Qız qaçırma: ADƏT, YOXSA CİNAYƏT? - ARAŞDIRMA

Hər ölkənin və bölgənin özünəməxsus ənənələri var. Bəziləri çox maraqlı səslənə bilər, çünki biz buna öyrəşməmişik. Bu maraqlı nümunələrdən biri də Qırğızıstandakı qız qaçırma ənənəsidir. Əslində qız qaçırma deyilən ənənə indi o qədər edilməsə belə bir vaxtlar Azərbaycanda da məşhur idi. Bəs, gəlin görək dünya ilə bizim qız qaçırma arasında hansı fərqlər var? Ümumiyyətlə bu düzgün addımdırmı? Qız qaçıran şəxsləri hansı cəzalar gözləyir? Bu adət, yoxsa cinayət əməlidir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bu maraqlı ənənəni başa düşmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedən adam qaçırma ənənəsini izah edib. Belə ki, qız qaçırma Qırğızıstanda illərdir davam edən evlilik üsuludur. Bu ənənə oğlanın evlənmə qərarı verdikdən sonra bir neçə dostu ilə bir araya gələrək qızı küçənin ortasında yaxalayıb qaçırması ilə başlayır. Onlar qızı qaçırdıqları kimi ailəsinin yanına gətirir və oğlanın qohumları qızı bu evliliyə razı salmağa çalışırlar.

Müsahibələrdə çoxları bu üsulla evləndiklərini deyirlər. Gəlinləri evə gətirmək və onları inandırmaq üçün lazım olan vaxt isə tam bir fəlakətdir. Qız qaçırma qanunsuz olsa da, Qırğızıstan polisinin əksəriyyəti bunun qeyri-qanuni olduğunu bilmir və bu məsələ həll olunmur. Lakin qadınlar bu ənənədən razı deyillər.

Tutaq ki, bir-birini sevən cütlük var. Belə olan halda da yenə oğlan qızı qaçırır. Lakin bu qızlar tərəfindən təhqir kimi göründüyü üçün bu ənənəni sevmirlər. Əsas məqsəd ailə qurmaq olsa da, bu ənənədən darmadağın olan ailələr də var.

Azərbaycanda qız qaçırma adəti çox məşhur olub. Bu ya ailələr izdivaca razı olmadıqda, ya da qız özü oğlanı sevmir və ona ərə getmək istəmir deyə baş tutur. Lakin Azərbaycan qanunvericiliyinə görə qız qaçırma adam oğurluğu hesab edilir və bu ənənə bu gün də qalmaqdadır.

Ölkəmizdə bəzi regionlardakı adət-ənənəyə görə qızı zorla qaçırılan ailə milli mentaliteti nəzərə alaraq hüquq-mühafizə orqanlarına şikayət etməz. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.

Araşdırmalar göstərir ki, keçmişdə çox vaxt qızın ailəsinin oğlan evindən tələb etdiyi yüksək məbləğdə “başlıq pulu”nun ödənməməsi üzündən qız qaçırmaya əl atılırdı. İndi isə ya qızın ata-anası razı olmayanda, ya da onun özü oğlanı istəməyəndə qaçırılma yoluna əl atırlar.

Araşdırmalar göstərir ki, qız qaçırma məsələsi Azərbaycan millətinin milli-mənəvi xüsusiyyətidir. Müsbət cəhətləri ilə “qaçırma” sözü rus və ya digər dillərə tərcümədə “qız oğurlama” kimi başa düşülür. Bu “oğurluq” sözü hərfi tərcümədə cinayət kimi səslənir. Yəni soyğunçuluğun oğurluq olduğu düşünüldüyündən bu mövzuda cinayət törətmiş kimi əsas qanunda əksini tapıb.

Bəs, “qız qaçırma” adəti nədən qaynaqlanır? Ömrü at belində keçən “tərəkəmə” azərbaycanlılar başqa dəstələrin qızlarına aşiq olanda oğlanlarla qızlar öz aralarında sevgi məsələsini həll edirdilər. Ağsaqqalların – ata-ana, baba-babanın buna razı olmadıqlarını gördükdə isə qızı qaçırıb gözdən itirdilər. Əksər hallarda qız qaçırmadan bir müddət sonra ailələr arasında barışıq əldə olunur. Kəndin qocaları tərəfindən qızın ailəsi razı salınır və toy edilir.

Bildiyimiz kimi, ötən gün Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən S.Kavazov barəsində cinayət işi açılıb. Zaman-zaman mətbuatda azyaşlıların evlənmək məqsədilə qaçması və ya qaçırılması barədə məlumatlarla qarşılaşırıq.

Bəs, yetkinlik yaşına çatmayan şəxsin qaçırılması qanunvericiliklə hansı məsuliyyətə səbəb olur?

Vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan Resublikasının Cinayət Məcəlləsinə əsasən adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır: “Həmin əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin qanunda belə bir istisna da var ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Habelə burada müəyyən etmək lazımdır ki, qaçırılması iddia edilən şəxs həqiqətən qaçırılıb, yoxsa öz razılığı və azad iradəsi ilə həmin şəxslə birlikdə gedib. Vətəndaşlar bilməlidir ki, qızla ailə qurmaq məqsədilə onun qaçırılması, yəni el arasındakı adı ilə “qızqaçırtma” əgər qadının könüllü razılığı olmadan və onun iradəsi ziddinə baş verirsə, bu, adam oğurluğu cinayəti sayılır və qız qaçıran şəxsi ağır cəzalar gözləyir.

Bəzən belə də olur ki, qız əvvəlcə öz istəyi ilə qaçır. Lakin sonradan istintaq orqanında ifadə zamanı obyektiv və subyektiv səbəblərdən - məsələn, atasının və qohumlarının basqısından dolayı zorla qaçırıldığını bildirir. Bu zaman qızı qaçıran oğlan olduqca pis vəziyyətdə qalır və əlində qızın könüllü qaçdığına dair sübut yoxdursa, həmin qaçıran şəxsi çox çətin günlər gözləyir. Yəni qızın qaçmağa razılıq verməsi hələ qızın fikrini dəyişməyəcəyi anlamına gəlmir. Amma Tovuzda baş vermiş olay bir az fərqlidir. Belə ki, qızın cəmi 13 yaşı var. Heç bir səbəb 13 yaşlı qızın 40 yaşlı şəxs tərəfindən aparılmasına, təşviq edərək yanına çağırmasına əsas ola bilməz. Ailə Məcəlləsində nikah yaşı 18 yaş qeyd olunub. Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun isə 40-dan çox yaşı var və ailəlidir. Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır. Yəni, burada əsaslı şübhələr var və hüquq mühafizə orqanları tərəfindən baş verən bu hadisə çox ciddi araşdırılmalıdır”.

Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “ Yəni qız oğlanla könüllü getmiş, lakin qızın 16 yaşı tamam olmamışdırsa, bu zaman da qızı könüllü qaçıran şəxsi cinayət məsuliyyəti gözləyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə