Cənubi Qafqazda sülh erasına doğru: Avropa İttifaqı və Şarl Mişel reallığında ANALİTİK+AKTUAL

Ermənistan zaman-zaman öz bəd, uğursuz niyyətlərindən və oriyentasiya dəyişkənliyindən əl çəkməli, yekun qərarların verilməsində öz gündəliyini (əgər varsa!) açıq şəkildə elan etməlidir!

Cənubi Qafqazda sülh erasının əldə olunması istiqamətində Avropa İttifaqının, xüsusilə Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi uzun müddətdir ki, öz aktuallığını, həmçinin əhəmiyyətini qoruyub-saxlamaqdadır. Əbəs deyil ki, məhz Şarl Mişelin hazırkı dövrə qədər göstərdiyi ardıcıl səyləri, eləcə də Azərbaycan və Ermənistan liderləri arasında mütəmadi görüşlər təşkil etməsi bir sıra ilkin razılaşmaların əldə edilməsinə zəminlər yaradıb. Söz yox ki, rəsmi Bakı daim öz vədinə və verdiyi sözünə əməl etməsi ilə yanaşı, həm də regionda uzunmüddətli sülhün əldə olunması istiqamətində öz səylərini əməli şəkildə isbatlayır.

Aİ Şurasının Prezidenti Şarl Mişel qarşısına qoyduğu vasitəçilik missiyasının tam olaraq uğurla başa çatdırılması yönündə qətiyyətli səylərini bu gün də nümayiş etdirməkdədir

Lakin təəssüf ki, rəsmi İrəvan haqqında bunu demək olmur. Hətta Ermənistan rəhbərliyinin zaman-zaman Avropa İttifaqını, eləcə də bu qurumun Şura rəhbərini hədəfə alması İrəvanın normal danışıqlar mühitindən nə qədər uzaq dayandığını sərgiləyir. Misal üçün, oktyabrın 3-də Brüsseldə - NATO-nun mənzil qərargahında görüşlər keçirən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həm Avropa İttifaqına, həm də Aİ Şurasının Prezidenti Şarl Mişelə qarşı hədsiz, məntiqsiz və əsassız ittihamlar yağdırması ilə “siyasi oriyentasiyasına” ümumiyyətlə sahib ola bilmədiyini göstərdi, hətta heç bir diplomatik dəyərlərə sığmayan ifadələri ilə ölkəsinin Aİ kontekstində keçirilən görüşlərdə iştirak etmək istəməməsi görüntüsünü dolayısı ilə nümayiş etdirdi, Aİ-ni “dişsiz”, Aİ Şurasının rəhbərini isə “bankrotlaşmış” adlandırdı (?!) Təbii ki, bu cür yanaşmadan sonra Ermənistanın sülh prosesini uzatması faktı bir daha özünü bütün çılpaqlığı ilə təsdiq edir. Ancaq hər şeyə rəğmən, Aİ Şurasının Prezidenti Şarl Mişel qarşısına qoyduğu vasitəçilik missiyasının tam olaraq uğurla başa çatdırılması yönündə qətiyyətli səylərini bu gün də nümayiş etdirməkdədir.

Gələn ay Brüsseldə növbəti görüşün keçirilməsi planlaşdırılır və bu baxımdan, noyabr görüşünün gündəliyi də əsas müzakirə predmeti olaraq saxlanılıb

Lakin Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi Aİ Şurasının Prezidentinin təkliflərini və vasitəçilik missiyalarını yüksək dəyərləndirir, sülh prosesinin tezliklə həyata keçirilməsi yönündə dəstəyini ifadə edir. Məhz bu dəfə də rəsmi Bakı öz etibarlılıq prinsipinə sadiq qaldı və artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərini reallaşdırdı.

Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib, Azərbaycanın Brüssel formatını dəstəklədiyini vurğulayıb!

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü baş tutdu. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş daha əvvəlki görüşlərin əhəmiyyəti qeyd olunub, eləcə də Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib, ölkə başçımız Azərbaycanın Brüssel formatını dəstəklədiyini vurğulayıb. Onu da qeyd edək ki, gələn ay Brüsseldə növbəti görüşün keçirilməsi planlaşdırılır və bu baxımdan, noyabr görüşünün gündəliyi də əsas müzakirə predmeti olaraq saxlanılıb.

2021-ci ilin 18 iyul tarixində Bakıda səfərdə olan Aİ Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istədiklərini xüsusilə vurğulamışdı

Bu reallıq həm də onu göstərir ki, Azərbaycanın Avropa İttifaqı ilə sıx münasibətləri həm də tərəfdaşlıq əlaqələrinin perspektivləri istiqamətindəki optimal yanaşmasını şərtləndirir. Söz yox ki, bu kimi münbit əməkdaşlığın təməlində Azərbaycanın Avropa məkanının etibarlı enerji təminatçısı olması ilə yanaşı, həm də vədinə sadiqlik faktoru dayanır. Əbəs deyil ki, hələ 2021-ci ilin 18 iyul tarixində Bakıda səfərdə olan Aİ Şurasinin prezidenti Şarl Mişel Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istədiklərini xüsusilə vurğulamışdı. “Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır”, deyə Bakıda səfərdə olmuş Aİ Şurasının Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı vurğulamışdı.

Aİ Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün yaranmasından sonra əməkdaşlıq trayektoriyasını daha da genişləndirmək və strateji səviyyəyə yüksəltmək niyyətindədir və bu niyyətin realizəsi üçün Azərbaycan ən etibarlı ölkə olaraq dəyərləndirilir

Beləliklə, biz bu kimi yanaşmalardan həm də belə bir nəticə hasil edə bilərik ki, Aİ danışıqların baş tutması yönündə və təşkilində aparıcı rol alması ilə yanaşı, həm də Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün yaranmasından sonra əməkdaşlıq trayektoriyasını daha da genişləndirmək və strateji səviyyəyə yüksəltmək niyyətindədir və bu niyyətin realizəsi üçün Azərbaycan ən etibarlı ölkə olaraq dəyərləndirilir.

Regionumuzda inkişaf və tərəqqinin əldə edilməsi üçün isə Ermənistan zaman-zaman öz bəd, uğursuz niyyətlərindən və oriyentasiya dəyişkənliyindən əl çəkməli, yekun qərarların verilməsində öz gündəliyini (əgər varsa!) açıq şəkildə elan etməlidir. Bu baxımdan, Prezident İlham Əliyevin Nikol Paşinyanla dördtərəfli formatda görüşünün əsas vasitəçisinin məhz Şarl Mişelin olması, bu məsələdə aparıcı rolun Aİ oynanılması əhəmiyyətli amillərdən biridir. Eləcə də, Azərbaycan Prezidenti İlham Əliyevin bundan əvvəl Şarl Mişellə 4 görüş keçirməsinin və bir sıra mühüm məsələlərlə bağlı fikir mübadilələri aparmasının də əsasında sülh gündəminin qısa müddətdə əldə edilməsi dayanmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə