"Paşinyan ənənəsinə sadiq qalaraq Azərbaycanı hədəf alan açıqlamalarla çıxış edəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Paşinyanın ABŞ-a səfəri BMT Baş Assambleyasının 77-ci sessiyası ilə əlaqədardır. Həmin sessiyada Paşinyanın da çıxışı nəzərdə tutulub. Düşünürəm ki, Paşinyan yenə ənənəsinə sadiq qalaraq öz çıxışında Azərbaycanı hədəf alan açıqlamalarla çıxış edəcək və bir müddət öncə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri zamanı görüşdəki ittihamları təkrar edəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinə mina basdırılması ilə təxribatlara əl atan Ermənistanın Azərbaycanı hədəf alan bəyanatlarla nəyəsə nail olacağı isə imkansızdır: "Belə ki, bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurası Fransanın təşəbbüsü ilə artıq baş verən son toqquşmaları müzakirə edib və tərəflərə müraciətində də sülhün vacibliyi ilə bağlı mövqeyini ortaya qoyub. Azərbaycan onsuz da hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsilə təsdiq edib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Məhz elə sülhə hazır olmağımızın nəticəsidir ki, bu gün masada olan və müzakirə olunan sülh gündəliyi Azərbaycanın təklif etdiyi beş baza prinsip əsasında formalaşır. Elə avqustun sonunda Brüsseldə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə də sülh sazişinin imzalanması ilə bağlı işlərə başlanılmasına dair təklif bizim təklifimizdir və Azərbaycan olaraq hesab edirik ki, tərəflər arasında sülh sazişi imzalanmadan nəinki iki dövlət arasında ümumiyyətlə Cənubi Qafqazda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq mümkün deyil.

Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycanın sülhə hazır olması ilə bağlı mövqe sentyabrın 19 Azərbaycan XİN-i Ceyhun Bayramovun Nyu-Yorkda ABŞ dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri ilə keçirdiyi görüşdə bir daha ifadə olunub. Ermənistanın təxribatlarına və nəticədə atəşkəsin pozulmasına baxmayaraq, Azərbaycan tərəfi sülhlə bağlı sadiqliyimizi həmin görüşdə bir daha nümayiş etdirdi və bu mövqe ABŞ tərəfindən də yüksək qiymətləndirildi. ABŞ Dövlət Departamentinin də açıqlamasında da sülhlə bağlı danışıqların davam etdirilməsinin vacibliyi qeyd olundu".

Politoloq həmçinin bildirib ki, Azərbaycan tərəfinin sülh prossesinə hazırlığı halında Ermənistanın davamlı təxribatlara getməsi isə təbii ki sülh prosesini pozur: "Yuxarıda da qeyd etdiyim kimi, son Brüssel görüşündə hər iki dövlətin XİN-nin sentyabrın sonun qədər sülh sazişinin mətnini hazırlamaq üçün görüşməsi qərara alınmışdır. Amma mən tamamilə əminəm ki, Ermənistan yenə bir bəhanə ilə çıxış edib həmin görüşdə iştirakdan imtina edəcək.

Ermənistan ABŞ-a yaxınlaşmasına gəldikdə isə, əslində, burada yeni bir şey yoxdur. Paşinyanın onu hakimiyyətə gətirən qüvvələrin qarşısında konkret öhdəliyi var və həmin öhdəlikdə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılmasını ehtiva edir. Bu mövqe Paşinyanın seçkiqabağı çıxışlarında da əks olunurdu. Lakin Paşinyan hakimiyyətə gəldikdən sonra ölkənin Rusiyadan asılılığının səviyyəsini görərək konkret addımlar atmaqdan çəkindi. Onun son hadisələr zamanı rədd cavabını bilə-bilə Rusiyaya və KTMT-yə müraciət etməsinin də altında məhz ictimai rəydə Rusiyanın mövqelərinin zəiflətmək istəyi dayanır. Başqa sözlə desək Paşinyan bir tərəfdən tədricən də olsa ABŞ-ın diqtəsini yerinə yetirir, ikinci bir tərəfdən isə Rusiyanın Ermənistandakı tərəfdarlarının, yəni Koçaryan və Sarkisyan timsalında müxalifətin mövqelərini zəiflədir.

Bu prossesin Azərbaycanla aparılan danışıqlara hər hansı təsiri ola bilərmi? Düşünürəm ki, yox. Xatırlayırsınızsa, məhz Ermənistan Rusiyanın vasitəçiliyi aparılan danışıqlarda rəsmi Moskvadan dəstək ala bilmədiyi üçün danışıqların Brüssel formatına keçməsi üçün əlindən gələni etdi. İndi bir ildir ki, Moskvayla yanaşı Avropa İttifaqı da vasitəçi qismində çıxış edir. Ermənistan isə bu formatda da hər hansı dəstək görmədiyi üçün indi danışıqları ABŞ vasitəçiliyi ilə davam etdirməyə çalışır. Amma bir şeyi nəzərə almır ki, kimin vasitəçiliyindən asılı olmayaraq aparılan danışıqlarda sıfır nöqtəsinə qayıtmaq mümkün deyil. Necə ki, Avropa İttifaqı danışıqlar prossesində 10 niyabr üçtərəfli bəyanatını əsas götürərək onu bir az da inkişaf etdirdi, indi ABŞ da əgər vasitəçilik missiyası ilə çıxış edəcəksə həm üçtərəfli bəyanatı, həm də ondan sonra Brüsseldə razılaşdırılmış bəyanatları əsas götürərək prosesi davam etdirəcək. Əvvəlki razılaşmalar isə məlumdur, erməni hərbi birləşmələri Qarabağdan çıxarır, nəqliyyat kommunikasiya dəhlizləri açılır, sərhədlərin delimitasiya və demorkasiyası həyata keçirilir və s".

"Odur ki, bunları nəzərə alaraq Ermənistanın ABŞ-a yaxınlaşmasının bizə hər hansı ziyanı olacağını düşünmürəm. Necə ki, Rusiyanın dostu olmaq onları 44 günlük məğlubiyyətdən qurtarmadı, eləcə də ABŞ-ın qucağında oturmaq da onlara hər hansı üstünlük verməyəcək, əksinə vəziyyətləri biraz da gərginləşəcək. Çünki yuxarıda da qeyd etdiyim kimi, Ermənistan istər hərbi, istəq iqtisadi, istər təhlükəsizlik, istər nəqliyyat, istər qaz, işıq və qida baxımından Rusiyadan o səviyyədə asılıdır ki, bu gün Rusiyaya arxa çevirmək bu ölkənin iflası ilə nəticələnə bilər",- deyə politoloq bildirdi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə