu fəzilətlərə malik olan müstəhəb əməllər var və oruc tutanlar bunları etsələr daha yaxşı olar. Onlar bu əməlləri etməklə, tutduqları orucların savabını qat-qat artırmış olurlar.

- Kimlər oruc tuta bilməzlər?

- Orucun prinsiplərini bilsək və bu prinsiplərə əməl etsək, oruc tutmaq nəinki zərərsizdir, hətta bir çox faydalar da gətirir. Bir sıra tədqiqatlar oruc tutmağın yüksək qan təzyiqi olan və ya ürək-damar xəstəlikləri, həmçinin, hətta şəkərli diabeti olan bir çox insan üçün faydalı olduğunu göstərirlər. Habelə tədqiqatlar göstərir ki, diabet xəstələri oruc tutmaqla arıqlayır, bədəndəki xəstəliklərin azalmasına və qandakı şəkərə daha yaxşı nəzarət edə bilirlər. Digər tərəfdən bəzi xəstələr müxtəlif fiziki şərtlərə görə oruc tutmaqdan çəkinməlidirlər. Məsələn, böyrək xəstələrində maye qəbulunu məhdudlaşdırmaq onların xəstəliklərini daha da ağırlaşdırır. Təbii ki, böyrək daşı olanlar üçün oruc tutmaq zərərlidir və şəriət, ağıl və elmi baxımdan onlar üçün oruc tamamilə qadağan edilir. Həmçinin, həzm xəstəliklərindən əziyyət çəkən və ya keçmişdə həzm narahatlığı olanlar oruc tutarkən ağrıları şiddətlənə bilər. Bu insanların oruc tutması da elmi cəhətdən sübut edildiyində onların oruc tutması qadağandır. Bütün bunlarla yanaşı, həddi-buluğa çatmamış uşaqlar da oruc tutduqları üçün ciddi şəkildə zəifləyə və enerjiləri tükənə bilər. Buna görə də onlar da oruc tutmamalıdırlar.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə