Ermənilər ekoloji terror törədirlər AÇIQLAMA

“Üçtərəfli birgə bəyanatın 6-cı maddəsinə uyğun olaraq Laçın şəhərinin mərkəzi Azərbaycana təhvil verilməli və Laçın şəhərinə daxil olmadan alternativ yol üzərində humanitar məqsədlərlə nəqliyyat əlaqəsinin qurulması nəzərdə tutulur”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi üçtərəfli birgə bəyanatda qeyd olunan zamanın tam yarı hissəsində, yəni il yarım zaman kəsiyində alternativ yolu inşa edərək istifadəyə verib: “Hazırda avqust ayının sonuna qədər Laçın şəhərinin mərkəzi Zabux və Sus kəndləri tam boşaldılmalı və həmin yol üzərinə rus sülhməramlıları dislokasiya olunmalıdır. Bu, Azərbaycanın qətiyyəti, prinsipiallığı və siyasi iradəsi kimi qiymətləndirilsə də, təəssüflər olsun ki, ermənilər öz xislətlərinə sadiq qalaraq tərk etdikləri bütün ərazilərə od vurmaqla məşğuldurlar. Təqribən il yarım öncə də Laçın və Kəlbəcərdə analoji hadisələrin şahidi olmuşuq və ermənilər azərbaycanlıların tikdikləri evlərə od vururdu, ağacları kəsirdi, mal-qaranı tələf edirdi və maksimum dərəcədə ekoloji terrorla məşğul olurdular. Ona görə də, hazırda cərəyan edən proseslərdə biz həm də mənfur erməni düşüncəsini və xislətini də xüsusi vurğu ilə qeyd etməliyik. Ermənilər əllərinə düşdüyü fürsətdə türklərə qarşı nifrətlərinin olduğunu büruzə verirlər. Bu gün Cənubi Qafqazda sülh quruculuğu etimad atmosferinin daha da yüksəldilməsi istiqamətində danışıqlar və təmaslar həyata keçirilsə də, biz görürük ki, hələ də türklərə qarşı nifrət ermənilər arasında çox güclüdür”.

İ.Hüseynov onu da bildirdi ki, Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüslə çıxış etmişdir, lakin buna rəğmən ermənilər bütün əraziləri yandıraraq sülh təşəbbüslərini də kölgə altında qoymağa çalışırlar: “Buna görə də, erməni düşüncəsi və erməni təfəkkürü hər zaman revanşizm və ərazi iddiaları irəli sürməklə nəzərə çarpır və bu da çox təhlükəli tendensiyadan xəbər verməklə regional təhlükəsizliyi də təhdid altında qoyur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə