“Mütaliə mədəniyyəti öz formatını tez-tez dəyişir“ - KULTUROLOQ DANIŞDI

“Mütaliə mədəniyyəti öz formatını tez-tez dəyişir və zamanın tələblərinə uyğun olaraq bu və ya digər dərəcədə mütaliənin səviyyəsi, kəmiyyəti də dəyişikliyə uğrayır. Bu baxımdan demək olmaz ki, hazırda Azərbaycanda kitab çox yoxsa az oxunur. Ölkəmizdə kitabların müxtəlif variantları var. İstər ənənəvi kağız variantı, istər jurnal variantında, istərsə də elektron və virtual variantda kitablar formasında mütaliəyə meyl get-gedə artır. Amma mütaliənin kəmiyyət baxımından artımı istənilən səviyyədə olmasa da, keyfiyyət baxımından dünya ədəbiyyatının ən maraqlı, yeni, çevik nümunələrinin Azərbaycan dilinə tərcümə edilib, təqdim edilməsi ilə oxu mədəniyyətinin inkişafını xüsusi olaraq qeyd edə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bədii ədəbiyyat nümunələrinin seriallar və səsləndirilərək audio formada oxuculara təqdimatı da mühüm əhəmiyyət kəsb edir: “Biz uzun zaman üzərində işləyərək kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxanasını yaratmışıq. Burada 10 mindən çox elektron kitab hazırlanaraq, Azərbaycan oxucusuna təqdim edilib. Buradan da artıq insanların elektron kitablara meylinin artdığını görə bilirik. Elektron kitablar vasitəsilə dünya ədəbiyyatının ən yaxşı nümunələrinin yaradıcıları ilə tanış olurlar. Artıq insanlar kitabxanada növbədə gözləməyə vaxtları yoxdur, əgər kitabın elektron variantı varsa, birbaşa olaraq ona müraciət edib, yararlanırlar. Yeni yazı və oxu mədəniyyəti baxımından Azərbaycanda çox geniş proseslər gedir. Amma burada insanların nə oxuması da diqqət çəkən məqamdır. Belə ki, ölkəmizdə hələ də insanlar şeir oxumağa daha çox meyl göstərirlər. Halbuki dünyada bu meyl daha çox elmi, bədii kitablaradır. Lakin Azərbaycan oxucusu inkişaf prosesində olduğundan yavaş-yavaş dünya oxucusunu oxumağa başlayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə