"Həyatda hər şeyi idarə edə bilmərik" PSİXOLOQ ŞƏRH ETDİ

“Son hadisələr və xüsusən də, bu qətl hadisəsi, insanların içində çox qəribə bir şübhə, depressiya, qorxu yaradır. Əlbəttə ki, bu, baş verən hadisəyə insanların müxtəlif reaksiyalarıdır. Normal bir haldır və bu hadisələr olubsa, insanlara da mənfi təsirini görəcəyik. Amma bu, ömür boyu davam edəcək deyə bir şey yoxdur. Bunun ilk olaraq səbəbləri araşdırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, insanlar cəmiyyətdə qeyri-müəyyənlikdən əziyyət çəkir: “Cəmiyyət bunun başvermə səbəbini bilmədiklərinə görə çaş-baş vəziyyətdə qalıblar. Əgər bunun açıqlaması olarsa, insanlar bunun səbəbini bilərlərsə, daha rahat olarlar. İnsan olaraq xüsusiyyətlərimizdən biri də budur ki, hər şeyi bilməyə, öyrənməyə cəhd edirik və bilmədikdə də çox narahat qalırıq. Amma düşünürəm ki, ümumiyyətlə, hadisələrin bu qədər çox paylaşılması, bu qədər çox danışılması insanlara mənfi təsir göstərir. Bu mövzuları bağlasaq daha gözəl olar, çünki insanlar hər dəfə yeni bir xəbər görürlər və yenə yada düşür. Lakin bu mövzunu xatırlamadıqca daha az yada düşür və insanlara təsir etmir. Həyatda hər şeyi idarə edə bilmərik və başımıza nə gələcək, hansı hadisələr yaşanacaq bəlli deyil”.

V.Əmiraslanova qeyd edib ki, həyatı səksəkəli yaşamağın özü belə cəhənnəmdir: “Psixoloji olaraq biz öz psixamızı qorumalı, özümüzə nəzarət etməli, düzgün qidalanmalı, təmiz havada olmalı və pozitiv işlər görməliyik. Neqativ hadisələrdən uzaq durmalıyıq ki, bu hadisələr bizə təsir etməsin. Bu, xəstəlikdirmi? İnsan öldürmək asan bir iş deyil. İnsan öldürmüşüksə burada artıq psixi problem var. Kütləvi sürətdə ölməsinin səbəbi və s. bunlar yenə də araşdırılmalıdır. Həmin halda o insanın nə düşünməsi, nə üçün etməsi bunların hamısı araşdırılmalıdır. Bunu dəfələrlə etmək, buna cəhd etmək bir psixi xəstəlikdir”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə