Heydər Əliyev – dövlətçilik irsimiz üçün müstəsna xəzinə!

Hər bir xalqın taleyində, onun həyatında müstəsna rol oynayan, tarixin ən çətin sınaqlarında mayak kimi gələcəyə parlaq işıq saçan tarixi şəxsiyyətlər olub. Bu tarixi şəxsiyyətlər həm də bir xalqın qürur salnaməsidir. Onlar heç vaxt unudulmur, işıqlı ideyaları bütöv bir xalqın nicat yolu olur. Ulu öndər Heydər Əliyev də bu mənada Azərbaycan xalqı üçün, müasir Azərbaycan dövləti üçün, ən əsas da gələcək AZƏRBAYCANLILAR üçün əsl işıqlı mayakdır. Bu gün müzəffər Ali Baş Komandan, doğma Qarabağı düz 30 ildən sonra düşmən işğalından azad edib doğma Azərbaycana birləşdirən, bununla da adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyev, həm Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, həm də böyük tarixi missiyanı əzəmətli zəfərlə taclandırdı.

Heydər Əliyev: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır”

Heç şübhəsiz, tarixən hər bir müstəqil dövlətin yaranmasını, inkişafını, möhkəmlənməsini və davamlı olmasını digər tarixi-siyasi səbəblərlə yanaşı, xalqı bu dövlətin ətrafında birləşdirəcək güclü ideyanın olması da şərtləndirir. Əgər hər hansı siyasi-ictimai, yaxud təbiət hadisələri qısa müddətdə insanları bir yerə toplayırsa, fərdin enerjisini kütlənin, bəzən də millətin enerjisinə çevirə bilirsə, həmin faktor aradan qalxdıqdan sonra toplumu birləşdirən yeni ideya olmasa, yaranmış birlik öz-özünə dağılacaq, bəzi hallarda isə yeni dağıntılara səbəb olacaq.

Müstəqil dövlətçiliyimizin tarixinə nəzər salaq: 1988-1990-cı illərdə milyonlarla insanı günlərlə bəzən ac-susuz, şaxtada, qara-yağışa baxmadan Azadlıq meydanına toplayan nə idi? Bu sualın yalnız bir cavabı var: azadlıq və müstəqillik arzusu. Bu arzu ideyaya çevrilə bildimi? Milləti uzun illər öz ətrafında birləşdirəcək, onun ölçüyəgəlməz gücə malik enerjisini vahid məqsədə yönəltmək mümkün oldumu? Niyə 1990-cı ilin yanvarında tankın-topun, avtomatın-pulemyotun qarşısına əliyalın çıxan insanlar müstəqillik əldə ediləndən bir az sonra - 1993-cü ilin iyununda birləşib qiyamçı dəstəyə qarşı çıxmadılar? Cəmi bir il sonra isə təxminən eyni situasiyada, 1994-cü ilin 4 oktyabr gecəsində ulu öndər Heydər Əliyevin çağırışı ilə yüz minlərlə insan Prezident sarayının ətrafına toplaşdı. Bir il öncə saraya yaxın getməyən toplumun öz Prezidentini və müstəqil dövlətini müdafiə etməsinin səbəbi nə idi? Heç şübhəsiz ki, burada şəxsiyyətin rolu danılmazdır, amma fikrimcə, insanları təhlükə anında birləşdirən ən başlıca səbəb ideya idi, milli ideya, milli dövləti və həm də milli "mən"ini qoruyub saxlamağın vacibliyini fərdə anlatmış böyük toplayıcı gücə malik dəyər...

Böyük dövlətçilik təcrübəsi və istedadına malik ümummilli lider Heydər Əliyev aydın dərk edirdi ki, gənc və gücsüz, təcrübəsiz və müharibə aparan müstəqil Azərbaycanı bir dövlət kimi qurmaq, ayağa qaldırmaq, yaşatmaq, möhkəmləndirmək və qüdrətləndirmək üçün bütün vətəndaşların ümumi bir məqsəd ətrafında birləşməsi gərəkdir. Artıq özünü bir millət kimi dərk etmiş, azadlığın və müstəqilliyin şirin tamını dadmış xalqı öz dövləti ətrafında yalnız milli ideya birləşdirə bilərdi. Xüsusən, Azərbaycan kimi müstəqilliyini yeni qazanmış, bir ictimai-siyasi quruluşdan yenisinə keçən, iqtisadi-hüquqi əsasları tamamilə başqa təməllər üzərində qurulacaq dövləti möhkəmləndirmək üçün vətəndaşların bir məqsəd, bir amal uğrunda birləşməsini təmin edən mütərəqqi milli ideyanın olması çox vacib idi. Bu milli ideyanın yaranması və inkişafı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında tarixi xidmətləridir.

Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, həm də təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları bir məqsəd - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bildi. Ümummilli lider Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Heydər Əliyevin azərbaycançılıq ideyası- milli-mənəvi dəyərlərə sadiqlik!

Ümummilli lider Heydər Əliyev banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümü ilə əlaqədar keçirilən təntənəli yığıncaqda milli ideologiyanın təyinatı və tərkib hissələri barədə öz konseptual fikirlərini çox gözəl ifadə edib: "Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmlətməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Heydər Əliyevin azərbaycançılıq ideyasının ikinci qanadı milli-mənəvi dəyərlərə sadiqlikdir. Ulu öndər milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. Heydər Əliyev öyrədirdi ki, əgər xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli-mənəvi dəyərlərinə söykənməlidir. Milli-mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzunömürlü ola bilməz.

Heydər Əliyev: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir”

Əsasən də milli-mənəvi dəyərlərimiz ümummilli lider Heydər Əliyev tərəfindən həm onun rəhbərliyinin sovet dönəmində, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmiş, həmişə uca tutulmuşdur. Heydər Əliyev xalqın mənəvi yaddaşının qorunması və zənginləşməsi üçün fərman və sərəncamlar vermiş, əməli işlər görmüşdür.

Dilimizin son 40-50 ildəki inkişafı, onun dövlət dili, hüquq, siyasət, elm, diplomatiya dili səviyyəsinə qalxması ümummilli lider Heydər Əliyevin ana dilimizə qayğısı və xidmətləri ilə bağlıdır. Məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması müddəası salındı. İndi bu sözləri yazmaq və söyləmək çox asandır, o zaman isə Ümumittifaq dövlətinin rus şovinizmi basqısı altında bu işləri görmək böyük cəsarət və siyasi müdriklik tələb edirdi. Dilin xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətini vurğulayan Heydər Əliyev deyirdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".

Heydər Əliyev irsini tarixi zəfərlərlə taclandıran müzəffər lider!


2003-cü il oktyabrın 1-də Ulu Öndər Azərbaycan xalqına müraciətində möhtərəm Prezidentimiz İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi. Həmin vaxtdan bu günə qədər xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur.

2020 –ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu, real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kapitulyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən tapdağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cıgirlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qüdrətli Ali Baş Komandan İlham Əliyev ”Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”-deyə kövrək hisslərini və duyğularını Azərbaycan xalqı ilə bölüşdü.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyev ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev irsi qalib gəlir, Heydər Əliyev irsi ƏBƏDİYAŞARDIR!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə