Xərçəngi orucla sağaltmaq mümkündür? - MÜSAHİBƏ

Həkim fitoterapevt Sadiq Salaminin SİA-ya müsahibəsini təqdim edirik:

- Kimlər oruc tuta bilər?

- Uşaqlar və yaşı 70-dən yuxarı olan insanlar oruc tutmaya bilərlər. Yəni, bu insanlar oruc tutmasa, günah sayılmır. Elə xəstələr var ki, onlar yemək yemədikdə vəziyyəti ağırlaşa bilər. Həmin xəstələrə oruc tutmaq olmaz. Eyni zamanda, hamilə qadınlar və südverən analar oruc tutmamalıdır. Doğrudur, indi Ramazan ayı isti havalara təsadüf etmir, amma havaların isti keçdiyi vaxtlarda açıq hava şəraitində işləyən şəxslərin də oruc tutması vacib deyil. Bundan əlavə olaraq ruhi xəstələr orucun nə olduğunu dərk etmədiyi üçün tutmaq vacib deyil.

- Bəzən oruc tutan şəxslər gün ərzində əsəbi və gərgin olurlar. Belə insanların oruc tutması nə dərəcədə doğrudur?

- Əslində, biz adi vaxtda ac qalanda əsəbi, eqoist oluruq, hamını acılayırıq. Ancaq Ramazan ayında oruc tutanda əsəblər sakitləşir, stress azalır. Oruc tutub gərginlik keçirən, camaatı acılayanlar doğru etmir, günah qazanır. Ramazan ayında insanlar bir-biri ilə xoş danışmalı, təbəssüm hədiyə etməlidir. O təbəssüm bir sədəqədir.

- Bəs, iftarda və imsakda necə qidalanmalıyıq?

- İlk növbədə imsakda və iftarda kifayət qədər su içmək lazımdır. Doğrudur, imsak zamanı lazım olan qədər su içə bilmirik. Ona görə ayran, Məkkəgülü bitkisi çayını istehlak etmək məqsədəuyğundur. Məkkəgülü bitkisi qanı sulandırır və gün ərzində susuzluğu aradan qaldırır.

- Mədə xəstəliyi olan adam oruc tuta bilərmi?

- Bəzi şərtlərə əməl etməklə mədə xəstəliyi olan adam da oruc tuta bilər. Bunlar hansı şərtlərdir; məsələn, imsakda bir qaşıq ya zeytun yağı, ya dazıotu yağından içməli, daha sonra isə yeməyini yeyib oruc tuta bilər. İftarda da nanə və ya yarpız çayı içməyi məsləhətlidir. Bu zaman gün ərzində mədəsi o insana əziyyət verməyəcək. Əgər mədədə xora varsa, yemək yemədikdə xoranın üstü açıla və fəsad verə bilər. Ona görə də mədəsində xora olan xəstələr öz həkimləri ilə məsləhətləşdikdən sonra oruc tuta bilərlər.

- Sizcə, dərmanlarla müalicə xəstəliyi daha tez aradan qaldırır yoxsa təbii otlarla?

- Dərmanlarla müalicə biraz tez təsir edir. Amma bitkilərlə müalicə gec təsir etsə də, təsiri uzun müddət davam edir. Məsələn, dərmanla müalicənin təsiri 1 aya keçirsə, bitki müalicəsi 3 aya təsir etsə də, müddəti 6 ay çəkir. Yəni, xəstə altı aydan bir müalicə olunsa, kifayət edir. Amma elə bitkilər var ki, onu həmişə içmək lazım gəlir. Təbii ki, hər gün bitkini içmək dərman içməkdən daha yaxşıdır. Dərmanlar ola bilsin ki, orqanizmdə müəyyən fəsadlar yarada bilər, amma bitkinin heç bir zərəri yoxdur.

- Artıq demək olar ki, hər 10 nəfərdən 4-5-i şəkər xəstəsidir. Bu xəstəliyin tam olaraq müalicəsi varmı?

- İslamı qəbul etmiş amerikalı bir alim deyir ki, biz oruc tutanda ilk 10 gün ərzində orqanizmimizin 10%-i təmizlənir. İkinci 10 gün ərzində 66%, növbəti 10 gün ərzində isə bütün orqanizm tamamilə təmizlənmiş və yenilənmiş olur. Şəkər xəstəliyi də təmizlənməyə daxildir. Onsuzda şəkər xəstələrinə hər şey istehlak etmək olmaz. Onlar ömür boyu pəhrizdədilər. Oruc tutmağın onlara köməyi ola bilər. Doğrudur, pəhrizlə orucun fərqi çoxdur. Orucu pəhriz məqsədilə tutmaq olmaz. Orucu Allaha ibadət üçün tuturuq. Allah buyurur ki, başqa bütün ibadətlər insanın özü, oruc isə mənim üçündür və onun mükafatını da özüm verəcəm. Əlbəttə ki, şəkər xəstəliyinin pəhrizlə və təbii bitkilərlə müalicəsi var.

- Oruc tutmaq hansı xəstəlikləri müalicə edir?

- Əslində, xüsusi olaraq oruc hansısa xəstəliyi müalicə etmir. Biz orucu sağlamlıq üçün tutmuruq. Oruc vacib ibadətdir və biz onu yerinə yetirməliyik. Bir aylıq orucluqdan sonra orqanizm demək olar ki, tamamilə təzələnir, çəkimiz azalır, bədənimiz toksinlərdən təmizlənir. Elm sübut edir ki, orucluqda immunitet 10 dəfə qalxır. İmmuniteti möhkəm olan adamlar da xəstəliyə daha tez qalib gələ bilir. Eyni zamanda, orucluq zamanı əhvalımız yüksək olduğu üçün insan asanlıqla xəstəlik tutmur. Oruc tutmayan adamlarda mədə fasiləsiz işləyir. Daha sonra isə mədə özünə istirahət götürür, yəni xəstələnir. Mədə xəstəliyinin qarşısını almaq üçün də elə oruc tutmaq vacibdir.

- Xərçəngi orucla sağaltmaq mümkündürmü?

- Orucluq zamanı hüceyrələr ac qalır. Sağlam hüceyrələr xəstə hüceyrələri yeyir. O xəstə hüceyrələrin arasında xərçəng hüceyrələri də yer tutur. Beləliklə, oruc tutaraq xərçəngdən də qurtulmaq olar. Amma adi halda oruc tutmayaraq da xərçəngdən qurtulmaq mümkündür. Bunun üçün ilk növbədə pəhriz saxlamaq lazımdır. Meyvə şirələrindəən hökmən istifadə etməlidirlər. Gündə bir dəfə 1 stəkan kök şirəsinə 1 çay qaşığı qara zirə yağı əlavə edib içmək xərçəng xəstələri üçün çox vacibdir. Xərçəng xəstələri cücərmiş buğda da yeyə bilərlər. Bu da xərçəng xəstəliyinin müalicəsində mühüm təsir göstərir

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə