Uşağı çöpçüyə yoxsa həkimə aparmalı? - SORĞU

Cəmiyyət arasında fikir ayrılığına səbəb olan çöpçü mövzusu hər zaman gündəmdə olub. Əksəriyyət çöpçülərə inandığını, burnunda çöp qaldığı üçün övladının qızdırmasının qalxdığını, vəziyyətinin pisləşdiyini, həkimə müraciət etsə də bir nəticəsi olmadığını, lakin çöpçü yanına apardıqdan sonra əvvəlki sağlamlığına qovuşduğunu qeyd edir. Ölkəmizdə çöpçü peşəsi ilə fəaliyyət göstərən yüzlərlə adam var. Yalnız Azərbaycanda rast gəlinən bu peşənin işini elm hələ də öyrənə bilməyib. Bəs çöpçülərə inam nə dərəcədə doğrudur? SİA mövzu ilə bağlı sorğu keçirib.

Pediatr Amalya Muradova: “Əlbəttə ki, tibdə çöp deyə bir şeyin olduğu qəbul olunmur. Başqa ölkələrdə çöpçü yoxdur. Necə olur ki, yalnız bizim millətdə çöp olur. Çöp qəbul olunmadığı üçün narahatlıq olduğu halda həkimə müraciət etmək daha doğru olar. Valideynlərin çöp adlandırdığı əksər hallarda kəskin respirator xəstəliyin başlanğıc mərhələsi olur. Adətən valideynlər uşağı çöpçüyə apardıqdan sonra temperaturun düşmədiyini görəndə yenidən həkimə müraciət edirlər.

Çöpçülərin boğazdan nə çıxartdığına gəldikdə isə bəzən həqiqətən də inandırıcı olmayan şeylər eşidirik. Amma təbii ki, bu qəbulolunan deyil”.

Çöpçü Yeganə İsgəndərova: “Uşağa baxan kimi onda çöp qaldığını anlayıram. Çöp qalanda bəzi uşaqlarda qızdırma olur, gözləri kiçilir, qarın ağrısı, qusma müşahidə edilir. Hər uşaqda fərqli əlamətlər olur, həmin günlərdə uşaq yemək yemir.
Amma çöpçüyə gələnlərin hamısı inanmır. Gözü qarşısında çöpü çıxarandan sonra artıq inanırlar, ondan sonra əlamətləri görəndə birbaşa mənim yanıma gətirirlər. Çöp çıxan kimi uşağın temperaturu enir. Çöp nəinki uşaqlarda, hətta yaşlılarda da olur, dəfələrlə olub ki, orta yaşlı qadınlar yanıma gəlib. Uşaqların boğazından sırğa, qəpik, sümük, sap, pambıq, meyvə tumu, oyuncaqların bir hissəsini çıxartmışam.

Dəfələrlə olub ki, valideynlər son məqamda mənim yanıma gəliblər. Xəstəxanada günlərlə müalicə edilsə də uşağın temperaturu enməyib. Məni xəstəxanaya aparıblar, həkimlərin yanındaca, üfürüb çöpü çıxardan kimi temperatur enib, uşaq da bir-iki günə sağalıb. Bəzən çöp boğazda yer edir və daim həmin adamlarda çöp qalır. Yalançı çöpçülər həmin yeri silərək, bağladıqlarını deyirlər, amma bu mümkün deyil. Bəzi adamlarda isə ömründə bir dəfə qalır, yer eləmir”.

Psixoloq Taryel Faziloğlu: “Çöpçüyə inamın olması Azərbaycanda insanların tibb sahəsinə olan güvənsizliyindən qaynaqlanır. İnsanlar türkəçarəyə daha çox meyllənirlər. Daha sonra bizim insan sağlamlıq məsələsinə elə də diqqət yetirmir. Nə qədər şəxs hər 6 aydan bir ümumi tibbi yoxlamadan keçir? Azərbaycanda belələrinin sayı bir faiz varmı, yoxmu, böyük sual doğurur. Bu amillər çöpçülərin məşhur olması, varlanmasını yol açır. İnsanın çöpçüyə üz tutmasında qeyri- adi heç nə yoxdur.
Bunun qarşısını almaq olarmı?

İlk növbədə ölkədə çöpçülük və oxşar hallarla bağlı geniş, kütləvi, profilaktik informasiya tədbirləri aparılmalı, cəmiyyət məlumatlandırılmalı, psixoloji baryerləri aşmaq üçün ciddi psixoloji maarifləndirmə işləri görülməlidir. Eyni problem elə falçılarla bağlı yaşanır, onlara efirə yol açılır, bir müddət sonra heç bir təhsili olmayan birisi özünü psixoloq adlandırır. Bu tip məsələlərin həlli üçün qanunvericilikdə də dəyişikliyə ehtiyac var. Qanunda boşluq çoxdur”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə