Ülvira ilk əməliyyatından danışdı FOTO

Aparıcı Ülvira Qarayeva estetik əməliyyatlardan öncəki fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, aparıcı sözügedən şəklini "Facebook" səhifəsində yayımlayaraq ilk dəyişimindən bəhs edib: "İlk plastik əməliyyatımı hələ məşhur evlilik verilişim efirdə olanda etdirdim. Atadanqalma bir estetik qüsurum vardı, iltifat eləmək istəyənlər ikiüzlücə yalan danışardı - yox, bu, səni korlamır, heç görünmür, nə bilim nə... Özüm kor deyildim, gözlərim var idi, altında da tünd tuluqlar. Efirdən əvvəl ha özünə əl qat, ha qrimçi bir ton tonal krem, üstündən açıq rəngli pudra çəksin - xeyri yox idi, hirsli üz ifadəsi məni tərk etmirdi.

O vaxtlar yaxın dostluq etdiyim, sonradan yollarımız ayrılan bir rəfiqəm bu dözülməz problemi aradan qaldırmaq üçün məni tanış həkiminin yanına apardı. Özü həmin həkimin əlinin altında bir neçə dəfə sağ-salamat yatıb-durmuşdu. Rəfiqəm mənə başdan demişdi ki, bu əməliyyat ümumi narkozsuz olur. Nə isə ki, həyatımda ilk dəfə, özü də könüllü şəkildə əməliyyata girdim. Gülməli çiçəkli xalatı geyindim, keçib əməliyyat masasına uzandım. Üz nayihəsinə iynə vurmaqla əksər müasir xanımlar kimi məni də qorxutmaq mümkün deyildi - mezo və biopolimer əməlli təcrümə olmuşdu. Həkim az gülümsəyirdi, həkimlərə xas yumşaq, amma zabitəli tərzdə danışırdı. Eyni təmkinli, etirazlara dözməyən səslə əməliyyatın bitdiyini dedi. Koridorda məni anam, həmin rəfiqəm və artıq 10 ilə yaxındı Türkiyəyə köçən dostum gözləyirdi. Əməliyyatdan İlhamə Quliyeva özgüvəni ilə çıxmışdım, amma üzüm eyni özgüvəni haqq etmirdi - kirpiklərin dibində tikanlanan saplar, həkimin göy markerlə çəkdiyi xəttlər məni model görünüşündən daha da uzaqlaşdırmışdı.

Evdə bir neçə gün tikişləri mazla yumşaltdım və vaxtı çatanda onları açdırmağa getdim. Əməliyyat cümə günü axşam efirdən sonra idi, birinci gün mən sağ-salamat efirə çıxdım. Düzdü, hər gün evdən çıxmazdan əvvəl tikişlərin uzanan saplarını kəsib, qısaltmaqla məşğul idim. Qrimçi isə onları tamamilə görünməz edirdi. Bu, mənim ilk və çox bəyəndiyim dəyişimim oldu, cizgilərim və baxışım yumşaldı. Amma həkimlə son görüşüm deyildi, hələ çox əlinə düşəcəkdim".

Bütün xəbərlər Facebook səhifəmizdə