"Uşaqların müqayisə edilməsi bacı-qardaş münasibətlərini pozur" - PSİXOLOQ FİKRİ

"Uşağın ilk sosial çevrəsi valideynləri və bacı-qardaşlarıdır". Bu sözləri SİA-ya açıqlamasında EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova deyib.

Psixoloq bildirib ki, buna görə də uşaq, ilk yaşantılarını, xətalarını bacı-qardaşı ilə təcrübə edər: "Hər uşağın fərqli maraqları, bacarıqları, görünüşü və şəxsiyyət xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərdən dolayı uşaqların müqayisə edilməsi, bir uşaqda olan xüsusiyyətlərin o biri uşaqda da olmasının gözlənilməsi, uşaqların öz kimliyinə zərər vurmaqla yanaşı övladlar arasındakı münasibəti də poza bilməkdə, qısqanclıq və rəqabətin yaranmasına səbəb ola bilməkdədir. Bütün bunlar isə nəticə olaraq, sağlam olmayan bağların təməlini təşkil etməkdədir.

Ailədə yeni övladın dünyaya gəlməsi zamanı ona zərər verəcəyi fikri ilə digər uşağı uzaq tutmaq, toxunmasına əngəl olmaq tövsiyə olunmayan davranışlardır. Çünki böyük uşağın yeni gələn uşağı qəbul etməyinə, sevgi bağı qurmağına fürsət verilməlidir. Ailələrin bu istiqamətdə etdiyi digər xətalı davranışı isə yeni uşağın gəlişindən sonra digər uşağı nənəsigilə və ya bağçaya göndərərək, evdən uzaqlaşdırmalarıdır".

"Hələ də uşaq olan böyük uşağa “sən artıq böyümüsən” demək və ya yeni uşağın baxımından uşağı məsul tutmaq, həmin uşağın uşaqlığını yaşamasına icazə verməməklə yanaşı, həm də ona daşıya bilməyəcəyi qədər yük və məsuliyyət verməkdir. Ailədə yeni uşağın dünyaya gəlməsi qərarı valideynlərə aid olduğu kimi, həmin uşağın məsuliyyəti də valideynlərə aiddir.

Ümumiyyətlə isə ailədə nümayiş olunan və hiss etdirilən ayrıseçkilik, uşaqlarda qısqanclıq, çarəsizlik, güvənsizlik, kədər, tədirginlik, yalnızlıq kimi hisslərin yaranmasına səbəb olmaqla yanaşı, yuxu, iştah, alt islatma, dırnaqyemə problemlərinə də yol aça bilir. Valideynlər uşaqlarla münasibətlərini sağlam bir təməl üzərində inşa etməlidirlər. Bu təməl isə şərtsiz sevgi və güvəndən meydana gəlməkdədir" -deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə