Çulpan getməyinə peşiman-filan deyil...

...İndi də başlayıblar onun-bunun pulunu saymağa.

Deməli, rus saytları bir müddət bundan əvvəl bəzi həmkarları kimi Rusiyadan gedib Latviyada məskunlaşan Çulpan Xamatova, dəqiq desək onun aylıq qazancı barədə yazıblar.

Yenə də deməli, yazırlar ki, Yeni Riqa Teatrının aktrisası olan Çulpan Xamatova bu günlərdə heyətə daxil edilib.

...Bu o deməkdir ki, ona hər tamaşaya görə ayrıca maaş verilmir. Müqavilədə aktrisanın aylıq qonorarının məbləği açıq-aydın göstərilib - 800 avro. Bu məbləğə tamaşalarda iştirak üçün kiçik ödənişlər əlavə edilir. Nə təcrübə, nə də populyarlıq Xamatovanın qazancına heç bir şəkildə təsir etmir. Orta hesabla, aktrisa ayda 1200 avro qazanır.

Rus saytlarının yazdığına görə, amma Çulpan Xamatova Moskvada “Sovremennik”də işləyəndə ayda 210-230 min rubl maaş və əlavə olaraq kənar teatrlardan, film çəkilişlərindən də “çak-çuku” olurmuş.

Başa düşmək olmur ki, ruslar bununla nə demək istəyirlər. Əslinə, qalsa Çulpan Xamatova bu gün şəxsən elə mənim üçün də vaxtilə erməni filminə çəkilmək üçün razılıq verdiyinə görə heç bir önəm kəsb eləmir.

Amma mən belə başa düşürəm ki, rus saytlarının rus öxucusuna çatdırmaq istəyirlər ki, bu gün Xamatovanın Rusiyadan fərqli olaraq xüsusi icazə olmadan əlavə pul qazanmaq hüququ yoxdur və Latviya hakimiyyəti də ona belə icazə verməyə də tələsmir.

Deyim ki, biləsiniz, bu gün az maaşa qane olan Çulpan Xamatova Rusiyadan getməyinə peşiman-filan deyil....

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə